Məhkəmə qərarları › İş №2-1(104)-231/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-231/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-231/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-291/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, Goranboy rayon Dövlət Arxivinin 24 sentyabr 2018-ci il tarixli, 163 nömrəli arxiv arayışının surətinə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildiyi halda sığorta stajına daxil edilə bilər), 02 dekabr 1988-ci il tarixli qərardadının surətinə və SHXÇDX-nin Goranboy rayon şöbəsinin 07 may 2018-ci il tarixli, 217 saylı arayışına əsasən İddiaçı sığorta stajı 7 il 5 ay olmaqla tələb olunan müddətdən 25 ildən) azdır. Eyni zamanda pensiya yaşı tamam olan 2017-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən pensiya kapitalı 2734,08 manat olmaqla tələb olunan 23040 manat kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesbaın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 217 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.

3. Goranboy rayon Dövlət Arxivinin 24 sentyabr 2018-ci il tarixli, 168 nömrəli arxiv arayışına əsasən, iddiaçının faktiki əmək günü 1973-cü ildə 298 gün, 1976-cı ildə 31 gün, 1977-ci ildə 152 gün, 1978-ci ildə 41 gün, 1979- cu ildə 72 gün, 1980-ci ildə 91 gün, 1982ci ildə 129 gün, 1983-cü ildə 197 gün, 1988-ci ildə 76 gün, 1989-cu ildə 175 gün, 1990-cı ildə 54 gün və 1991-ci ildə 84 gün olmuşdur.

4. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 168 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1973, 1976-1980, 1982- 1983, 1988-1991-ci illərdə Fəxralı kolxozunda işləmişdir.

5. X3 Ust-Vımskı rayon xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli qərardadından görünür ki, İddiaçı RSFSR CM-in 15-154 mad. 3 his ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məskunlaşmış məntəqəsində olan müddəti xx.xx.1983-cü il tarixdən sayılaraq ümumi əmək stajına daxil edilməsinə açıq məhkəmə iclasında baxılaraq İddiaçı Kasum oğluna məskunlaşma koloniyasında 15.08.-xx.xx.1988ci il tarixədək işləmə müddəti əmək stajına daxil edilmişdir.

6. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 95/1 nömrəli arxiv arayışından görünür ki, Goranboy rayon Fəxralı adına kolxozda 1973-1983- cü illərdə kişilər üçün adam günü norması 220, Xanlar adına kolxozda 1984-1985-ci illərdə kişilər üçün adam günü norması 200, 1986-1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün olmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 aprel 2023-cü il tarixli, **********129100 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı 05 aprel 2023-cü ildə ********** nömrəli VÖEN-lə torpaq mülkiyyətçisi kimi uçota alınıb və 26 aprel 2023-cü il tarixə fəaliyyəti aktivdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 28 aprel 2023-cü il tarixli, 3-17-1/2-93714/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin olunmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü ildə doğulmuşdur. O, 1971-1973-cü illərdə Goranboy rayonun Faxralı kəndində kolxozçu vəzifəsində işləmişdir, hansı ki, sözügedən 1971-1972-ci illərə aid arxiv sənədləri kolxozda yandığından arxivə verilməmiş, lakin bu dövr Goranboy rayon Dövlət Arxivinin arayışı ilə təsdiq olunmuşdur. Bundan əlavə iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 1976-1983-cü illərdə Goranboy rayonun Faxralı kəndində kolxozçu işləmiş, həmçinin həbsdə olduğu 1983-1988-ci illərdə koloniyada olduğu dövr X3 Ust-Vımskı rayon xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli qərardadı ilə əmək stajı dövrünə daxil edilmişdir. Hal-hazırda iddiaçının 15 il sığorta stajı vardır və xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır.

11. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

12. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı tələb olunan 12 il sosial sığorta stajına qarşı 7 il 5 ay sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb edilən 23040 manat məbləğində pensiya kapitalına qarşı 2734,08 manat məbləğində pensiya kapitalı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il dəyişikliyinə qədər qüvvədə olan 7ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin, 57 yaşına çatmış qadınların 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, qanunvericiliyin tələbinə uyğun olaraq 2017-ci ildə tələb olunan 63 yaşa 18 mart 2017-ci il tarixdə çatmışdır, 12 illik sosial sığorta stajı isə mövcud olmamışdır. Ona görə də ona əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən, 6 il 8 ay kolxozdakı iş stajı, 2 il 7 gün hərbi xidmət müddəti və 4 il 9 ay 24 gün cəza çəkdiyi müddət olmaqla ümumilikdə 13 il 6 ay sığorta stajı müəyyən olunmuşdur. Buna görə də, iddia təmin edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları ilə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(104)-322/2022 nömrəli qərardadı ilə (sədrlik edən R.Mamedov, hakimlər Ə.Abdullayev, Ş.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin “g” bəndini əsas götürmüşdür. Həmin maddəyə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət iş stajına daxil edilir. İş materiallarında İddiaçı1 qanunsuz tutulma, həbsdə olma və cəza çəkməsinə dair hər hansı sübut yoxdur. Göründüyü kimi iddiaçının məskunlaşma koloniyasında işləmə müddətinin cəmi 10 gün olduğu müəyyən olunur. Bu hal isə onu göstərir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsaslıdır.

Kassasiya instansiya məhkəməsində icraat:

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 07 dekabr 2012-ci il tarixli, 2-1(102)2276/2022 nömrəli qərarı ilə (sədrlik edən Z.Quliyev. hakimlər R.Nəbizadə, S.Kərimov) iddiaçının kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(104)-322/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

21. Kassasiya məhkəməsi hesab etmişdir ki, iş stajının müddətinin az olması konkret halda iddianın əsaslılığının yoxlanılması zamanı müəyyən edilməli haldır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb olunan 12 il sosial sığorta stajına qarşı 7 il 5 ay sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb edilən 23040 manat məbləğində pensiya kapitalına qarşı 2734,08 manat məbləğində pensiya kapitalı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il dəyişikliyinə qədər qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin, 57 yaşına çatmış qadınların 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, qanunvericiliyin tələbinə uyğun olaraq 2017-ci ildə tələb olunan 63 yaşa 18 mart 2017-ci il tarixdə çatmışdır, 12 illik sosial sığorta stajı isə mövcud olmamışdır. Ona görə də ona əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, sovet dönəmində azadlıqdan məhrum edilmiş və ilk gündən islah əmək koloniyasına göndərilmişdir. Həbsdə olduğu müddətdə işlədiyindən hesab edir ki, həmin illər ona sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 67-ci maddəsinin “g” bəndinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət iş stajına daxil edilir.

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun: 1.12-ci bəndi ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7- ci maddənin birinci hissəsində “ 62” rəqəmləri “ 63” rəqəmləri ilə, “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 32.1-1. əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir

31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

33. İşin hallarından görünür ki, iddiaçı ümumilikdə 15 il sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən onun sosial sığorta stajının ümumilikdə 7 il 5 ay olduğuna və tələb olunan 12 illik sığorta stajı tələbini ödəmədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

34. İş materiallarına əlavə edilmiş Goranboy rayon Dövlət Arxivinin 24 sentyabr 2018-ci il tarixli, 168 nömrəli arxiv arayışına əsasən, iddiaçının faktiki əmək günü 1973-cü ildə 298 gün, 1976-cı ildə 31 gün, 1977-ci ildə 152 gün, 1978-ci ildə 41 gün, 1979- cu ildə 72 gün, 1980-ci ildə 91 gün, 1982-ci ildə 129 gün, 1983-cü ildə 197 gün, 1988-ci ildə 76 gün, 1989-cu ildə 175 gün, 1990-cı ildə 54 gün və 1991-ci ildə 84 gün olmuşdur.

35. Həmçinin, Goranboy rayon Dövlət arxivi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli 95/1 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Goranboy rayon Fəxralı adına kolxozda 1973-1983-cü illərdə kişilər üçün adam günü norması 220, 1986- 1995-ci illərdə kişilər üçün adam günü norması 180 gün müəyyən edilmişdir.

36. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır

37. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir:

38. 1973-1983-cü illər üzrə:- 298+31+152+41+72+91+129+197=1011; 1011x12=12132; 12132/220≈55 ay (4 il 7 ay)

39. 1988-1991-ci illər üzrə:- 76+175+54+84=389; 389x12=4668; 4668/180≈25 ay (2 il 1 ay).

40. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

41. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

42. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş s

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

44. Beləliklə, iddiaçının qeyd olunan illər üzrə kolxozda faktiki müddət üzrə iş stajı ümumilikdə 6 il 8 ay hesablanmalıdır.

45. Həmçinin iş materialları ilə müəyyən olunur ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur və həmin dövrlər üzrə onun 2 il 7 gün sığorta stajı var.

46. Bundan əlavə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət iş stajına daxil edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının məskunlaşma koloniyasında işləmə müddəti əmək stajına daxil edilmişdir.

47. Həmin qərardadın məzmunu ilə müəyyən olunur ki, iddiaçının cəzaçəkmə müəssisəsində məskunlaşması xx.xx.1983-cü ildən sayılmışdır. Bu səbəbdən də onun xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək müddət üzrə ümumilikdə 4 il 9 ay 24 gün sığorta stajı olması müəyyən edilir.

48. Beləliklə, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən 6 il 8 ay kolxozdakı iş stajı, 2 il 7 gün hərbi xidmət müddəti və 4 il 9 ay 24 gün cəza çəkdiyi müddət olmaqla ümumilikdə 13 il 6 ay sığorta stajı müəyyən edilmişdir.

49. İş materiallarınə əsasən iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla qanunvericiliyin tələbinə əsasən 2017-ci il üçün yaş tələbi olan 63 yaşa xx.xx.2017-ci il tarixdə çatdığı üçün yaş tələbini də ödəmişdir.

50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun 1.12-ci bəndi ilə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7- ci maddənin birinci hissəsində “ 62” rəqəmləri “ 63” rəqəmləri ilə, “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir.

51. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2017ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında tələb olunan sığorta stajı 12 il olmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçı tələb olunan pensiya yaşına çatmaqla yanaşı, həm də tələb olunan sığorta stajına malikdir.

52. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kolelgiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-291/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar