Məhkəmə qərarları › İş №2-1(104)-231/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-231/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-231/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunmaqla imtina edilmişdir. Ona görədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, son üç ildə (vəzifə maaşı qədər əlavə müavinət) əmək haqqında olan artım nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023cü il tarixli ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər Prokurorluğunda prokuror köməkçisi vəzifəsində işləyərkən 2006-cı ilin aprel-may ayında kəskin ürək tutması ilə bağlı X1 xəstəxanasında stasionar müalicə olunmuş, Ağstafa rayon prokurorluğunda prokuror köməkçisi işlədiyi dövrdə, yəni xx.xx.2008-ci il tarixdə rayon prokurorun tapşırığı ilə Ağstafa rayon Polis şöbəsinin Müvvəqqəti saxlama təcridxanasında yoxlama apararkən huşunu itirərək, koma vəziyyətində həkim briqadası tərəfindən Ağstafa rayon mərkəzi xəstəxanasına aparılmış və 01 iyul 2008-ci il tarixdən, 11 iyul 2008-ci il tarixə kimi stationar müalicə olunmuşdur. Bütün bunlardan sonra səhətində heç bir müsbət dəyişiklik olmamışdır. Səhhətindəki problemlərlə bağlı TTY xəstəxanasının həkimləri mütəmadi olaraq xidməti iş otağında ona tibbi yardım göstərmişlər. Baş Prokurorun xx.xx.2012-ci il tarixli əmri ilə ilə "Prokurorluq haqqında" Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin, 7-ci bəndi, 34-cü maddəsinin 3 və 9-cu bəndələrini, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununun 26.17-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. O, əlilliklə bağlı pensiyaya çıxdığı zaman İİ mərhələ hipertoniya və həm də stenokardiya xəstəsi olmuş, İİ dərəcə hipertonik və kəskin ürək çatışmamazlığı stenokardiya ilə bağlı 2012-ci ilin iyun ayının 26-dan 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Əlilliyi Bakı şəhərindən gəlmiş TSEK-in həkimləri müəyyən etmişdir. Pensiyaya çıxdıqdan sonra 2013-cü ildə ürək infarktı keçirtmiş, həkimlərin tövsiyyəsi ilə Gəncə Kardioloji xəstəxanası təxminən 7 km uzaqda yerləşdiyindən, X1 xəstəxanası isə evindən təxminən 300 metr məsafədə olduğundan X1 xəstəxanasında stasionar müalicə olunmuşdur. 5 ildir ki, İİ tip şəkərli diabet xəstəsidir. 2018-ci ildə əvvəlcə X1 xəstəxanasında, sonra isə Gəncə Kardioloji xəstəxanada stasionar müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayında beyin insult keçirtdiyindən X1 xəstəxanasında stasionar müalicə olunmuşdur. Axırıncı dəfə 19 aprel 2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhəri Kardiloji xəstəxanasında stationar müalicə olunmuşdur. Gəncə şəhəri Kardioloji xəstəxanasının göndərişi əsasında o Bakı şəhəri Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya institunda xx.xx.2021-ci ildə həkim müayinəsindən keçmiş ona İİİ dərəcə hipertonik diaqnozu qoyulmuşdur. Odur ki, hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini iddia etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda "UİX. Gərginlik stenokardiyasıı F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkərli diabet İİ tip, ağırsdmətə forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qanc ydövranı çatmamazlığı İİİ fs." diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklər şəxsin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika söbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticələri ilə bir daha təsdiq olunur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, iddiaçıya mövcud olmayan əlilliyin bərpa edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, məhkəmə araşdırması zamanı məhkəmə iş materiallarındakı sübut xarakterli tibbi sənədlərə, eləcə də canlı şəxsin məhkəmə ekspertizası rəyində göstərilənlərə deyil, məhkəmə iclaslarına bir dəfə də gəlib iştirak etməyən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsinin inzibati işə əlavə olunmuş imtinasına əsaslanıb qanunsuz qərar çıxarmışdır. Məhkəmə qərar qəbul edərkən iddiaçı kimi onun göstərdiklərini, inzibati işə əlavə olunmuş tibbi sənədlərini, eləcə də 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyində göstərilən xəstəliklərini, yəni "ÜİX. Gərginlik stenokardiyası İİİ F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkəri diabet İİ tip, ağır forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qandövranı çatışmazlığı İİİ fs." Diaqnozundakı xəstəliklərindən əziyyət çəkdiyini, həmin xəstəliklərinin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika şöbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticəsi ilə bir daha təsdiq olunduğunu, ürəyinin fəaliyyətinin 35 faiz təşkil etdiyini, ürəyin arxa və ön divarlarında çatların olduğunu, hazırda da həkim nəzarətində olmaqla müalicəsini mütəmadi davam etdirdiyini nəzərə almadan, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin, "İnsan hüquqları haqqında" Ümumi Bəyənnamənin 25-ci maddəsinin 1ci bəndinin, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 9-cu maddəsinin tələblərini kobud şəkildə pozaraq işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək 30 iyun 2021-ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan “əlavə müalicəyə ehtiyacın olması, xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunması” əsası ilə imtina etmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh orqan imtinasında hər hansı bir əsas qeyd etməmiş və imtinanın səbəblərini göstərməmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunmaqla imtina edilmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AALZE nömrəli göndərişdə (Forma 088) iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur; " İ25 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX.Gərginlik stenokardiyası İİİ f\s. Sakitlik stenokardiyası.infarktdan sonrakı kardioskleroz. Aorta və tac damarlarının aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ, İV risk amili. Şəkərli diabet İİ tip ağır forma insulindən asılı vəziyyət. Diabetik nefropatiya.Qan dövranı çatmamazlığı İİİ fis. Ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., Diabetik nefropatiya Ağırlaşma İ70.0 Aortanın aterosklerozu;". Qeyd olunan diaqnoz 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd olunan təsnifatlara uyğundur. Məhkəmə araşdırması zamanı da müəyyən edilir ki, iddiaçıya xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə əlillik dərəcələrinin verilməsinə əsas olmuş diaqnozda göstərilən xəstəliyin beynəlxalq təsnifatında qeyd edilən indekslə 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən İ25 indeksilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan xəstəliklərdən iddiaçının əziyyət çəkməsi iş materialları ilə tam sübuta yetirilir. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Bundan əlavə iş materiallarında olan 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı hazırda "UİX. Gərginlik stenokardiyasıı F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkərli diabet İİ tip, ağırsdmətə forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qanc ydövranı çatmamazlığı İİİ fs." diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklər şəxsin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika söbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticələri ilə bir daha təsdiq olunur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AALZE saylı göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.1-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarı ləğv edilməli və İddiaçı xx.xx.2021ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar