Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-231/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-831/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-25-2/2-Ə-87xx-xx/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Yevlax rayonu, Xaldan yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. SX ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.2013-xx.xx.2015-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsi, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü-elektrik vəzifəsində xidmət etməsi qeyd edilmişdir.
3. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində olmuş, sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2021-ci il tarixli, 423 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Yevlax rayonu Xaldan yaşayış məntəqəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikası və digər texnikalardan düzgün istifadə olunmasına onların saz qaydada saxlanmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi xidmətə cəlb edilmiş, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmiş, 27.09-xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü-elektrik vəzifəsində xidmət etmişdir (Əsas: SX ******* nömrəli hərbi bilet).
5. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrinə əsasən, əsgər İddiaçı 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 3-cü zenit raket divizionunun rabitə və idarəetmə bölməsinin (A6) radiostansiyasının sürücü-elektriki vəzifəsinə təyin olunmuşdur.
6. N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 091 nömrəli əmrinə əsasən, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 571-ci sırada əsgər İddiaçı – sürücü-elektriki qeyd edilmişdir.
7. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 423 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilməsi, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmri).
8. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2-1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
9. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər X6 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 3-cü zenit raket divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin (A2) radiolokasiya stansiyasının (80 K6M) sürücüelektriki vəzifəsinə təyin olunmuşdur.
10. N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 423 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər X1 tərxis edilməsi, xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilməsi əmr edilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri).
11. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2- 3502/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X5 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X5 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir. “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır.
12. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-240/2-1218/25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 3-cü divizionunun rabitə və idarəetmə bölməsinin radiostansiyasının sürücü-elektriki vəzifəsinə, X6 isə 3-cü divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi zamanı səfərbərliklə çağırılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N №-li hərbi hissənin tərkibində sürücü elektrik vəzifəsində xidmət etmiş, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. X2 xx.xx.1993-cü ildə, İ Qarabağ müharibəsində şəhid olmuşdur. Onun cavabdeh orqana müraciətinə imtina cavabı verilmişdir.
15. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
16. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7822/2024 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Həmçinin, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-11442 nömrəli məktubundan görünür ki, hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Yevlax rayonu, Xaldan yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə İddiaçı sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-831/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə görə 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusunun verilməsi zamanı döyüşlərdə iştirak etdiyi ərazilərlə bağlı hər hansı bir şərt və məhdudiyyət nəzərdə tutmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-831/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024cü il tarixli, 3-25-4/2-7822/2024 nömrəli etirazın məzmunu ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə, iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdilər.
23. Tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Yevlax rayonu, Xaldan yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
30. Göründüyü kimi, imtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikası və digər texnikalardan düzgün istifadə olunmasında və onların saz qaydada saxlanmasında iştirak etdiyi Yevlax rayonu Xaldan yaşayış məntəqəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
32. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində olmuş, sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, xx.xx.2021-ci il tarixli, 423 nömrəli əmrlə xidmət etdiyi hərbi hissədən çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Yevlax rayonu Xaldan yaşayış məntəqəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikası və digər texnikalardan düzgün istifadə olunmasına onların saz qaydada saxlanmasında iştirak etmiş, döyüşlərdə iştirakına görə təltif olunmamışdır.
33. Qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir.
34. N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 091 nömrəli əmrinə əsasən, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 571-ci sırada əsgər İddiaçı – sürücü-elektriki qeyd edilmişdir.
35. Hazırki qərarın 25-ci bəndində qeyd olunanlardan göründüyü kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.
36. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 3-25-229/2-1755/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə “Vətən müharibəsi” dövründə döyüş əməliyyatlarında tam tərkibdə iştirak etmişdir.
37. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücüelektrik vəzifəsində xidmət etmişdir.
38. Bundan başqa məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, N nömrəli hərbi hissənin 3-cü divizionunun radiolokasiya, kəşfiyyat bölməsinin radiolokasiya stansiyasının sürücü-elektriki vəzifəsinə təyin edilmiş əsgər X5 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən X5 “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşa təqdim edilmişdir (Bax: hazırki qərarın 9-12-ci bəndləri).
39. Qeyd olunmalıdır ki, iddiaçı ilə eyni hərbi hissədə və eyni vəzifədə olmuş əsgər X5 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məhz cavabdeh Müdafiə Nazirliyi tərəfindən göndərilmişdir.
40. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
41. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
42. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
44. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
45. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
46. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
47. Hazırki iş üzrə iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirakı müəyyən edilməsə də, təminat tədbirlərinin həyata keçirilməsində - N nömrəli hərbi hissədə xidmət keçməsi, sürücü-elektrik vəzifəsində olması, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunması, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması, Yevlax rayonu Xaldan yaşayış məntəqəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikası və digər texnikalardan düzgün istifadə olunmasında və onların saz qaydada saxlanmasında iştirak etməsi yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır.
48. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-831/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov