Məhkəmə qərarları › İş №2-1(104)-233/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-233/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-233/2023 30.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi X2 Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2438/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə Şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi X4 Zavodu ASC-də, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi SSRİ ordu sıralarında hərbi xidmətdə olmasını, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi X4 zavodunda və xx.xx.1978-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi "xxxx" ASC-də işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini və ona yaşa görə əmək pensiyası təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 may 1975-ci ildən 10 may 1977-ci ilə kimi SSRi ordusunda hərbi xidmətdə olmuş, 1973-cü ildən 1975-ci ilə kimi X4 Zavodunda, 1977-ci ildən isə X4 Zavodunda işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ildən 1978-ci ilin mart ayının 1-nə qədər X4 Zavodunda, 1 Mart 1978-ci ildən - 1996-cı ilə gədər 3 nömrəli Dəmir Beton məmulatları zavodunda çilingər vəzifəsinə qəbul olmuş və 1996-cı il tarixdə həmin vəzifədən azad olmuşdur. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Gəncə şəhər şöbəsinə müraciət etsə də «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən onun 25 il sosial siğorta stajı təsdiq olunmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında qeyd etdiyi əmək fəaliyyəti öz təsdiqini tapır. İşlədiyi müddət DSMF-nin Gəncə şəhər şöbəsində sosial sığorta stajı hesablanmamışdır. Halbuki, «Əmək Pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci maddəsinə əsasən sığortaolunanların yaranmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 1978-ci ildən 1996-ci ilə gədər 3 nömrəli Dəmir Beton məmulatları zavodunda çilingər vəzifəsinə qəbul olunmuş və 1996-cı il tarixdə həmin vəzifədən azad olma faktı əmək kitabçası ilə öz təsdiqini tapır. Lakin zavodun arxiv sənədləri hərbi hissə həmin əraziyə köçdüyü üçün yoxa çıxmış və bu səbəbdən də bir neçə il barədə əmək haqqından hesablamalar çıxarıb təqdim etsə də digər illərə dair hesablamalar təqdim edə bilmədiyindən ona imtina məktubu verilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2438/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı 01 mart 1978-ci ildən 02 oktyabr 1996-cı ilə kimi X6 Zavodu ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2438/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərar ilə pensiya təyin edilmişdir. Odur ki, artıq mübahisə aradan qalxdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərar ilə müddətsiz pensiya təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş elektron qərardan çıxarış və tərəfin nümayəndəsinin məhkəmə kollegiyasında verdiyi izahatı ilə məlum olur ki, iddiaçıya artıq əmək pensiya təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, odur ki, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 67.1, 67.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar