Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-233/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, “qərarın və şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3817/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Zeyvə kəndində yerləşən, atası X5 məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin X10 (0.21 ha) və X15 (0.31 ha) verilməsi barədə Goranboy Rayon Aqrar İslahat Komissiyasının qərarının və 103F və 105 saylı şəhadətnamələrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Dövlət arxivinin 258 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən Goranboy rayon Zeyvə kəndi Əzizbəyov adına kolxozun Goranboy rayon Dövlət arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında iddiaçının atası X4 adına 0.24 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahəsində iki otaqlı yaşayış evi olmuş və iddiaçı 1945-ci ildə həmin evdə doğulmuşdur. Həmin evdə iddiaçının valideynləri, üç qardaşı və beş bacısı yaşamışdır. X1 1947-ci ildə, atası X8 isə 03 yanvar 1971-ci il tarixində dünyasını dəyişmişdir. Atası ölənədək iddiaçı mütəmadi olaraq həmin evə gedib orada yaşamışdır. Valideynlərinin ailə üzvlərindən tək iddiaçı qalmış, bacı və qardaşları rəhmətə getmişdir. Torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu məlum olmuşdur ki, valideynlərinin yaşadıqları evin yerləşdiyi torpaq sahəsi Cavabdeh Aqrar İslahat Komissiyasının qərarları və həmin qərarlar əsasında verilmiş "torpaq mülkiyyətə verilməsinə dair" JN-103 F və JN-105 F şəhadətnamələri ilə digər şəxslərin adına keçirilmişdir. Uzun dövr ərzində atasının sahibliyində olan torpaq sahəsi hazırda X16 və X11 adındadır. Bu şəxslər atasının ailə üzvləri deyil, torpaqdan istifadə etməmişlər, torpağın onların mülkiyyətinə verilməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16, X20, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə X12, X17 və X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3817/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Bundan əlavə, tələbin “üçüncü şəxslərin adına verilmiş JN-103F və JN-105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ləğv edilməsi” hissəsi də mümkünlük şərtlərinə cavab vermir, çünki sözügedən şəhadətnamələr inzibati akt hesab edilmir. Həmçinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən verilmişdir və sözügedən qurumlar ləğv olunduğundan tələbin qeyd olunan hissəsi ilə bağlı onların hüquqi varisi kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi və onun müvafiq ərazi idarələri cavabdeh ola bilər. İddiaçı sözügedən şəhadətnamələrin ləğvi ilə bağlı aidiyyəti cavabdehə müraciət etməmişdir. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, məhkəmə Ali Məhkəmənin tövsiyəsini əsas götürərək qərar qəbul etməklə şəxsin hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi (vəkili) şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxslər iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərində iddia tələbinin mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Goranboy rayon Zeyvə kəndi Əzizbəyov adına kolxozun (keçmiş Şaumyan kənd (rayon)) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında X4 adına 0,24 ha həyətyanı torpaq sahəsinin qeyd olunması əsası ilə X10 (0.21 ha) və X15 (0.31 ha) verilməsi barədə Goranboy Rayon Aqrar İslahat Komissiyasının qərarının və 103F və 105 saylı şəhadətnamələrin ləğv edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən mübahisələndirilən aktın qəbulundan 20 ildən artıq müddət keçdiyini və iddiaçıların məhkəmədə mübahisələndirmə mexanizminə dair hüquqlarını itirməsini qeyd etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia tələbinin əsası kimi təqdim olunan Goranboy rayon Zeyvə kəndi Əzizbəyov adına kolxozun (keçmiş Şaumyan kənd (rayon)) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan Qaytanlanmış torpaq kitabında X4 adına qeyd olunan torpaq sahəsinin yerləşmə yeri və koordinantları ilə bağlı hər hansı bir sübut yoxdur. Belə olan halda iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqnun olması müəyyən edilməmişdir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair tələbin iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, hazırda iddiaçı tərəfindən X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı və həmin qərar əsasında üçüncü şəxslərin adına verilmiş JN-103F və JN- 105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr mübahisələndirilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, X18 Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı ilə 0.21 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmiş və bununla bağlı JN-105F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş, eyni zamanda həmin qərarla 0.31 ha torpaq sahəsi X20, X12, X17 və X3 mülkiyyətinə verilərək sonuncuların adına JN-103F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Göründüyü kimi mübahisələndirilən inzibati akt 2002-ci il tarixdə qəbul edilmiş və tətbiq olunmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır . Məhkəmə tərkibi iddia tələbinin ikinci hissəsi olan şəhadətnamənin ləğvi ilə bağlı qeyd edir ki, sözügedən şəhadətnamə inzibati akt hesab edilmədiyindən həmin sənədin ləğvi və yaxud etibarsız sayılması tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmçinin tələbin qeyd olunan hissəsi hazırki cavabdehə qarşı yönələ bilməz. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən verilmişdir və sözügedən qurumlar ləğv olunduğundan tələbin qeyd olunan hissəsi ilə bağlı onların hüquqi varisi kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi və onun müvafiq ərazi idarələri cavabdeh ola bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəməyə müraciət olunmasından əvvəl cavabdeh inzibati orqana qeyd olunan tələblə ilkin müraciəti təsdiq edən sənəd əlavə olunmadığınıdan hüquqi yardımın edilməsinə də zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3817/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-233/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-233/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver