Məhkəmə qərarları › İş №2-1(104)-234/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-234/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-234/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-170/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. TSEK müayinə nəticələrinə dair çıxarışlardan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbi ilə xx.xx.2006-cı il tarixdə “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə 16 yaşına qədər ikinci dərəcə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2008-ci il tarixdə 16 yaşına qədər ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014- cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10 İnsulindən asılı şəkərli diabet, şəkərli diabet 1-ci tip, orta ağır forma insulin tələbli. Ağırlaşma E10.1 İnsulindən asılı şəkərli diabet, Ketoasidozla. İnsulindən asılı şəkərli diabet, diabetik ketoasidoz. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, yuxu pozğunluğu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur (son stasionar müalicəni 2019da alıb) ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə imtina verilmişdir.

3. Naftalan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 1-ci tip, dekompensasiya vəziyyəti. Diabetik ketoasidoz. Asteno nevrotik vəziyyət. Enterobioz. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Diabetik ensefalopatiya. Asteno nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir

4. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet => Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet 1-ci tip, ağır forma, dekompensasiya vəziyyəti. İnsulindən asılı vəziyyət; Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Hər iki gözün qeyri-proliferativ diabetik retinopatiyası. VisOD=0.9 VisOS=0.8 OU-Hər iki gözdə zəif dərəcəli miopiya; Yanaşı xəstəliklər F48 Digər neqativ pozğunluqlar, Astenonevrotik vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə davam etdirilsin. Əsas diaqnozu və ağırlaşmanı təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.

5. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət. Hər iki aşağı ətraf angiopatiyası. Aşağı ətrafların obleterasiya edici atersklerozu. Xroniki işemiya İİİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə imtina verilmişdir.

6. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanların ağırlaşmalarını təsdiq edən müayinələr yetərsizdir” səbəbi ilə imtina verilmişdir.

7. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişində Əsas diaqnoz - “E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip, insulindən asılı vəziyyət”, ağırlaşma - “İ79.2 Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın diabetik angiopatiyası. Aşağı ətrafların obleterasiyaedici aterosklerozu. Xroniki işemiya İİİ dərəcə, ağırlaşma - H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), OU-hər iki gözün qeyri-proliferativ diabetik retinopatiyası. VisOU=k/e kimi müəyyən edilmişdir.

8. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə müavinət ödənilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixində adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə həmin tarixdən müavinətin ödənişi dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altistemində olan məlumata əsasən İddiaçı əmək pensiyası təyin edilməmişdir(Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240170/2023 nömrəli məktubu).

9. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-26447/2024 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət ödənilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T470/2024 nömrəli ekspert rəyində qeydedilmişdir ki, vətəndaş N.M.Nuruyevin iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Əsas diaqnoz E10 İnsulindən asılı şəkərli diabet, 1-ci tip orta ağır forma. İnsulun tələbli. Ağırlaşma: E10.1 İnsulindən asılı şəkərli diabet, Ketoasidozla. Nevrasteniya yuxu pozğunluğu ilə." diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər və DTSERA-da aşağı ətraf arteriyalarının doppler müayinəsinin nəticəsi əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi. 2.3.6. N.M.Nuruyevin düçar olduğu xəstəliklər "Əlilliyin müəyyən olunması meyarları"nın 11.2-ci bəndinin (şəkərli diabet- E10) alt yarımbəndlərində olan hallarından hər hansı biri mövcud deyildir. 4.5. Səhiyyə Nazirliyinin "Məhkəmə tibbi ekspertiza və X2" PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin N.M.Nuruyevin iş materiallarında olan tibbi sənədlərinə əsasən onun əsas xəstəliyi- "E10- İnsulindən asılı şəkərli diabet, 1-ci tip orta ağır forma. İnsulun tələbli.", "E10.1- İnsulindən asılı şəkərli diabet, diabetik ketoasidozla" isə xəstəliyin ağırlaşmasıdır. Fəsad və ağırlaşma eyni məhfumlardır.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. Səhhətində yaranmış problemlərə görə bir neçə müddət müalicə və müayinə olunduqdan sonra ona səbəbi ümumi xəstəlik olmaqla tibbi-sosial ekspert komissyasının müvafiq qərarı ilə xx.xx.2006-cı il tarixdə 16 yaşa qədər 2-ci dərəcə əlillik təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq 2006-ci ilədək sosial pensiya daha, sonra isə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq Qərarı ilə ona əlilliyə görə sosial müavinət təyin edilmişdir. Qeyd edilən müddətdən sonra müalicə və müayinələri davam etmiş qanunvericliyə uyğun olaraq hər il həkim ekspert komissyasında müayinələrdə olmuş, səhhətində hər hansı bir irəliləyiş olmadığından əlilliyi növbəti müddətə qədər uzadılmışdır. "Əlilliyin qiymətləndirilməsi" Qaydalarına edilmiş dəyişikliyə əsasən 2016-cı ildən etibarən əlillik 5 il müddətinə təyin edilməyə başlanılmışdır. Yəni növbəti qiymətləndirmə hər 5 ildən bir həyata keçirilməyə başlamışdır. Qanunvericiliyə uyğun qaydada xx.xx.2016-cı il tarixdən növbəti müayinə olunaraq xx.xx.2021-ci il tarixədək ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Nəticədə əlilliyə görə müavinət də xx.xx.2021-ci il tarixədək ödənilmiş, qeyd edilən tarixdən sonra müavinətin ödənişi dayandırılmışdır. Əlillik müddəti bitdikdən sonra yəni xx.xx.2021-ci il tarixdən halhazıradək dəfələrlə cavabdeh orqana müraciət etməyinə baxmayaraq əlillik təyinatından qanunsuz və əsassız səbəblərlə imtina edilir. Yuxarıda qeyd olunanalardan da görünür ki, cavabdeh orqan əvvəlcə əlavə müalicəyə ehtiyacın olması daha sonra isə imtina əsası dəyişdirilərək göndərişin natamam doldurulması bəhanəsi ilə əlillik təyinatından qərəzli olaraq yayınır.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixdən 2-ci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə “xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

14. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş barəsində Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyə edilir. X1: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip,insulindən asılı vəziyyət. İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet Meyar: İmtina edilir Diaqnozun mətni: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: -Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu yoxdur (son stasionar müalicəni 2019-da alıb) ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-170/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməsi müəyyən edilmir. Eyni zamanda, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İddiaçının göndərişində əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçının 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması isə həmin əlilliyin müddətsiz təyin edilməsinə əsasdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, ekspert qarşısına qoyulmuş sualların həlli məhkəmə-tibb ekspertinin deyil, TSEK-in səlahiyyətinə aiddir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 10 ildən artıqdır, yəni 2006-cı ildən şəkərli diabet xəsləyinindən əziyyət çəkir və həmin ildən ona əlillik təyin olunmuşdur.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 2.6. Arteriyalar, arteriolaların və kapilyarların xəstəlikləri - İ70-İ79 2.6.1.2. İİİ və ya İV dərəcə işemiya, ABİ 0,25-dən az olduqda; cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə; bir ətrafının (ayağının) bud/baldır amputasiya güdülü və digər ətrafın (ayağının) İİB, İİİ dərəcə işemiyası; protez üçün tibbi əksgöstərişlər olduqda; bud güdülünün işemiyası; müşayiət olunan xəstəliklərlə (XÜÇ İİB, İİİ mərhələ, tənəffüs çatışmazlığı İİİ mərhələ) bədən funksiyalarının ciddi pozuntuları ilə - 65-80% - 2 il 11.2. Şəkərli diabet - E10-E14 Qeyd: Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.7. şəkərli diabet çoxsaylı fəsadlarla - E10-E14 11.2.7.2. orqan və sistemlərin təzahür edən çoxsaylı pozuntuları ilə - 65-80% - 2 il

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materialları ilə iddiaçının 10 ildən artıq (14 il) fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması və sonuncu qiymətləndirmə zamanı da iddiaçıya əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması təsdiq edilir.

29. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə xx.xx.2006-cı il tarixdə 16 yaşına qədər ikinci dərəcə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2008-ci il tarixdə 16 yaşına qədər ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

30. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müvafiq göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və tarixlərdə baxılmış və Əlavə müalicəyə ehtiyacın olması (birinci halda: xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yoxdur (son stasionar müalicəni 2019- da alıb) ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var; ikinci halda: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”; üçüncü halda: İxtisaslaşmış müalicə davam etdirilsin. Əsas diaqnozu və ağırlaşmanı təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin) səbəbi ilə imtinalar verilmişdir.

31. Daha sonra iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip 1, insulindən asılı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Hədəf orqanların ağırlaşmalarını təsdiq edən müayinələr yetərsizdir” səbəbi ilə imtina verilmişdir.

32. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və qeyd edir ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Lakin hazırkı halda, cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməsi müəyyən edilmir.

33. Eyni zamanda, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.

34. Göndərişdəki müayinələr qrafası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tək orqan (nahiyə) rəngli doppler müayinəsi, xx.xx.2022-ci il tarixdə komputerlə görmə sahəsinin müayinəsində, iki gözün USM və biometriya müayinəsində, eynək müayinəsində olmuş, xx.xx.2022-ci il tarixdə hemoqlobin analizi vermiş, xx.xx.2023-cü il tarixdə sidik, qanın ümumi analizi, C-peptid, insulin, qlükoza analizlərini vermiş, xx.xx.2023-cü il tarixdə tam abdomen USM müayinəsində, xx.xx.2023-cü il tarixdə iki dəfə, xx.xx.2023-cü il tarixdə bir dəfə həkim müayinəsində olmuşdur.

35. Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə iddiaçıya olaraq “Şəkərli diabet-İ tip, insulindən asılılıq, asteno-nevrotik vəziyyət” diaqnozu üzrə xx.xx.2006-cı il tarixdən etibarən fasiləsiz olaraq 14 il ikinci dərəcə əlilliyin təyin olunması müəyyən edilir. İddiaçının səhhətində hazırda da “Şəkərli diabet-İ tip, insulindən asılılıq, astenonevrotik vəziyyət” xəstəliyinin olması isə iş materiallarında olan Respublika Endokrinoloji Mərkəzin epikrizləri və daimi müayinə-müalicədə olmasına dair xəstəlik tarixçələrindən çıxarışlarla öz təsdiqini tapır.

36. Bununla yanaşı iddiaçıya sonuncu göndərişdə qoyulmuş əsas diaqnoz ona əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olmuş, o cümlədən ağırlaşma halları da olmuşdur. İddiaçının sonuncu qiymətləndirilməsi tibb müəssisəsinin xx.xx.2023cü il tarixli göndərişi əsasında həyata keçirilmişdir. Göndərişdə iddiaçıya qoyulmuş diaqnozlara əsasən: Əsas diaqnoz – E10.7 – İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip, insulindən asılı vəziyyət; Ağırlaşma – İ79.2 – Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası. Aşağı ətrafların obliterasiyaedici aterosklerozu. Xroniki işemiya İİİ dərəcə; Ağırlaşma – H36.0 – Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU – hər iki gözün qeyri-proliferativ diabetik retinopiyası. VisOU=0.7 k/e.

37. Qeyd olunanlara əsasən, iddiaçının göndərişində əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığında olması ona ikinci dərəcə əlilliyin təyin edilməsinə, 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması isə həmin əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.

38. İddiaçının 10 ildən artıq fasiləsiz və ardıcıl əlilliyinin olması iş materiallarında olan tibbi sənədlərlə yanaşı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-240170/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-26447/2024 nömrəli məktubları ilə də öz təsdiqini tapır. Həmin məktublarda qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət ödənilmişdir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 4.2. bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

41. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

43. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

44. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

45. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

46. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

47. Qeyd edilməlidir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

48. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğvinə əsas verəcək hər hansı sübut qeyd edilmədiyindən, eyni zamanda məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı da birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin düzgün olması təsdiqləndiyindən apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-170/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar