Məhkəmə qərarları › İş №2-1(104)-235/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-235/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-235/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə) Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-2670/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.xx.xx.1984-cü il tarixli 461806 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1984cü il tarixdə “şərab və şirənin ilkin emalı ustası” peşəsi, xx.xx.1986-cı il tarixli 681131 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “elektrovoz və teplovoz maşinisti köməkçisi” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. 2.NZ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci ilədək hərbi xidmətdə olmuşdur. 3.İT ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 4."xxxx" QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun xx.xx.2022-ci il tarixli, 04/66 nömrəli arayışından məlum ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək hərəkətdə olan heyyətin təmiri üzrə çilingər, xx.xx.1987-ci ildən xx.xx.1989-ci ilədək elektrovoz maşinist köməkçisi, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Bakı texniki məktəbində elektrovoz maşinisti kursu, xx.xx.1989-ci ildən xx.xx.1990cı ilədək yenidən elektrovoz maşinist köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək elektrovoz maşinisti, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək elekrtik qatarlarının (seksiyalarının) maşinist köməkçisi, xx.xx.1995- cü ildən xx.xx.2002-ci il tarixədək elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində işləyib, xx.xx.2013-cü ildə işdən azad olunub. İşlədiyi vəzifələr üzrə ağır və zərərli peşələrdə sosial sığorta (və ya iş) stajı 27 il 10 ay 08 gün təşkil edir. 5."xxxx" QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun xx.xx.2022-ci il tarixli, 09/65 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1989cu il müddətində elektrovoz maşinist köməkçisi (2 il 1 gün) işləmiş, xx.xx.1989-dan xx.xx.1989-dək Azərbaycan dəmir yolları Bakı texniki məktəbi elektrovoz maşinisti kursunu bitirmiş, xx.xx.1989-xx.xx.1990 il müddətində elektrovoz maşinist köməkçisi (6 ay 11 gün), xx.xx.1990-xx.xx.1993 il müddətində elektrovoz maşinisti (3 il 4 ay 6 gün), xx.xx.1993xx.xx.1995 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi (2 il 2 ay 19 gün), xx.xx.1995-xx.xx.2013 il müddətində elektrik qatarlarının( seksiyalarının) maşinisti (17 il 9 ay 16 gün) işləmişdir, ümumilikdə 25 il 10 ay 22 gün stajı var, xx.xx.2013cü il tarixli 300-k saylı əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 6.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, 28 yanvar 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək iddiaçının kitabçasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin X3 motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin "Vahid Tarif-İxtisas Sorğu kitabçası"nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların "Nəqliyyat bölməsi"ndə nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993cü il tarixinədək işlədiyiniz motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 6 gün (xx.xx.1987-xx.xx.1989-cu il və xx.xx.1989xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 7."xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-2876/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı X3 xx.xx.1987-ci il tarixdə, 21 nömrəli əmr ilə elektrovoz maşinisti köməkçisi vəzifəsində işə başlamış xx.xx.1999-cu il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cu il tarixə, xx.xx.1993-cü tarixə elektrovoz maşinisti və MVS (elektrik qatarı) maşinist köməkçisi kimi işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2013-cü tarixədək MVS (elektrik qatarı) maşinisti vəzifəsində işləmişdir. İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta stajı 25 il 10 ay 23 gün təşkil edir. İşlədiyi elektrovoz maşinist köməkçisi və elektrovoz maşinisti peşələrinin əsas xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (elektrovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən, MVS (elektrik qatarı) maşinisti və MVS (elektrik qatarı) maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri isə elektrik qatarlarının (seksiyalarının) idarə olunmasının müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilməsindən və elektrik qatarlarına minib-düşmə qaydalarında pozuntulara yol verilməsinin qarşısının alınmasına nəzarət etməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsindən ibarət olmaqla, müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 8, 9, 15 və 16cı (kod: 23001000—14241, 23001000—14409, 23001000—16885 və 23001000— 16887) və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə emək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 7, 8,14, 15 və 18-ci abzaslarına uyğundur. Birinci instansiya məhkəməsində icraat. 8.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 1963-cü il tarixdə anadan olmuşdur, xx.xx.1979-cu il tarixdə Tovuz rayonunun Düz Qırıxlı kəndindəki 98 saylı kənd orta texniki peşə məktəbinin şərab ustası qrupuna daxil olub, xx.xx.1980-ci il tarixdə Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsinin 244 saylı, 01 iyun 1980-ci il tarixli əmrinə əsasən 98 saylı texniki peşə məktəbdən azad edilmiş, Tovuz rayonunun 161 saylı kənd orta texniki peşə məktəbinə dəyişirilmişdir. Həqiqi hərbi xidmətə getdiyi üçün xx.xx.1981-ci ildə həmin texnixi peşə məktəbindən azad olunmuşdur. 1981-ci ilin noyabr ayından, 1983-cü ilin dekabr ayına kimi həqiqi hərbi xidmətdə olmuş, 29 dekabr 1983-cü il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra 161 saylı kənd orta texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 27 iyul 1984-cü i tarixdə Tovuz rayon 161 nömrəli kənd ortatexniki peşə məktəbini bitirib № 461806 saylı diplom almışdır. Daha sonra xx.xx.1985ci il tarixdən xx.xx.1987-ci il tarixə kimi X1 hərəkətdə olan heyyətin təmiri üzrə çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi elektrovoz maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Bakı Texniki məktəbində maşinist kursu keçmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi yenidən elektrovoz maşinist köməkçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixə kimi elektrovoz maşinisti, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifələrində işləmişdir. Həmin vəzifədən xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Əlavə olaraq bildirir ki, elektrik qatarları SSRİ dövründə də 3500 volt gərginlikli elektriklə işləyib, müstəqillik dövründə də 3500 volt gərginliklə işləyir. Necə ola bilər ki, əvvəllər həmin peşə güzəştli peşə hesab edilib, indi hesab edilmir. Bu absurtdur. Onun hesablamalarına görə cəmi 33 il, 1 ay, 25 gün ümumi əmək stajı vardır. Bundan 27 il, 10 ay 08 gününü güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. İddiaçının 57 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 57 yaşı tamam olmuş, 12 il 06 ay güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxırlar. İddiaçının xx.xx.2020-ci il tarixdə 57 yaşı tam olan vaxta kimi ümumi 33 ildən artıq əmək stajı, bunun da 27 ildən artığını zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. 10.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2670/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. 11.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək, ümumilkdə iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan çox olması öz təsdiqini tapmışdır. 12.Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri 13.Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 yanvar 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək iddiaçının kitabçasında xx.xx.1993-xx.xx.1995-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin X3 motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin "Vahid Tarif-İxtisas Sorğu kitabçası"nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların "Nəqliyyat bölməsi"ndə nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993cü il tarixinədək işlədiyiniz motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.. 17.Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 18.38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının: 19.XXVllİ. Nəqliyyat bölməsinin 1-ci bəndində- elektrik qatarlarının (seksiyalarının) maşinistləri- 23001000-14409; teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri 23001000—14241; elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri 23001000- 16887; elektrovozlarda maşinist köməkçiləri 23001000—16885. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 20.21.4-cü bəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 21.9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22.9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 24.13. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 25.b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 26.19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 27.12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 28.12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 29.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 30.68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 31.87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 32.87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 33.87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 34.Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. 35.İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az (6 il 6 gün) olduğuna görə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. 36.Cavabdeh orqanın imtina ərizəsi və apellyasiya şikayəti müvafiq olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaradan sosial sığorta stajının yetərsiz olması ilə əsaslandırılmışdır. 37.Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyd etmişdir ki, İddiaçı qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 gün (xx.xx.1987-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. 38.Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Dəmir Yolları QSC Yükdaşımaları Departamenti Gəncə Lokomotiv Deposunun müvafiq arayışlarında iddiaçının xx.xx.1993-xx.xx.1995 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi və xx.xx.1995-xx.xx.2013 il müddətində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində işləməsi qeyd olunmuşdur və iddiaçının xx.xx.1993xx.xx.1995-ci il müddətində işlədiyi elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi (2 il 2 ay 19 gün) və xx.xx.1995-xx.xx.2005-ci il müddətində işlədiyi elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının XXVllİ. Nəqliyyat bölməsinin 1-ci bəndində- elektrik qatarlarının (seksiyalarının) maşinistləri- 23001000-14409; teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri 23001000— 14241; elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri 23001000-16887; elektrovozlarda maşinist köməkçiləri 23001000—16885) nəzərdə tutulmuşdur. 39.Xüsusi olaraq vurğulanır ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. 40.Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı və işəgötürən tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. 41.İT ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2013-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 42.Habelə, xx.xx.1984-cü il tarixli 461806 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə “şərab və şirənin ilkin emalı ustası” peşəsi, 3xx.xx.1986-cı il tarixli 681131 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “elektrovoz və teplovoz maşinisti köməkçisi” peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. Eyni zamanda, NZ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci ilədək hərbi xidmətdə olmuşdur. 43.Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilkdə iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan çox olması öz təsdiqini tapmışdır. 44.İddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. 45.Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2670/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar