Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-236/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1908/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 266 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı yaralanma – diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0250003AAGK5 nömrəli forma 88 üzrə iddiaçıya “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: travmanın orqanizmin funksional vəziyyətinə təsiri ətraflı əks olunmayıb. Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilməyib. ETTOİ də müayinə və müalicə məsləhət görülür” səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
3. Azərbyacan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 4/2-184 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Nizami təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-un ştatına təyin edilmişdir.
4. 229 saylı hərbi hospitalın xx.xx.1994-cü il tarixli, 7633 saylı tibbi arayışından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə boyunun yumşaq nahiyəsindən və ayağının baldırının hər ikisini dəlib keçən güllə yarası almışdır.
5. xx.xx.2007-ci il tarixli, 315574 nömrəli; xx.xx.2008-ci il tarixli, 534356 nömrəli; xx.xx.2009-cu il tarixli, 635705 nömrəli; xx.xx.2010-cu il tarixli, 909799 nömrəli; xx.xx.2011-ci il tarixli, 088877 nömrəli TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, iddiaçıya İİİ dərəcə əlillik təyin edilmişdir.
6. xx.xx.2012-ci il tarixli, 295701 nömrəli; xx.xx.2013-cü il tarixli, 127857 nömrəli; xx.xx.2014-cü il tarixli, 381822 nömrəli; xx.xx.2015-ci il tarixli, 521153 nömrəli TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, iddiaçıya İİ dərəcə əlillik təyin edilmişdir.
7. Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan qeyd olunmuşdur ki, iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinin xx.xx.2021-ci ildə qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq barəsində əsaslı və düzgün olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən İ Vətən müharibəsi zamanı hərbi əməliyyatlar zamanı aldığı travma ilə bağlı İİİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixdən ömürlük əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində hərbi əməliyyatlara başlamış, Aşağı Seydimli, Ağdam rayonunun Güllüçə kəndinin ərazisindəki Çaxır zavodunun müdafiəsində, Tapqaraqoyunlu, Suqovuşan və digər döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdam rayonunun Güllüçə kəndi uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə döyüşərkən sağ boyun nahiyəsi, eləcə də sağ ayağının baldırının yuxarı qatlanan hissəsindən yaxından atılan güllə ilə dəlib keçən güllə yaraları almışdır. Həmin vaxtı ona ilk dəfə tibbi yardım Ağdam rayonunun Güllücə kəndindəki dəmiryol vağzalında edilmiş, bundan sonra Bakı şəhərinə xəstəxanaya aparılmışdır. 1994-cü ilin iyun ayından ona TSEK tərəfindən İİİ qrup Qarabağ əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə pensiyası cavabdeh tərəfindən dayandırmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 266 nömrəli Qərarında göstərilir ki, Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildən, xx.xx.1994-cü il tarixə kimi M.Nağıyev adına X2 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: Hər iki budun və boyunun yumşaq toxumalarının dəlib keçən güllə yarası” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Hər iki budun və boyunun yumşaq toxumalarının dəlib keçən odli silah yaralanması (xx.xx.1994)” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1908/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir, eləcə də, müayinə nəticəsində xx.xx.2016-cı il tarixdə 2-ci dərəcə əlillik 5 il müddətinə uzadılmışdır. Eyni zamanda iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə (müvafiq dövr ərzində kişilərin yaş həddi 65 il olaraq müəyyən edilmişdir) yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmışdır. Eyni zamanda işə əlavə edilmiş çıxarışlardan görünür ki, iddiaçı 2007-ci ildən 9 dəfə TSEKdə müayinə olunmuş və müxtəlif dövrlərdə ona İl və İİl dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, hazırki halda iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatdığından "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.3-cü bəndinə əsasən ona əlillik müddə göstərilmədən təyin edilməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı imtinası qanunsuz olmuşdur.
13. Məhkəmə mövqeyini “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və “Əmək pensiyaları haqqında” ” qanunu ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
16. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini qəbul etmədi və qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi.
17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 18.Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
20. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
21. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
22. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
23. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
26. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir.
27. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
28. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
29. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
30. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
31. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
32. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
33. 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.
34. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
35. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
36. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.
37. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
38. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
40. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
42. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
43. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
44. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
46. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.
47. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırmaq üçün göstərmişdir ki, hazırki halda iddiaçı yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatdığından "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.3-cü bəndinə əsasən ona əlillik müddə göstərilmədən təyin edilməli idi.
48. Kollegiya qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2016-cı il tarixli müayinənin nəticəsinə uyğun olaraq 5 il uzadılmış və xx.xx.2021-ci il tarixdə əlillik müddəti başa çatmışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmışdır. Göründüyü kimi iddiaçı yenidən əlilliyin təyin edilməsi üçün müraciət edən zaman əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmamışdır.
49. İşin hallarından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 266 nömrəli qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı yaralanma - diaqnoz "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmiş, bundan sonra iddiaçıya müvafiq illərdə 3-cü və 2-ci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixli müayinənin nəticəsinə uyğun olaraq əlillik müddəti 5 il uzadılmış, lakin müddət bitdikdən sonra əlilliyin yenidən təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsinədən imtina edilmiş və bunun səbəbi kimi, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulması göstərilmişdir.
50. Yuxarıda sadalanan qaydalara görə əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir.
49. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir.
50. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur.
51. Belə olan halda TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir.
52. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir.
53. Lakin cavabdeh şikayətində bildirdiyi kimi, ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.
54. Bundan başqa işə əlavə edilmiş çıxarışlardan görünür ki, iddiaçı 2007-ci ildən 9 dəfə TSEK-də müayinə olunmuş və müxtəlif dövrlərdə ona İl və İİl dərəcə əlillik təyin edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyi ona əliliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
55. Eyni zamanda iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuş və xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmışdır.
56. Odur ki, İddiaçı əliliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1908/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müayinə olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.