Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-239/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi” tələbinə dair Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyriyaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunverciliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qurumlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikinitini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərarı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşin halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, iş üzrə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Naftalan şəhəri Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyriyaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyri-yaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də heç bir faydası olmamışdır. Azərbaycan Respublikası qanunvericiliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir. Gəncə Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(104)-349/2023 saylı qərardadı (hakimlər A.Bayramov, A.İsgəndərova və R.Mamedov) ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2- 1(114)-244/2023 saylı qərarının ləğv edilməsi və İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(104)-349/2023 saylı qərarından narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1887/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(104)-349/2023 saylı qərardadının ləğv edilməsi və işə təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1887/2023 saylı qərarında qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan, onun məlumatı və razılığı olmadan qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır ki, mahiyyət etibarı ilə bu iddia Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, yəni inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddiadır. İddiaçı sadəcə ona vurulmuş ziyanın əvəzinin naturada ödənilməsini, yəni məhv edilmiş əmlakın bərpa edilməsi barədə iddia qaldırmışdır. İddiaçının ona vurulmuş ziyanın naturada ödənilməsi barədə iddia irəli sürməsi məhkəmə tərəfindən işin hallarına uyğun olaraq zərərin naturada ödənilməsi əvəzinə, vurulmuş zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasına maneə deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərarı ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, həmin iddia tələbi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından qeyri-dəqiq olduğundan birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1887/2023 saylı qərarında qeyd olunan hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, yəni inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia olmuşdur. İddiaçı sadəcə ona vurulmuş ziyanın əvəzinin naturada ödənilməsini, yəni məhv edilmiş əmlakın bərpa edilməsi barədə iddia qaldırmışdır ki, iddiaçının tələbinin dəqiqləşdirməsinə zərurət olmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini pozaraq, yardım etmək vəzifəsini həyata keçirməmişdir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Buna görə də birinci instansiya məhkəməsi iddia ərizəsindəki çatışmazlıqlar barədə iddiaçını xəbərdar etməklə iddia tələbini dəqiqləşdirməsi ilə bağlı müvafiq təklif edib, müəyyən müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırmaqla işə baxmaqda haqlı hesab oluna bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respbulikası İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 06 fevral 2023-cü tarixli, 2-1(114)-244/2023 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-239/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-239/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver