Məhkəmə qərarları › İş №2-1(104)-24/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-24/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-24/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4057/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2717 nömrəli Sərəncamı ilə İddiaçı “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2. İddiaçı məxsus SX ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, o, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə hərbi xidmətdə olmuş, ondan sonra N nömrəli hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş və xx.xx.2022-ci ildə isə müddəti başa çatdığı üçün ehtiyyata buraxılmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 4/3-7296 nömrəli məktubundan görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlar yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsini verilməsi üçün sənədlərinin razılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

4. N nömrəli hərbi hissə komandirinin arayış-məlumatından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 040 nömrəli əmri ilə operator kimi düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və Gəncə, Bərdə, Tərtər yaşayış məntəqələri istiqamətinə atılan balistik raketlərin vaxtında aşkarlanması, N nömrəli hərbi hissənin 3-cü zenit raket divizionunun zenit raket batareyalarının və N nömrəli hərbi hissənin komanda məntəqəsinin fasiləsiz olaraq döyüş və kəşfiyyat məlumatları ilə və radiolokasiya stansiyasının fasiləsiz enerji ilə təmin olunmasında iştirak etmiş, iştirak etdiyi ərazi Bərdə rayonudur.

5. İddiaçı “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasına əsas olmuş N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 562 nömrəli məktubundan görünür ki, MAHHXHQ əsgər İddiaçı düşmənin PUA-na Gəncə və Tərtər istiqamətində atılan ballistik raketlərinə qarşı döyüş işinin aparılmasında iştirak etmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 2/2-5064 nömrəli məktubundan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə xx.xx.1999-cu il təvəllüdlü vətəndaş X5 və xx.xx.1994-cü il təvəllüdlü vətəndaş X3 “Müharibə veteranı” adı verilmişdir. Həmçinin onuda qeyd edir ki, vətəndaş Sənan Əhmədova və Ceyhun Əzizliyə “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədlərı Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.

7. Azərbayca Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/2-8561/2024 nömrəli məktubundan görünür ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən X5 (FİN: 18K6EBG) və X3 (FİN: 6026C0G) 1 yanvar 2022-ci il (qərar tarixləri: 24 avqust 2022-ci il) tarixindən proaktiv (elektron) qaydada müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişləri davam etdirilir.

8. Elektron məhkəmə informasiya sistemində X4 məhkumluğa dair məlumatlardan görünür ki, onun məhkumluğu barədə məlumat müəyyən olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə hərbi xidmətə çağrılmış, xx.xx.2016-cı il tarixdə xidmətini başa vurmuş, bundan sonra xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirilməsi üçün Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlamış, N günlük Vətən müharibəsi dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsində N №-li hərbi hissənin tərkibində iştirak etmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyul tarixli 2717 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunması görə” medalı təltif olunmuşdur. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-25-4/2-4923/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən komissiya təqdim edilmiş arayış-məlumata xx.xx.2023-cü il tarixli iclasda baxılmış iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

12. İddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması” tələbinə dəyişdirilmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və vəkili Vəkil iddianı müdafiə etmişlər.

14. Gəncə İnzibati Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2023-cü tarixli, 2-1(114)- 4057/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının xidmət yeri olan Bərdə rayonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında deyil. Bu hal isə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4057/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. X7 Məhkəməsinin 2-1(114)- 4057/2023 saylı qərarından belə məlum olur ki, məhkəmə əslində hazırki iş üzrə heç bir araşdırma aparmamış, cavabdehin məhkəməyə təqdim etdiyi etirazın dəlillərini əsassız olaraq mötəbər sübut hesab etmiş və həmin yanlış dəlillərə əsaslanmışdır. O, Yevlax rayonu ərazisində yerləşən N nömrəli hərbi hissədə N günlük Vətən müharibəsi günlərində deyil, xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək olan müddətdə cəmi 2 ay 6 günlük hərbi təlim keçmişdir. N günlük Vətən müharibəsi günlərində onun N nömrəli hərbi hissədə hərbi xidmət keçməyi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş və hərbi əməliyyatlarda döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməyi SX ******* nömrəli hərbi biletinin 11 və 14-cü paraqraflarındakı qeydlər və həmin qeydlərin təsdiqi olan möhürlərlə təsdiq edilir. Onuda qeyd edir ki, N günlük Vətən müharibəsi günlərində N nömrəli hərbi hissənin onun xidmət etdiyi hərbi bölüyü cəbhə xəttinin bir neçə yüz metrliyində Tərtər və Ağdam istiqamətlərində düşmən PUA-larını, raketlərini və digər hava hücumu vasitələrini məhv etməklə məşğul idi, həm də tapşırıqları uğurla yerinə yetirmişlər. Düşmən tərəfindən yerləri aşkar edildikdə və ya digər hərbi zərurətlə əlaqədar yerlərini tez-tez dəyişmiş, ən şiddətli döyüşlər gedən ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirmişlər. Lakin birinci instansiya məhkəməsi onun iddia ərizəsinə baxılması zamanı demək olar ki, heç bir araşdırma aparmamış, hərbi biletinin 11 və 14-cü paraqraflarındakı qeydləri görməməzlikdən gəlmiş, cavabdehin mövqeyindən (birtərəfli) icraat apararaq Müdafiə Nazirliyinin təhrif və yanlışlıqlardan ibarət olan xx.xx.2023-cü il tarixli, 3-25-4/2-4923/2023 nömrəli iddia ərizəsinə etirazı əsas götürərək əsassız və qanunsuz qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

21. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir

24. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır.

40. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqları yerinə yetirilməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyindən, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

41. İşin halları ilə müəyyən edilir ki, İddiaçı N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 040 nömrəli əmri ilə operator kimi düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və atılan balistik raketlərin vaxtında aşkarlanmasında, ötürülməsində və radiolokasiya stansiyasının fasiləsiz enerji ilə təmin olunmasında iştirak etmişdir. Hərbi xidmət yeri Bərdə rayonunun ərazisi olmuşdur. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır.

42. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı” statusu hərbi hissə (bölmə) və ya orqanların tərkibində aktiv döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yanaşı, həmçinin həmin əməliyyatların bütün təminat növləri, o cümlədən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş şəxslərə də verilir.

43. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı müddətdən artıq həqiqi hərbi xidmətdə olduğu müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatlarının təminat növü üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

44. N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 562 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş təltif olunmalı hərbi qulluqçuların siyahısından görünür ki, MAHHXHQ əsgər İddiaçı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək davam edən Vətən müharibəsində iştirak etmiş, düşmənin PUA-na Gəncə və Tərtər istiqamətində atılan ballistik raketlərinə qarşı döyüş işinin aparılmasında iştirak etmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarın 21-23-cü bəndlərində qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

46. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli Sərəncamı ilə təltif edilmiş hərbi qulluqçuların siyahısında əsgər İddiaçı adı 3106 sırada göstərilmişdir.

47. Həmin Sərəncamda Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qiymətləndirilməsi məqsədi ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmələri konkret olaraq göstərilmişdir. Göründüyü kimi, qeyd edilən sərəncamla iddiaçının işğal altında olmuş ərazilərin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi bilvasitə təsdiq olunur.

48. Qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər də müharibə veteranı hesab edilirlər.

49. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndə əsaslanamışdır (iddiaçının xidmət yerinin Bərdə rayonunun olması). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyini əsaslı hesab etmir.

50. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndə qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.

51. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndində isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır.

52. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin arayış-məlumatından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 040 nömrəli əmri ilə operator kimi düşmənin hava hücum vasitələrinin, pilotsuz uçuş aparatlarının və Gəncə, Bərdə, Tərtər yaşayış məntəqələri istiqamətinə atılan balistik raketlərin vaxtında aşkarlanması, N nömrəli hərbi hissənin 3-cü zenit raket divizionunun zenit raket batareyalarının və N nömrəli hərbi hissənin komanda məntəqəsinin fasiləsiz olaraq döyüş və kəşfiyyat məlumatları ilə və radiolokasiya stansiyasının fasiləsiz enerji ilə təmin olunmasında iştirak etmişdir.

53. Vətən müharibəsi zamanı iddiaçının N nömrəli hərbi hissənin təkibində hərbi xidməti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinin təsir dairəsinə düşür.

54. Beləliklə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpa olunması uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək davam edən Vətən müharibəsində iştirak etmiş, hərbi xidmətini və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdiyinə görə o, “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur.

55. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməlidir.

56. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4057/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilən siyahıya salınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar