Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-240/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və qey. tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X6 iştirakları ilə, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-37/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124415 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 1383,27 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.1383 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır.
3. 17 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.1383 ha torpaq sahəsi X3 tərəfindən İddiaçı bağışlanmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən məlum olur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 16 avqust 2021-ci il tarixli, **********66 nömrəli və xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubları ilə İddiaçı müraciəti təmin edilməmiş, aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 adına 6.994,36 kv.m həyətyanı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı A seriyalı, 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Daşınmaz Əmlakın Dövlət Reyestrində sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi öhdəliyinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy rayonu, Qurudərə kəndində xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin qonşuluğunda yaşayan X4 rayon Məhkəməsində ona qarşı fərdi yaşayış evinin sökülməsi barədə iddia qaldırmışdır. Mürəsdə Məsimova öz iddia tələbini guya onun öz evini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən M.Məsimovaya A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən verilmiş 6.994,36 kv.m həyətyanı torpaq sahəsində inşa etdirməyi və evinə gedən yola məhdudiyyətlər yaratmağı ilə əsaslandırmışdır. Hal-hazırda həmin iddia ilə bağlı 2(042)366/2021 saylı mülki işə Gədəbəy rayon Məhkəməsində işə baxılır. İddiaçı X7 6.994,36 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış A seriyalı, 124413 nömrəli Torraq sahəsinin Planı və ölçüsü sənədini düzgün hesab etmir, onun etibarsız hesab olunmasını və Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsini zəruri hesab edir. M.Məsimovanın adına tərtib edilmiş A seriyalı, 124413 saylı Plan və ölçü sənədində onun X13 kitabında uçota alındığı nömrə və tarix yerində nə nömrə, nə də tarix göstərilib. Eyni zamanda həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanmayıb və möhürlə təsdiq olunmayıb. Həmçinin M.Məsimovanın məhkəməyə təqdim etdiyi Plan və ölçü sənədindən görünür ki, həmin sənəd xüsusi deyil, adi kağızda tərtib olunub. Həmin sənədin əsli M.Məsimovada ümumiyyətlə yoxdur. Gədəbəy rayon Məhkəməsində M.Məsimova A seriyalı, 124413 saylı Plan və ölçü sənədinin ona 2021-ci ildə təqdim olunduğunu bildirmişdir. X14 və Xəritaçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə ləğv edilib və bu baxımdan o, 2021-ci ildə M.Məsimovaya mübahisələndirilən sənədi verə bilməzdi. M.Məsimovaya verilmiş bu sənəd onun hüquq və qanuni mənafelərinə toxunur. Belə ki, M.Məsimova bu sənədi əsas gətirərək onun fərdi yaşayış evimin sökülməsi barədə məhkəmədə iddia qaldırıb. Üzərində uçota alındığı nömrə və tarix, habelə onu tərtib etmiş şəxslərin imzaları olmayan mübahisələndirilən sənədin 2021- ci ildə tərtib olunaraq bu barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı onun əsaslı şübhələri vardır. O, M.Məsimovaya verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması və onun qeydiyyatının elektron və kağız daşıyıcılardan silinməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10951/2021 nömrəli qərardadı ilə hazırki inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
11. İddiaçının vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
12. Bundan sonra iddiaçı 12 may 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X6 adına tərtib olunmuş A serialı, 124413 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin bütün elektron və kağız daşıyıcılarda qeydinin ləğv olunmaqla həmin daşıyıcılardan silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-37/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin koordinatları nə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin, nə də ki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddia tərəfi mübahisəli torpaq sahəsinin bələdiyyədən almaq niyyətinin olduğunu, lakin üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Bununla yanaşı araşdırma nəticəsində İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsus olmasını, ondan istifadə etməsini və nə səbəbdən həmin torpaq sahəsinə hüquq tələb etdiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-37/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, M.Məsimovanın adına tərtib edilmiş A seriyalı, 124413 saylı plan və ölçü sənədində onun X13 kitabında uçota alındığı nömrə və tarix yerində nə nömrə, nə də tarix göstərilib. Eyni zamanda həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanmayıb və möhürlə təsdiq olunmayıb. Həmçinin M.Məsimovanın məhkəməyə təqdim etdiyi plan və ölçü sənədindən görünür ki, həmin sənəd xüsusi deyil, adi kağızda tərtib olunub. Həmin sənədin əsli M.Məsimovada ümumiyyətlə yoxdur. Gədəbəy Rayon Məhkəməsində M.Məsimova A seriyalı, 124413 saylı plan və ölçü sənədinin ona 2021-ci ildə təqdim olunduğunu bildirmişdir. X14 və Xəritaçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə ləğv edilib və bu baxımdan o, 2021-ci ildə M.Məsimovaya mübahisələndirilən sənədi verə bilməzdi. M.Məsimovaya verilmiş bu sənəd onun hüquq və qanuni mənafelərinə toxunur. Belə ki, M.Məsimova bu sənədi əsas gətirərək onun fərdi yaşayış evimin sökülməsi barədə məhkəmədə iddia qaldırıb, üzərində uçota alındığı nömrə və tarix, habelə onu tərtib etmiş şəxslərin imzaları olmayan mübahisələndirilən sənədin 2021ci ildə tərtib olunaraq bu barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı onun əsaslı şübhələri vardır. İ instansiya məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-37/2023 saylı qərardadı işin faktiki hallarına, iş üzrə toplanmış materiallara, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə, iddia ərizəsinin məzmununa, iddiaçının nümayəndəsinin və vəkilinin, habelə cavabdehin və üçüncü şəxsin məhkəmədə verdiyi izahatlarına tamamilə ziddir və məhkəmənin öz qərardadını bu cür əsaslandırması heyrət doğurur. Belə ki, mübahisə iddiaçı ilə üçüncü şəxsin mülkiyyətində və ya istifadəsində olan hər hansı mücərrəd bələdiyyə ərazisindən və ya həmin ərazini iddiaçının almaq istəyindən getmir. İddiaçı öz iddia ərizəsində və nümayəndəsi vasitəsilə məhkəmə iclaslarında aydın surətdə bildirib ki, onun Gədəbəy rayonu, Qurudərə kəndində xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin və ətrafında yerləşən 0,05 ha torpaq sahəsinin 2014-cü il tarixli çıxarışı var. Həmin fərdi yaşayış evinin qonşuluğunda yaşayan X8 2021-ci ildə İddiaçı qarşı Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq onun 2014-cü il tarixdən çıxarışı olan fərdi yaşayış evimin sökülməsi barədə iddia qaldırıb. Mürəsdə Məsimova öz iddia tələbini guya onun öz evini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş A seriyalı, 124413 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona verilmiş 6.994,36 kv.m həyətyanı torpaq sahəsində inşa etdirməyi ilə və onun evinə gedən yola məhdudiyyətlər yaratmağı ilə əsaslandırıb. Hal-hazırda həmin iddia ilə bağlı 2(042)-366/2021 saylı mülki işə Gədəbəy Rayon Məhkəməsində baxılır. Beləliklə, İddiaçı üçüncü şəxs Mürəsdə Məsimovanın A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədini Gəncə İnzibatMəhkəməsində mübahisələndirmək üçün subyektiv hüququ var. Belə ki, ki, Mürəsdə Məsimovanın həmin sənədi qüvvədə qaldığı təqdirdə onun İddiaçı evini sökülməsi barədə məhkəmə qətnaməsi çıxarılmaq üçün real imkanı olacaq. Məhkəmə araşdırmaları nəticəsində və üçüncü şəxs Mürəsdə Məsimovanın məhkəmədə verdiyi izahatdan aydın olur ki, Mürəsdə Məsimova plan və ölçü sənədini 2021-ci ildə əldə edib. Mürəsdə Məsimova xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmədə aydın şəkildə bildirib ki, onun və ailə üzvlərinin əvvəllər cəmi 0,25 ha torpaq sahəsi olub və 2021-ci ildə ona 40 sota yaxın bələdiyyə torpağı verilərək torpaq sahəsi 0,69 ha çatdırılıb. Həmin iclasın elektron audio-video yazısı ilə tanış olmaqla buna əmin olmaq olar. Lakin sənədin 2021-ci ildə tərtib edilməsinə baxmayaraq, həmin sənəd Gədəbəy rayon Torpaq Şöbəsinin adından tərtib edildiyindən və Gədəbəy rayon Torpaq Şöbəsi 2015-ci ildə ləğv edildiyindən həmin sənəddə nə həmin sənədi tərtib edən icraçının adı, nə onun və Topraq Şöbəsinin müdirinin imzası, Gədəbəy rayon Torpaq Şöbəsinin möhürü, sənədin tərtib edilmə ili yoxdur. İddiaçı Mürəsdə Məsimovanın adına məhz 2021-ci ildə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini mübahisələndirərək Mürəsdə Məsimovanın torpaq sahəsinin 2021-ci ildə qanunsuz olaraq 0,25 ha-dan 0,69 ha-dək genişləndirilməsi zamanı İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin və İddiaçı torpaq sahəsi ilə Mürəsdə Məsimovanın 0,25 ha torpaq sahəsi arasındakı bələdiyyə torpağının də Mürəsdə Məsimovanın mülkiyyətə verilməsinin onun hüquqlarını pozduğunu və inzibati məhkəmədə hazırkı iddianı qaldırmaq üçün onun subyektiv hüququnun yarandığını bildirir. İddiaçı torpaq sahəsi ilə Mürəsdə Məsimovanın evi arasındakı bələdiyyə torpaq sahəsi Mürəsdə Məsimovaya veriləcəyi halda belə qanun yolla bələdiyyə tərəfindən hərrac keçirilməklə və müvafiq müqavilə bağlanmaqla verilməli idi. Cavabdehin 2021-ci ildə hərrac keçirmədən özgəsinə - bələdiyyəyə aid olan torpaq sahəsini üzərində imza, tarix, möhür, icraçının adı olmayan sənədlə Mürəsdə Məsimovaya verməsi qanunsuzdur və bu eyni zamanda İddiaçı da maraqlarına toxunur. Belə ki, həmin ərazi hərrac vasitəsilə satılacağı təqdirdə onun öz evinə bilavasitə bitişik bələdiyyə ərazisini və ya onun bir hissəsini qanuni yolla mülkiyyətinə əldə etmək imkanı olacaqdı. Bundan başqa hazırkı inzibati iş üzrə məhkəmənin 2 ildən araşdırma aparmasına baxmayaraq, məhkəmə hələ də Mürəsdə Məsimovanın, İddiaçı və bələdiyyənin ərazilərinin yerləşmə yerlərinin, onların xəritə-sxem üzrə harada yerləşməsi və biri-biri ilə kəsişib kəsişməməsi məsələsini aydınlaşdırmayıb. Məhkəmə qanunvericliyin tələbini kobud surətdə pozmaqla iş üzrə mütəxəssis rəyi verilməsini iş üzrə cavabdehin DƏDRX-nin 11 saylı Şəmkir ərazi İdarəsinin özünə həvalə edib və hətta qərardadında həmin idarənin verdiyi mütəxəssis rəyinə istinad edib. Halbuki, iddiaçı maraqlı şəxs olması səbəbindən həmin idarənin rəy verməsinə yazılı etiraz verib, məhkəmə həmin etirazı əsaslı hesab edərək mütəxəssis rəyi verilməsinin başqa idarəyə verilməsi barədə sərəncam verib. Lakin uzun müddət keçməsinə baxmayaraq, inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti məhkəmənin sərəncamını müxtəlif bəhanələrlə icra etməyib, İ instansiya məhkəməsi isə nəinki həmin inzibati orqanı cərimə etməyib və ya hər hansı digər tədbir görməyib, hətta onun sərəncamının inzibati orqan tərəfindən icra edilməməsinə əhəmiyyət belə verməyib. İ instansiya məhkəməsi öz qərardadını məhkəmə araşdırması nəticəsində iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin koordinatları nə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları, nə də ki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyinin müəyyən olunması ilə əsaslandırıb. Lakin məhkəmə həmin qərardadında “iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin koordinatları”na hansı ərazini əhatə etməsinə dair işdə hansı sübut olması, bu koordinatların Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları, nə də ki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyinin işdə olan hansı sübutlar əsasında müəyyən edildiyini göstərməyib.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfi etiraz ərizəsi daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı və üçüncü şəxs qohumdurlar və eyni zamanda torpaq sahələri də yaxınlıqda yerləşir. Hazırda mübahisələndirilən sahə iddiaçıya məxsus fərdi yaşayış evinin yanında yerləşir və həmin sahə ilə çıxarışda qeyd olunan sahə üst-üstə düşmür. Lakin iddiaçı həmin sahədə müəyyən tikililər aparıb. İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə Mürəsdə Məsimovanın 0,25 ha torpaq sahəsi arasındakı bələdiyyə torpağının heç bir əsas olmadın və hərrac keçirmədən özgəsinə - bələdiyyəyə aid olan torpaq sahəsini üzərində imza, tarix, möhür, icraçının adı olmayan sənədlə Mürəsdə Məsimovaya verməsi qanunsuzdur və bu İddiaçı maraqlarına toxunur. İddiaçı adına iki çıxarışdan heç biri hazırda mübahisələndirilən sahə ilə üst-üstə düşməsə də iddiaçının həmin sahədə, yəni evinə bitişik hissədə müəyyən tikililəri vardır.
19. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə qohumdur və illərdir həmin torpaq sahəsi ona və ailəsinə məxsusdur. İddiaçı özünə məxsus sahədən əlavə onun sahəsində də tiklilər inşa etdirir. Ona görə də Gədəbəy Rayon Məhkəməsinə həmin tiklililərin sökülməsinə dair iddia vermişdir. Ona məxsus torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və həmin sahə ona aqrar islahat zamanı verilmişdir.
20. Cavabdeh inzibati orqana hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərar: “İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər.”
23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
27. Prosessual qanunun normaları nəinki məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir.
28. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər.
30. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.
32. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır.
33. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxs X6 adına işlənmiş “torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin bütün elektron və kağız daşıyıcılarda qeydinin ləğv olunmaqla həmin daşıyıcılardan silinməsi olmuşdur.
34. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin plan və ölçü sənədinin verilməsi qanunamüvafiq qaydada həyata keçirilməmişdir və həmin sahənin üçüncü şəxsə verilməsi qanunsuzdur.
35. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddia tələbini mümkün hesab etməmişdir.
36. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.
37. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən məlum olur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.
38. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
39. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsə verilmiş plan, ölçü sənədində qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyini, mübahisəli sahənin iddiaçıya məxsus torpaq sahəsinin yaxınlığına yerləşdiyini və iddiaçı tərəfindən həmin sahədə tiklilərin aparıldığını bildirmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsinin ayrılması, verilməsi ilə bağlı heç bir sənəd mövcud deyildir və mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur.
41. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.
42. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.
43. Odur ki, plan və ölçü sənədində qeyd olunan torpaq sahəsi qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
45. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
46. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.
47. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-37/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov