Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-242/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, “Kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1709/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları «Torpaqların alğı-satqısına dair» xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İddiaçı Goranboy Bələdiyyəsi ərazisində 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 11 saylı qərar qəbul edilmişdir. Satılmış sahənin dəyəri olaraq 600 manat bələdiyyənin hesabına ödənilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(83)-24/2018 nömrəli qərarından görünür ki, İddiaçı sözügedən torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 421/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzləşdirilmə yolu ilə ayrılıb verilməsi barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy Bələdiyyəsinin ona vurduğu 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan, şəhərin 54-cü kvartalından, kənd təsərrüfatına yarasız torpaq sahəsindən-yolun təsir zonasından kənarda 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alğı-satqı qaydasında iddiaçıya satılmış, bununla bağlı 600 (altı yüz) manat torpağın nəzərdə tutulmuş dəyəri X2 hesabına ödənilmişdir. Torpaq sahəsinin Dövlət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən 16 sentyabr 2009-cu il tarixdə 306 nömrə ilə uçota alınaraq ona A 225478 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması məqsədilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinı müraciət etmiş, lakin satılmış torpaq sahəsinin X3 Kəmərləri Sisteminin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy qolu qaz kəmərinin üzərində və mühafizə zolağında yerləşdiyindən imtina cavabı almışdır. Bununla bağlı müxtəlif iddialarla məhkəməyə müraciət etmiş, lakin iddiaları təmin olunmamışdır. İddiaçı hazırda hesab edir ki, Goranboy Bələdiyyəsinin özünə məxsus olmayan torpaq sahəsini ona satması nəticəsində pulun inflyasiyası ilə bağlı məruz qaldığı 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pul alınaraq ona ödənilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1709/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, Goranboy Bələdiyyəsindən 600 (altı yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsi ona verildikdən sonra torpaq sahəsini qeydə aldırmaq hüququ və imkanı olduğu halda bunu etməmiş, eyni zamanda 2018-ci il tarixdə işə məhkəmədə baxılarkən də məsələ ilə bağlı məlumatlı olmuş, lakin uzun müddət keçdikdən sonra infilyasiya nəzərə alınmaqla kompensasiya tələb edir. Bu hal onu deməyə əsas verir ki, pulun dəyərinin infilyasiya oluna biləcəyini bildiyi halda ödədiyi 600 (altı yüz) manat məbləği bilərəkdən tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği ona Goranboy Bələdiyyəsinə torpaq sahəsi müqabilində ödədiyi 600 (altı yüz) manat həcmində ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini qismən təmin, yəni cavabdeh Goranboy Bələdiyyəsindən 600 (altı yüz) manat pulun alınıb ona veriməsi barədə qərar qəbul etmişdir. İddiaçı bununla razılaşmır. Belə ki, məhkəmə torpaq sahəsinin alqı-satqısına dair Goranboy Bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən belə bir nəticəyə gəlmişdir. Doğrudur həmin müqaviləyə əsasən o, torpaq sahəsinin ona satılması nəticəsində Goranboy Bələdiyyəsinin hesabına 600 (altı yüz) manat pul köçürmüşdür. Lakin həmin müqavilə cavabdehlə aralarında 2007ci ildə bağlanmış və müvafiq olaraq pul da 2007-ci ildə ödənilmişdir. Həmin vaxtdan 15 il keçib. Bu illər ərzində dünyada və ölkədə gedən inflayasiya nəticəsində pulun dəyəri xeyli azalmış, nəticədə onun 2007-ci ildə ödədiyi 600 (altı yüz) manat hal-hazırda xeyli miqdar təşkil edir. Buna baxmayaraq məhkəmə 15 il əvvəl ödədiyi məbləğdə pulun ona ödənilməsi barədə qərar qəbul edib. Həmçinin məlum olduğu kimi o, mübahisəli torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə bağlı almışdır. O, bu illər ərzində öz 600 manatını başqa sahəyə yönəldib sahibkarlıqla məşğul olsaydı xeyli miqdarda gəlir əldə edərdi. Məhkəmə qərar qəbul edərkən bunları nəzərə almamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 6.2-ci maddəsində hansı bələdiyyə torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmədiyi qeyd edilmişdir. Həmin torpaqlara neft-qaz sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqları da daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Məhkəmənin 2-1(104)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1709/2022 nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi və apellyasiya şikayətinin mümkün sayılması qərara alınmışdır. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya Goranboy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə Goranboy Bələdiyyəsinin ehtiyat fondundan 1000 kv.m torpaq sahəsi satılmış, iddiaçı həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmaq istədikdə torpaq sahəsindən qaz borusu keçməsi məlum olmuş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-24/2018 nömrəli qərarı ilə müvafiq iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı əvəzləşdirmə qaydasında torpaq sahəsinin ayrılıb verilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-421/2022 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. X1 özünə məxsus olmayan torpaq sahəsini ona satması nəticəsində məruz qaldığı 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pul alınaraq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni Goranboy Bələdiyyəsindən 600 (altı yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili kimi göstərmişdir ki, məhkəmə torpaq sahəsinin alqı-satqısına dair Goranboy Bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən belə bir nəticəyə gəlmişdir. Həmin müqaviləyə əsasən o, torpaq sahəsinin mənə satılması nəticəsində Goranboy Bələdiyyəsinin hesabına 600 (altı yüz) manat pul köçürmüşdür. Lakin həmin müqavilə cavabdehlə aralarında 2007-ci ildə bağlanmış və müvafiq olaraq pul da 2007-ci ildə ödənilmişdir. Həmin vaxtdan 15 il keçib. Bu illər ərzində dünyada və ölkədə gedən inflayasiya nəticəsində pulun dəyəri xeyli azalmış, nəticədə onun 2007-ci ildə ödədiyi 600 (altı yüz) manat hal-hazırda xeyli miqdar təşkil edir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin iddiaçı torpaq sahəsi ona verildikdən sonra torpaq sahəsini qeydə aldırmaq hüququ və imkanı olduğu halda bunu etməməsi, eyni zamanda 2018-ci il tarixdə işə məhkəmədə baxılarkən də məsələ ilə bağlı məlumatlı olması, lakin uzun müddət keçdikdən sonra infilyasiya nəzərə alınmaqla kompensasiya tələb etməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, Goranboy Bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 11 saylı qərar qəbul edilmiş və bunun müqabilində İddiaçı tərəfindən Goranboy rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 600 (altı yüz) manat haqq ödənilmişdir. Göründüyü kimi alğı-satqı müqaviləsi üzrə alıcı qismində çıxış edən tərəf (iddiaçı) öz üzərinə düşən öhdəliyi icra edərək pul məbləğini ödəmiş, lakin satıcı (cavabdeh) həmin torpaq sahəsini onun mülkiyyətinə qanunla müəyyən edilmiş qaydada verməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-24/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin 26 fevral 2018-ci il tarixli 29957 nömrəli ekspert rəyi ilə Ağdaş MQKS-nin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy qolu qaz kəmərinin üzərində və mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə ödənilmiş 600 manata münasibətdə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan məyyən edilir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayında 2009-cu ilin dekabr ayına nisbətən 220,9 faiz təşkil etmişdir. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri nəzərə alınmaqla Goranboy Bələdiyyəsindən 1326 (bir min üç yüz iyirimi altı) manat pul İddiaçı xeyrinə tutulmalıdır (600x221%=1326). Məhkəmə kollegiyası iddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh inzibati orqandan maddi ziyan tələb etməsi əsaslarını, yəni tələbini əsaslandıran hallara dair sübut təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1709/2022 saylı qərarı ləğv edilsin. Goranboy Bələdiyyəsindən 1326 (bir min üç yüz iyirimi altı) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-242/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-242/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver