Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-242/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, üçüncü nümayəndəsi X2 iştirakı ilə, “Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-812/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokol-qərarından çıxarışa və “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün İddiaçılı Əli oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Gəncə şəhər İcra Hakimiyyətinin 3 nömrəli MRTTT Bağçılıq üzrə təsdiq olunmalı siyahısında İddiaçı da qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2012-ci il № İş-12-248 saylı rəyinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 32, mənzil 22-də yaşayan İddiaçı istifadəsində olan torpaq sahəsinə dair təqdim edilmiş torpaqayırma sənədlərinə baxılmış və “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına etiraz edilməmişdir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki,İddiaçılı Əli oğluna Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı protokol-qərarından çıxarışa və “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır.
5. Azərbaycan Respublikası Dövlət X1 08 dekabr 2022-ci il tarixli №1509(435)/3 arxiv arayışında bildirilmişdir ki, idarə və müəssisələrin vətəndaşlara torpaq sahəsi ayrılması haqqında adlı siyahıları, həmçinin “Çini qablar” (Farfor) zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir, lakin Kirovabad şəhər X4 İcariyyə Komitəsi arxiv fondunun xx.xx.1988-ci il tarixli 11№-li protokolundan məlum olur ki, “Çini qablar” (Farfor) zavodunun 178 nəfər işçisinə torpaq sahəsi ayrılmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubu ilə daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmış və aparılan araşdırma zamanı “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi 31 yanvar 2023-cü il tarixli, 3-21-3-33/2-800/2023 nömrəli məktubu ilə hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, həmçinin “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edildiyindən Gəncə İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(114)-813/2022 nömrəli sərəncamına etiraz etmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 15 mart 2023-cü il tarixli, 3-21-3-33/2-2272/2023 nömrəli və 30 mart 2023-cü il tarixli, 3-21-3-33/2-2765/2023 nömrəli məktubları ilə qeyd olunur ki, Gəncə şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri, nömrələnmiş sahələrin göstərildiyi cizgiplanları və ayrıc aktları, yerquruluşu sənədləri əsasında vətəndaşların təsdiq olunmuş siyahıları, bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün zəruri olan ilkin torpaqayırma sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6067/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 474.0kv.m, habelə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələridir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və məsubiyyətinin dəyişdiribdəyişdirilməməsi barədə, elektron bazada və arxiv sənədlərində məlumat aşkarlanmadı. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan 474.0 kv.m faktiki sahənin 360 kv.m hissəsi A seyiyalı 418133 npmrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsində yerləşir.Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mehafizə zonalarına düşüb-düşməməsi barədə, idarənin elektron baza materiallarında məlumat aşkarlanmadı. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin, hər hansı digər şəxslərin mülkiyyət, icarə və istifadə hüquqlarını təsdiq edən sənədlərlə üst-üstə düşmə halı aşkarlanmadı.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri XDS-nin İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı protokola əsasən, bağçılıq təsərrüfatlarının inkişafı üçün Gəncə şəhərinin qərb hissəsindən 98 ha torpaq sahəsi ayrılmışdır. “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçıya ayrılıb verilmişdir. Hüquqmüəyyənedici sənədlərə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə iddaçı müraciət edərək, xx.xx.2012-ci il tarixli 2725 nömrə ilə uçota alınmış A№418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin torpaq sahəsi ayrılan vaxtdan iddiaçının daimi istifadəsindədir. İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir.
12. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-800/2023 nömrəli etirazında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, həmçinin “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edildiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-812/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-812/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyindən, həmçinin “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü nümayəndəsi izahat verərək apellyasiya şikayətini etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.
19. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşin hallarından görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarında “Çini qablar” “Farfor” zavodunun 178 nəfər işçisinə torpaq sahəsinin verilməli olduğu qeyd edilmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin 3 nömrəli MRTTT Bağçılıq üzrə təsdiq olunmalı siyahısında iddiaçının da qeyd olunmuşdur. İddiaçıya Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokol-qərarından çıxarışa və “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 2725 nömrə ilə uçota alınmışdır.
27. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.
28. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsidir.
29. İş materialları ilə müəyyən olunur ki, XDS-nin İK-nin xx.xx.1988-ciil tarixli 11 saylı protokoluna əsasən, bağçılıq təsərrüfatlarının inkişafı üçün Gəncə şəhərinin qərb hissəsindən 98 ha torpaq sahəsi ayrılmışdır. “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı ayrılıb verilmişdir.
30. Hazırki tələbində də iddiaçı məhz səlahiyyətli inzibati orqan tərəfindən verilən hüquqmüəyyənedici sənəd əsasında hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
32. 10.2. maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
33. 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
34. 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;
35. 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
36. 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
38. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədləri inzibati orqana təqdim etmişdir.
39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
40. Bununla yanaşı müvafiq sənədlərin arxivə təhvil verilməməsi subyekt olaraq iddiaçının deyil, səlahiyyətlərə malik orqanın hərəkətlərinin faktiki nəticəsi hesab olunmalıdır.
41. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6067/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 474.0kv.m, habelə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələridir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və məsubiyyətinin dəyişdiribdəyişdirilməməsi barədə elektron bazada və arxiv sənədlərində məlumat aşkarlanmadı. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan 474.0 kv.m faktiki sahənin 360 kv.m hissəsi A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsində yerləşir.Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mehafizə zonalarına düşüb-düşməməsi barədə, idarənin elektron baza materiallarında məlumat aşkarlanmadı.Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin, hər hansı digər şəxslərin mülkiyyət, icarə və istifadə hüquqlarını təsdiq edən sənədlərlə üst-üstə düşmə halı aşkarlanmamışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-812/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov