Məhkəmə qərarları › İş №2-1(104)-243/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-243/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-243/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3867/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: НЗ ******* nömrəli, xx.xx.1977-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-Ə-146-1/2023 nömrəli arxiv arayışında bildirilir ki, Daşkəsən rayon Birləşmiş Qazanxana və istilik şəbəkələri sahəsinin 1995-2006-cı illəri əhatə edən şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları gəmiricilər tərəfindən islaholunmaz dərəcədə korlandığına görə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin MEYK-sı tərəfindən xx.xx.2021-ci il tarixli 05№-li Protokolu ilə Daşkəsən rayon Dövlət Arxivinin fondundan silinmişdir, sənədlər Rayon Arxivinin fondunda mövcud olmadığına görə İddiaçı həmin təşkilatda işə qəbul olması və işdən azad olması barədə məlumat vermək imkan xaricindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-146760/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya almaq məqsədilə DSMF-nin Daşkəsən şəhər şöbəsinə müraciət etmiş, müraciətim əsasında ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Sosial müavinətin təyin olunması zamanı orqanın vəzifəli şəxsləri ona məxsus olan əmək kitabçasında qeyd olunmuş iş illərinin mötəbərliyə əsaslı şübhələrin olmasına görə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3867/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən ümumilikdə 21 il 1 ay 19 gün təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və istilik şəbəkələri sahəsində işlədiyi müddətlərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçası ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və istilik şəbəkələri sahəsində işləmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin əmr və əmək haqqı kitablarının iddiaçıdan asılı olmayan səbəblərdən korlanması onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1958-ci il təvəllüdlu iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının Mərkəzi Filiala müraciəti əsasında aparılmış inzibati araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-0-146760/2023 nömrəli məktubla sığorta stajının qanunvericiliklə müəyyən olunmuş 25 ilə tamamlanmaması səbəbindən iddiaçıya pensiya təyinatından imtina olunmuşdur. İş üzrə icraat materiallarına surətlərinə əlavə edilmiş əmək kitabçası, hərbi bilet və diplomun əsasən iddiaçının sosial sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı və gün təşkil edir. hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 21 il 1 ay 19 gün təşkil edir. Həmçinin bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları tələf olduğundan iddiaçının həmin dövrdə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbədən sözügedən dövrlər sığorta stajına daxil edilməmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək haqqı almasını müəyyən etmək mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri eyni gündə, eyni xətlə yazılıb və işdən azad olma ilə bağlı qeyd qüvvədə olan qanunvericiliklə əsaslandırılmamışdır) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəmə qərar qəbul edərkən qeyd edilən hallara diqqət yertirməmiş, həmin dövrləri sığorta stajina daxil etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina məktubu ilə iddiaçının sosial sığorta stajının 21 il 01 ay 19 gün təşkil etdiyi, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Bununla yanaşı xx.xx.1998-ci il tarixindən – xx.xx.2005-ci il tarixinədək “Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi”nin şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları tələf olduğu üçün həmin dövrdə iddiaçının əmək haqqı alıb-almaması müəyyənləşdirilmədiyindən sözügedən dövrlər cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi”ndə işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi”ndə işləmişdir. Cavabdehin iddiaçının müraciətinə imtina məktubundan və apellyasiya şikayətindən görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 21 il 1 ay 19 gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçının tələbi də xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi”ndə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İş materiallarında olan Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 13RA/2-Ə-146-1/2023 nömrəli arxiv arayışında bildirilir ki, Daşkəsən rayon Birləşmiş Qazanxana və istilik şəbəkələri sahəsinin 1995-2006-cı illəri əhatə edən şəxsi heyət üzrə əmr və əmək haqqı kitabları gəmiricilər tərəfindən islaholunmaz dərəcədə korlandığına görə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin MEYK-sı tərəfindən xx.xx.2021-ci il tarixli 05№-li Protokolu ilə Daşkəsən rayon Dövlət Arxivinin fondundan silinmişdir, sənədlər Rayon Arxivinin fondunda mövcud olmadığına görə İddiaçı həmin təşkilatda işə qəbul olması və işdən azad olması barədə məlumat vermək imkan xaricindədir. Həmçinin məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-35/2-2405/2024 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixədək Dövlət Tikinti və Arxitektura Komitəsi yanında Daşkəsən birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsinə dair Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Daşkəsən rayonu Birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsi”ndə işlədiyi dövr araşdırıla bilmədiyindən mübahisələndirilmişdir. Həmçinin apellyasiya şikayətin dəlillərindən biridə ondan ibarət olmuşdur ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixindən xx.xx.2005ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, işə daxil olma və işdən azad olma əmrləri eyni gündə, eyni xətlə yazılıb və işdən azad olma ilə bağlı qeyd qüvvədə olan qanunvericiliklə əsaslandırılmamışdır. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının əmək fəaliyyətilə məşğul olduğu müəssisənin əmr və əmək haqqı kitablarının arxivdə tələf olması, həmçinin iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərə dair müvafiq qeydlər düzgün aparılmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli, 2-1(102)- 2386/2023 nömrəli qərarları). Hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının sözügedən müəssisədə iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3867/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar