Məhkəmə qərarları › İş №2-1(104)-243/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-243/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-243/2025 10.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 706/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 14128 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya. PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, ağrı sindromu ilə.Davamlı kökcük ağrı sindromu, hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti. Sağ əlin distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə.Somatogen mənşəli nevrotik təzahürlər.Əngin tam adentiyası, çənənin ikincili hissəvi adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə).Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 231 nömrəli hərbi psixiatr komissiyasının rəyində İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla F62.0 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış İddiaçı XBT-10 üzrə kod F 62.0, əsas xəstəlik: Fəlakət (İİ Qarabağ müharibəsi) xx.xx.2024 keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla. Medistyle hospitalın EMG müayinəsinin nəticəsi kimi qeyd edilmişdir ki, bu müayinə nəticəsində əldə olunan elektrfizioloji göstəricilər sağ qolda C6,C7, C8 innervasiyalı əzəllərdə xroniki dövr radikulopatiya lehinə dəyərləndirilir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin T00173371LJV nömrəli göndərişinə əsasən “M50.1 “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən Hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətdə kiçik çavuş rütbəsində xidmət etmiş və 2-ci Qarabağ müharibəsi zamanı Kəlbəcər ərazisində döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Döyüşlərdə aldığı xəsarətdən sonra boyun nahiyəsində yaranmış ağrılar, sağ qolunun əsməsindən, keyiməsindən əziyyət çəkdiyi üçün N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 2334 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə xəstəliyin hərbi xidmət dövrü yəni döyüşlərdə aldığı göstərilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHS-nin epikrizində (çıxarış) onun boyun nahiyəsində xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat keçirilərək “C5-C6 fəqərəarası diskektomiya, PEEK-Keyclə fiksasiya əməliyyatının aparılması göstərilmişdir.” Cərrahi əməliyyat zamanı C5-C6 disk ortalağında metal implant çıxarışda qeyd edilməmişdir. Hal-hazırda o, boyun ağrılarından əziyyət çəkir, sağ qolunda keyimə və əsmələr olur ki, bu da əmək fəaliyyətinə, hərəkətinə çox maneələr yaradır. İşə əlavə olunmuş nevrologiya şöbəsinin ******* saylı çıxarış-epikrizində göstərilib ki, “Xəstə kurs müalicəsini bitirib xəstənin ağrıları tam keçməmiş sağ yuxarı ətrafda parez boyunda hərəkət məhdudluğu davam etdiyi üçün xəstənin başqası tərəfindən qulluğa ehtiyacı var”. Cavabdehə əmək fəaliyyətinin tamam zəifləməsi bəzi hallarda heçə enməsi, boyunda olan ağrılara görə ona əlillik dərəcəsinin verilməsi üçün müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə ona imtina cavabı verilərək əlillik dərəcəsi verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 40 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 7.5.1. aqorafobiya F40.0 sosial fobiyalar F40.1 panik pozuntu F41.0 generalizə olunmuş təşviş-pozuntu F41.1 obsessiv-kompulsiv pozuntu F42 posttravmatik stres pozuntusu F43.1 dissosiativ (konversion) pozuntular F44 somatoform pozuntular F45 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.5.1.1.2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2 il 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət 65-80 2 il Gəncə şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 14128 nömrəli xəstəlik haqqında Şəhadətnamədə verilmişdir. Həmin şəhadətnamədə “C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, ağrı sindromu ilə. Davamlı kökcük ağrı sindromu, hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti. Sağ əlin distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Somatogen mənşəli nevrotik təzahürlər. Əngin tam adentiyası, çənənin ikincili hissəvi adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə). Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boynunda boyunluq müşahidə edilmiş, bədəninin sol tərəfində keyimədən, başında, boyun nahiyəsində ağrılardan şikayətlənmişdir. Həyəcana bağlı olaraq nitqində kəkələmə olduğunu ifadə etmişdir. Baxış zamanı boyunun ön səthində təxminən 3 sm ölçüdə, köndələn istiqamətdə əməliyyat çapığı izlənmişdir. Nevroloji müayinə zamanı reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü və tonusu bütün ətraflarda normal, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli Boyun fəqərələrinin MRT müayinəsinin nəticəsi “Boyun lordozu düzləşmişdir. C3-C4 fəqərəarası diskdə qabarma (bulginq). C4-C5 fəqərəarası diskdə arxa mərkəzi ölçüsü 1,7 mm protruziya. C5-C6 fəqərəarası diskdə arxa mərkəzi sağ paramedian ölçüsü 2,5 mm ekstruziya. Sağ sinir kökcüyü ilə sıx təmas izlənir. Ön epidural sahə duralkisə sağ sinir kökcüyü kompressiyası. C6-C7 fəqərəarası diskdə qabarma (bulginq). Osteoxondroz” kimi qeyd edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9659 nömrəli Çıxarışında diaqnoz “C5-C6 fəqərəarası diskdə diskektomiya və həmin səviyyədə korporodez əməliyyatından sonrakı vəziyyət. Sağtərəfli servikal radikulopatiya” kimi qeyd olunmuş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli Servikal spinal mRt müayinəsinin nəticəsi “Servikal lordozun düzləşməsi, vertebralarda degenerativ dəyişikliklər” kimi, Lumbosakral MRT müayinəsinin nəticəsi “Vertebralarda degenerativ dəyişikliklər. L2-L3 diskində sirkulyar anulyar qabarma fonunda posteriosentral kiçik protruziya” kimi qeyd olunmuşdur. Medistyle Hospitalın EMG müayinəsinin nəticəsi “Bu müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sağ qolda C6, C7, C8 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiya lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Serebral strukturlar patologiyasızdır, nazal septum sağa doğru deviasiyalıdır. Hər iki maksillar sinusda, etmoid hücrələrdə və frontal sinusun hər iki yarısında mukozal qalınlaşmalar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Nevrasteniya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, digər orqanlar tərəfindən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən yenidən etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, digər orqanlar tərəfindən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-706/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 40 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iş materialları ilə iddiaçının əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona əlillik dərəcəsi təyin edilməli olduğu halda bunu etməmişdir. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə uyğun olaraq əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 17 mart 2024-cü il tarixdən orqanizmin funksiyalarının 40 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 706/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X2 xx.xx.2024-cü il tarixli onurğa sütununun bel-oma hissəsinin MR müayinəsinin nəticəsi “Açıqlığı sağa baxan skolioz qeyd olunur. Bəzi fəqərə cisimlərinin künclərində fokal yağlı degenerativ dəyişikliklər qeyd edilir. Bəzi fəqərə cisimlərinin tamamlayıcı lövhələrində kiçik şmorl düyünləri mövcuddur. L3 fəqərə cismində 20mm, L5 fəqərə cismində 7 mm ölçüsündə hemangiomalar qeyd edilir. L2-3 diskin hündürlüyü azalmışdır. L2-3 diskin T2 MR siqnalında mülayim dərəcədə zəifləmə (dehidrasiya) izlənilir. L2-3 diskdə posterior geniş əsaslı ən geniş yerində ~2.7 mm ölçüsündə yırtıq qeyd edilir. Neyroforamenlər inferiordan daralmışdır. L2 sinirlərinə təmas qeyd olunur. L3-4 diskinə posterior geniş əsaslı 2.5 mm ölçüsündə protruziya qeyd edilir. Neyroforamenlər inferiordan daralmışdır. L3 sinirlərinə təmas qeyd olunur. L4-5 diskinə posterior geniş əsaslı sirkulyar qabarma qeyd edilir. Neyroforamenlər açıqdır. L4 sinirləri sərbəstdir. Digər fəqərəarası disklərin protruziyası yaxud yırtığı müşahidə edilmir. Faset oynaqları səthi bir miqdar hipertrofik görünüşdədir” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024cü il tarixli 11413/24 nömrəli Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 156 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və psixi pozuntular aşkarlanmamışdır. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 6.6.3. bənd - boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi 6.6.3.1. yarımbəndinə əsasən, mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan) – XTB-10 (M50) zamanı orqanizmin funksiyasının pozulması 40 faiz olmaqla 2 il müddətinə müəyyən edilimişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin T00173371LJV nömrəli göndərişinə əsasən “M50.1 “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan teztez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 14128 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya. PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, ağrı sindromu ilə.Davamlı kökcük ağrı sindromu, hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti. Sağ əlin distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə.Somatogen mənşəli nevrotik təzahürlər.Əngin tam adentiyası, çənənin ikincili hissəvi adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə).Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş forma 88 arayışın surətindən görünür ki, İddiaçı əsas diaqnozla M50.1-“Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti) ilə yanaşı, ağırlaşma ilə (R52.1 müalicəyə tabe olmayan daimi ağrı, davamlı kökcük ağrı sindromu), yanaşı xəstəliklər (K00.0- Adentiya, əngin tam adentiyası , çənənin ikincili adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə)), Ağırlaşma (G83.2 yuxarı ətrafların monoplegiyası, sağ əlin distal parezi), yanaşı xəstəliklər (F45 Somatoform pozuntular, somatogen mənşəli nevrotik təzahürlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya sonuncu müayinə nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 6.6.3-cü bəndin 6.6.3.1-ci yarımbəndində öz əksini tapmışdır. Qeyd olunan Əlavənin həmin yarımbəndinə əsasən iddiaçıya qoyulmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması faizi 40 faiz müəyyən edilmiş və bu diaqnoza görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Burdan da göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 14128 nömrəli qərarına əsasən xəstəliyin yaranması səbəbi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uyğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. İşin hallarından görünür ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin təyin edilmə tarixini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən hesablamaqda haqlı olmuşdur. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-706/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar