Məhkəmə qərarları › İş №2-1(104)-245/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-245/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-245/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2395/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixində “ərizənin baxılmamış saxlanılması haqqında” ******* nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2395/2025 saylı qərarı ilə (hakim E.Axundov) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2395/2025 nömrəli qərarının ləğv edilərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin hər hansı hüquqlarına müdaxilə olmamışdır. Ona görə də, apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 81.2ci maddəsində müəyyən olunmuş tələb pozulmaqla verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi üzrə yuxarıda qeyd edilmiş qanunvericiliyə əsasən inzibati icraat aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh orqanın fəaliyyət istiqamətinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən inzibati icraat aparılaraq müvafiq qərarın qəbul edilməsindən ibarət olmuşdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquqlarına və qanuni maraqlarına mənfi təsir göstərməsi tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, şəxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı nəticəsində cavabdehin hüquqları və qanuni maraqları pozulmadığından o, apellyasiya şikayəti vermək hüququna malik olmamışdır. Bu hal, yəni apellyasiya şikayəti vermək hüququna malik olmayan şəxs tərəfindən şikayətin verilməsi şikayətin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayət mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar