Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-246/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3185/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyasının yığım hissəsi xx.xx.2017-ci il tarixdə 35.93 manatdan 95.12 manata çatdırılmışdır. İddiaçı pensiyası xx.xx.2017-ci il tarixdə yenidən hesablanmışdır. DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2017-ci il tarixli sərəncamı ilə pensiya məbləği 516.37 manat müəyyən edilmişdir. İddiaçı iki iş yerində - "xxxx" MMC və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında (xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək) işləmişdir. O, YAP Gəncə şəhər təşkilatından işdən azad olması ilə bağlı xx.xx.2022-ci il cavabdeh orqana müraciət etmiş və ona məktubla (məktubun tarix və nömrə rekvizitləri məlum deyil) pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən edildiyi, bu barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********73 nömrəli qərara əsasən İddiaçı pensiyası işdən azad olma səbəbi ilə yenidən hesablanaraq, 15117.55 manat pensiya kapitalı əsasında 900.36 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya artıq ödənilmişdir. Artıq vermə məbləği – 2846.26. İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə yenidən baxılmasını xahiş etmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/1- B-67703/2023 nömrəli qərara əsasən İddiaçı pensiyası (1051.82 manat) 37.3.1-ci maddəyə əsasən yenidən hesablanaraq, 23266.13 manat pensiya kapitalı əsasında 807.49 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeriolan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya artıq ödənilmişdir. Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırıldı. Artıq vermə məbləği – 4924.34. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-171/2-B-105686/2023 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdən ona yaşa görə əmək pensiyası hesablanmışdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5306.40 manat Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 18150.48 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) 511.76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 596.71 manata, xx.xx.2021-ci il tarixindən 664.74 manata, xx.xx.2022-ci il tarixindən 687.34 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 704.00 manata, eyni zamanda 29.1-ci maddəyə uyğun olaraq 807.49 manata çatdırılmışdır. xx.xx.2023-cü il tarixli müraciət zamanı xx.xx.2022-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv əmək müqaviləsi: (əlavə) Azərbaycan Texnologiya Universiteti MMC) əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablandığı məlum olmuşdur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixindən (xx.xx.2022-ci il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. Məhkəmənin sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-203210/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 1-79739/2023 nömrəli xidməti məktubuna əsasən bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeri olan və onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə aparılmış hesablama nəticəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək İddiaçı pensiyanın artıq ödənildiyi məlum olmuş və Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırılmışdır. X4 əsasən İddiaçı xx.xx.2017-xx.xx.2022-ci il tarixə də artıq ödənilmiş 3088.43 manat məbləğində vəsait aşkar edilmişdir. xx.xx.2022- xx.xx.2023-cü il tarixə aşkar edilmiş artıq ödənilmiş vəsait xx.xx.2017-xx.xx.2022-ci il tarixə olan artıq ödənilmiş vəsaitlə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əvəzləşdirilməklə yekun olaraq, xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 4924.34 manat artıq ödənilmiş vəsait qeydə alınmışdır. X4 daxil edilən məlumatlar əsasında xx.xx.2022-ci il tarixindən 90.04 manat olmaqla İddiaçı əmək pensiyasından tutulmalar həyata keçirilir. Əmək pensiyasından aparılan tutulma nəticəsində 1350.60 manat bərpa edilmiş, xx.xx.2023-cü il tarixə qalıq borc 3573.74 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödəməyə yol vermiş işçi məsuliyyətə cəlb edilməklə, onun pensiyasından tutulmaya dair “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 72.1 və 73-cü maddələrinə əsasən barəsində qəbul edilmiş həmin qərarın dayandırılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli 03-171/2- B165686/2023 saylı məktubuna əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı onun pensiya məbləğində artıq ödəniş faktı aşkar edilmişdir. Artıq ödəmənin kim tərəfindən edilməsi, neçə faiz, nə qədər məbləğ və nə vaxta kimi ödənilməsi ona aydın deyil. Ölkə prezidentinin sərəncamına əsasən artıq ödəmə məsələsinə amnistiya verilməsinə baxmayaraq, ondan hələ də pul tutulur. Xahişi budur ki, artıq ödəməyə yol vermiş işçi məsuliyyətə cəlb olunmaqla pensiyasından tutulma dayandırılsın. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3185/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Sosial Ödənişlərin Təyinatı üzrə X5 pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və 1 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarların ləğv edilməsi, həmin qərarlar əsasında artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərin İddiaçı tutulmasının cavabdehə qadağan edilməsi və iddiaçıdan tutulmuş 1530.68 manat məbləğin ona geri qaytarılması, iddiaçının əmək pensiyasının yenidən hesablandığı 1 iyul 2017-ci il tarixdən sonra 6 il işləyərək 01 iyul 2023-cü il tarixədək topladığı pensiya kapitalı əsasında və 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdeh orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasından tutulmalar apardığı zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Göründüyü kimi, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Eyni zamanda, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi və əmək pensiyasının yenidən hesablandığı xx.xx.2017-ci ildən 6 il keçmədiyi halda onun əmək pensiyasının yenidən hesablanması qanunauyğun olmamış və bu barədə qəbul edilmiş Sosial Ödənişlərin Təyinatı üzrə X5 pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli **********3 nömrəli və 1 may 2023-cü il tarixli 3-17-1/1-B-67703/2023 nömrəli qərarları qanunsuz olmuşdur. Həmçinin, iddiaçının əmək pensiyasının yenidən hesablandığı xx.xx.2017-ci il tarixdən o, 6 il işləyərək xx.xx.2023-cü il tarixədək pensiya kapitalı topladığı üçün və əmək pensiyasının yenidən hesablanması barədə qərarlar ləğv edildiyi üçün iddiaçının əmək pensiyası yenidən hesablanmalı və bu zaman hesablama 01 iyul 2017-ci il tarixdə aparılmış yenidən hesablama zamanı cavabdeh orqanın səhvi ucbatından pensiya kapitalının 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınmadan həyata keçirilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək pensiyaları haqqında qanunun 37.3.1-ci maddəsinin tələbləri əsasında xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.306,40 manat, Qanunun 37.3.1 ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 18.150,48 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 511,76 manat müəyyən edilmişdir. Həmin qanunun 29-cu maddəsinin tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixdən 596,71 manata, xx.xx.2021-ci il tarixdən 664,74 manata, xx.xx.2022-ci il tarixdən 687,34 manata çatdırılmışdır. Qanunun 26-cı maddəsinin tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 704,00 manata, eyni zamanda Qanun 29.1ci maddəsinə əsasən 807,49 manata çatdırılmışdır. İddiaçı H. Budaqovun xx.xx.2023-cü il tarixli müraciət zamanı xx.xx.2022-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kategoriyasına keçmədiyi halda (aktiv əmək müqaviləsi: Azərbaycan Texnologiya Universiteti MMC) əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Nəticədə iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Həmin qanunun 39.1-ci maddəsində qeyd edilir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş artıq ödəmə hər ay 90,04 manat olmaqla iddiaçının pensiyasından tutulmaqdadır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat qanunvericiliyin tələblərinə uyğun olmuş, İddiaçı qanunla qorunan hüquq və mənafelərinə qanunsuz müdaxilə olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iki iş yerində -"xxxx" MMC və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında işləmişdir. O xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, xx.xx.2022-ci il tarixdə YAP Gəncə şəhər təşkilatından işdən azad olması ilə bağlı əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş və cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********73 nömrəli qərarına əsasən İddiaçı pensiyası işdən azad olma səbəbi ilə yenidən hesablanaraq, 15117.55 manat pensiya kapitalı əsasında 900.36 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılmışdır. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2846.26 manat məbləğində pensiya artıq ödənilmişdir. Bundan əlavə İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, pensiyadan tutulması məsələsinə yenidən baxılmasını xahiş etmiş və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/1-B-67703/2023 nömrəli qərara əsasən İddiaçı pensiyası (1051.82 manat) 37.3.1-ci maddəyə əsasən yenidən hesablanaraq, 807.49 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixli müraciəti əsasında pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeriolan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə uyğunlaşdırılmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4924.34 manat məbləğində pensiya artıq ödənilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli sorğusuna verilmiş cavabdan da görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, onun xx.xx.2017-ci il tarixində müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda pensiya sığorta kapitalı əsassız olaraq 35.93 manatdan 95.12 manata çatdırılmışdır. X2 xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2846,26 manat artıq vermə müəyyən edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında onun əmək pensiyasına yenidən baxılmış və məlum olmuşdur ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda onun əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq vermə müəyyən edilmişdir. Eyni zamanda Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-B-67703/2023 nömrəli qərarı əsasında Qanunun 39.1 maddəsinə edilmiş dəyişikliklə əlaqədar uyğunlaşdırılma aparılaraq artıqvermə yenidən hesablanmış, müvafiq dəyişiklik pensiya ödənişində nəzərə alınmışdır. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək aşkar edilmiş artıq ödənilmiş vəsait xx.xx.2017-xx.xx.2022-ci il tarixə olan artıq ödənilmiş vəsaitlə Qanunun 39.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əvəzləşdirilməklə yekun olaraq, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 4924,34 manat artıq ödənilmiş vəsait qeydə alınmışdır. Əlavə olaraq bildilmişdir ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-79739/2023 nömrəli xidməti məktubuna uyğun olaraq xx.xx.2022-ci il tarixindən 90,04 manat olmaqla, İddiaçı əmək pensiyasından tutulmalar həyata keçirilir. Əmək pensiyasından aparılan tutulma nəticəsində xx.xx.2023-cü il tarixinə qalıq borc 3573,74 manat (1350,60 manat bərpa edilmişdir) təşkil edir. Həmçinin qeyd olunan cavab məktubuna iddiaçının pensiya işinin təsdiq olunmuş surəti əlavə olunmuşdur. "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası müəyyən edilərək göstərilmişdir ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. İş materiallarından görünür ki, İddiaçı pensiyası xx.xx.2017-ci il tarixdə yenidən hesablanmışdır. Lakin, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında onun işləyən əmək pensiyaçısı kateqoriyasında olmasına və əmək pensiyasının yenidən hesablanmasından 6 il keçməməsinə baxmayaraq xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarla əmək pensiyasını yenidən hesablamış və xx.xx.2017-ci il tarixdə vətəndaşın hər hansı müraciəti və ya sosial sığorta göstəricilərində heç bir dəyişiklik olmadığı halda əsassız şəkildə pensiya sığorta kapitalı 35.93 manatdan 95.12 manata çatdırılması nəzərə alınaraq, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2846.26 manat məbləğində artıq ödəmə olmasını müəyyən etmiş və artıq ödəməni xx.xx.2022-ci il tarixdən pensiyaçının razılığı və ya bu barədə məhkəmə qərarı olmadan tutmağa başlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli, 3-17-1/1-B-67703/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, cavabdeh tərəfindən İddiaçı pensiyası yenidən hesablanaraq 807.49 manat məbləğində müəyyən edilmişdir. Həmçinin həmin qərarın qeyd hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iki və ya daha çox iş yeri olan vətəndaş onlardan birindən azad olunduğu halda işdən azad olmaya görə hesablama aparılmışdır. Nəticədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4924.34 manat məbləğində pensiya artıq ödənilmişdir və “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılaraq əvvəlki yenidən hesablama zamanı müəyyən edilmiş artıq ödəmə məbləğinin əvvəki üç ildən artıq hissəsi çıxılmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4924.34 manat məbləğində pensiya artıq ödənilməsi müəyyən edilərək, iddiaçının əmək pensiyasından tutulmağa başlanılmış, lakin bu zaman iddiaçının razılığını almamış və ya bununla bağlı məhkəmə qərarı olmamışdır. Beləliklə, həmin qərarlar əsasında xx.xx.2022-ci il tarixdən 2023-cü ilin oktyabr ayına kimi artıq ödəmə kimi müəyyən olunmuş məbləğlərdən 1530,68 manat iddiaçıdan əsassız olaraq tutulmuşdur. Belə ki, iddiaçının işləyən əmək pensiyaçısı kateqoriyasında olduğunu və xx.xx.2017ci il tarixdə əmək pensiyasının yenidən hesablanmasından 6 il keçmədiyini nəzərə aldıqda cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Əmək pensiyasının yenidən hesablanması barədə 25 may 2022-ci il tarixli, **********3 nömrəli və 1 may 2023-cü il tarixli, 3-17-1/1-B-67703/2023 nömrəli qərarların qanunauyğun olmadığı müəyyən olunur. Bundan əlavə kollegiya artıq ödəmənin tutulmasına münasibətdə qeyd edir ki, inzibati orqan yenidən hesablama nəticəsində iddiaçının təqsirli davranışı ilə bağlı olmayan, ona ödənilmiş artıq ödəmə məbləğini müəyyən edərək iddiaçının əmək pensiyasından tutmağa başlamışdır ki, bunda da haqlı sayıla bilməz. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Lakin işin hallarından da göründüyü kimi nə əmək pensiyaçısının belə razılığı olmuşdur, nə də məbləğin tutulması ilə bağlı məhkəmə qərarı mövcuddur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının əmək pensiyasının yenidən hesablandığı tarixdən 6 il işləyərək xx.xx.2023-cü il tarixədək pensiya kapitalı topladığı üçün və əmək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edildiyi üçün iddiaçının əmək pensiyasının yenidən hesablanmalı olduğu barədə gəldiyi nəticəsi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3185/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-246/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-246/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver