Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-247/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqi məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-2604/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. “Güzəştli şərtlərlə yaşa görə 50 yaşdan əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı 2010-cu ildə-52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, ona 2008-ci ildən-50 yaşdan pensiya təyin edilməsindən imtina edilmişdir.
2. İmtina onunla əsaslandırılmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin «a» bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi xx.xx.2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1№-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir.
3. İddiaçı məxsus İT-İ ******* nömrəli əmək kitabçalarına əsasən xx.xx.1976- 11.1978-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1989xx.xx.1990, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992ci, xx.xx.1993-xx.xx.1997-ci il il onun iş stajıdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona pensiya hesablanması zamanı əmək pensiyası hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq 50 yaşdan güzəştli şərtlə hesablanması və həmin hesablanma nəticəsində yaranmış fərqin ona ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1976-cı ilin noyabr ayından başlamışdır və 1993-cü ilin aprel ayından əmək fəaliyyətinə Neft Daşlarında əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışaraq davam etmişdir və halhazırda da orada işləyir. Ona 52 yaşı tamam olarkən (2010-cu il) güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Hesab edir ki, ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyası 2008-ci ildən (50 yaşı tamam olarkən) təyin edilməli idi. Ona görə ki, qanunvericiliyin tələbinə əsasən 2008-ci ildə ümumi stajı 32 il zərərli sahələr üzrə isə 15 il tamam olmuşdur. Belə ki, qanunvericiliyin tələbindən çıxış edərək bildirir ki, 2006-cı ilə qədər güzəştli şərtlər üzrə iş stajı 12 il 6 ay, bu zaman 2010-cu ilə qədər güzəştli şərtlərlə yaş həddi pensiya yaş yaşı 50 yaş olmaqla müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, ona güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinin tamam olduğu 2008-ci ildə (50 yaş) təyin edilməli idi. Çünki, həmin dövrdə onun ümumi stajının (32 il) 15 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər (neft qaz istehsalatı sahəsi üzrə operator vəzifəsi) olmuşdur. Ona münasibətdə pensiya hesablanması zamanı pensiya hüququ yarandığı tarixdən yəni, xx.xx.2008-ci il tarixdən pensiyasının həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə uyğun olaraq hesablanması və həmin hesablanma nəticəsində yaranmış fərqin ödənilməsi, həmçinin yenidən hesablanma nəticəsində ona təyin olunmuş pensiyası üzrə ödənilməmiş pensiya fərqi məbləğinin birdəfəlik ödənilməsi zərurəti yaranmışdır. Bununla bağlı tərəfindən cavabdeh təşkilata xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq bu hüququnun təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh buna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla ona imtina məktubu vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi qeyd etmişdir ki, ona 52 yaşdan güzəştli şərtlərlə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İnzibati orqan imtinasının hüquqi əsası olaraq istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ona münasibətdə düzgün şərh etməmişdir. Belə ki, məhz həmin qərar ona 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququna təminat verir. Yuxarıda qeyd olunanlara əsasən inzibati orqanın üzərinə məhkəmə qaydasında öhdəlik qoyulması zərurəti vardır.
6. Cavabdehin iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdə 213 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı münasibətdə iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuş, 52 yaşı isə xx.xx.2010-cu il tarixdə tamam olmuşdur. Qanunvericiliyə uyğun olaraq İddiaçı xx.xx.2010-cu il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci il tarixdən (50 yaşdan) təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək pensiyası hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı, məhkəmə tərəfindən təmin edilməməlidir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2604/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia qismən təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yenidən hesablanması və xx.xx.2019-cu il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01 avqust 1997-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə azı 20 il iş stajı və azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı olduğundan, 50 yaşının tamam olduğu 05 mart 2008-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır. Odur ki, bu hissədə cavabdehin imtinasının dəlilləri əsaslı olmadığından, iddia həmin hissədə təmin edilməlidir. 9.Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən yaş həddi 1997ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci İl tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ii tarixli 320 nömrəli Qərarı iiə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır; 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericiliklə nəzərdə tutulmuş ümumi sığorta stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı və 4) həmin peşə üzrə qanunvericiliklə nəzərdə tutulmuş xüsusi sığorta stajına malik olmalıdır. İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuş, 52 yaşı isə xx.xx.2010-cu ii tarixdə tamam olmuşdur. Bildirilir ki, qanunvericiliyə uyğun olaraq İddiaçı xx.xx.2010-cu il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. İdiaçıya xx.xx.2008-ci il tarixdən-50 yaşdan pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsi 01 avqust 1997-ci ilə qədər iddiaçının həmin staja malik olub-olmamasını araşdırmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyası: Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəfin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
23. İşin hallarından müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı 1976cı ilin noyabr ayından 11.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçıya 05 mart 2010-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
24. İddiaçı ona 50 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
25. Cavabdeh inzibati orqanın imtina ərizəsi və apellyasiya şikayəti müvafiq olaraq onunla əsaslandırmışdır ki, iddiaçının 52 yaşı tamam olduğu tarixdən-xx.xx.2010-cu ildən ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir, şəxsə 50 yaşından-xx.xx.2008-ci ildən pensiya təyin edilməsi üçün dövrü normanın tələbinə uyğun olaraq 20 il ümumi, 10 il isə güzəştli şərtlərlə işlədiyi illərə dair staj tələbi mövcud olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən 01 avqust 1997-ci ilə qədər iddiaçının həmin staja malik olub-olmamasını araşdırılmamışdır.
26. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçalarına əsasən xx.xx.1976- 11.1978-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1989xx.xx.1990, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992ci, xx.xx.1993-xx.xx.1997-ci illər onun iş stajıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).
28. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş xidməti məktubdan məlum olur ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatalara əsasən xx.xx.1997-ci il tarixinədək onun ümumi stajı 15 il 8 ay 9 gün (xx.xx.1976xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci, xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı isə 4 il 3 ay 10 gün (xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iddiaçının 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququnun olması barədə gəldiyi nəticə əsaslı olmamışdır.
30. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə 2 nömrəli Siyahı üzrə kişilərin 50 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün 01 avqust 1997-ci il tarixə qədər 20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajının olması tələb edilir. Hazırki iş üzrə iddiaçının 01 avqust 1997-ci il qədər həmin stajı mövcud olmamışdır.
31. İddiaçıya məxsus əmək kitabçalarına əsasən sonuncunun xx.xx.1976- 11.1978-ci illərdə hərbi xidmət illər, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1985-ci il (digər iş illəri ilə üst-üstə düşür), xx.xx.1989-xx.xx.1990-cı il (xidməti məktubda nəzərə alınmamışdır), xx.xx.1983xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci, xx.xx.1993xx.xx.1997-ci illər ümumilikdə hesablanmaqla tələb olunan iş stajı tələbi ödənilməmişdir.
32. Belə olan halda qanunvericiliyin tələbinə görə 01 yanvar 2006-cı ilə qədər müvafiq olaraq 20 il ümumi, 10 il güzəştli stajı olan kişilərin yaşa görə güzəştli şərtlə pensiya hüququ 50 yaşdan deyil, 52 yaşdan yaranmış olacaqdır. Bu səbəbdən iddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu 05 mart 2010-cu il tarixdən yaranmış olur.
33. Beləliklə, hazırki halda iddiaçının ümumi və xüsusi əmək stajına dair şərt yerinə yetirilmədiyindən iddia edilən normanın ona tətbiqi istisna edilir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2604/2022 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov