Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-248/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2722/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1957-ci il tarixdə Tərtər rayonun Qaradağlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1973-1975-ci illərdə Tərtər rayon Frunze adına kolxozda işləmiş, xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixli, 40 nömrəli əmrlə Mirbəşir rayon X7 Qaradağlı pambıq məntəqəsinin yeməkxanasına bufetçi vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci il tarixli, 333 nömrəli əmrlə azad edilmişdir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qaradağlı kənd 75 nömrəli mağazada satıcı işləmişdir. İddiaçı pensiya təyinatı məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qarabağ regional filialına müraciət etmiş, sonuncu isə iddiaçının sənədlərinin aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasına və hərbi biletin surətinə əsasən sığorta stajı 5 il 09 ay təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, sığorta stajını təsdiq edən əlavə sənəd təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək dövrləri zərurət olduğu halda araşdırıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 1973- 1975-ci illər ərzində (3 il) Tərtər rayonun “Frunze” adına kolxozda kolxozçu işlədiyi müddətin, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək (2 il 9 ay 9 gün) Tərtər rayonun X1 yeməkxanasında bufetçi, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək (1 il 26 gün) Tərtər rayonu Qaradağlı kəndindəki 75 nömrəli mağazada satıcı, xx.xx.1981-ci ildən xx.xx.2002ci ilədək (20 il 6 ay 01 gün) Tərtər rayonun Qaradağlı kəndindəki 75 nömrəli mağazada satıcı-briqadir vəzifələrində işlədiyi müddətin, ümumilikdə xx.xx.2006-cı ilədək 29 il 04 ay 06 günün ona pensiya hüququ verən ümumi iş stajına hesablanması və xx.xx.2006-cı il və xx.xx.2006-cı illərdə 8 manat məcburi dövlət sosial sığorta ödənişləri etdiyi nəzərə alınmaqla pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək məcburi dövlət sosial sığorta ödənişləri etdiyi nəzərə alınmaqla Qanunun 22-1.1-ci maddəsinə əsasən pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2722/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh etirazında bildirmişdir ki, iddiaçı xx.xx.2006-cı ildən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini iddia etsə də, müvafiq rüblük hesabatlar təqdim edilmədiyindən məcburi sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Başqa sözlə, cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən verilmiş və həmin şöbənin möhürü ilə təsdiqlənmiş ÇİL seriyalı xx.xx.2006-cı il tarixli, 679567 nömrəli və ÇİL seriyalı, xx.xx.2006-cı il tarixli, 680492 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 2006-cı il ödəniş dövrü üzrə 04 AZN və 04 AZN olmaqla, cəmi 8AZN məcburi dövlət sosial sığorta haqqını ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2006-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən 12 il əvvəl ödəmişdir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini məhkəmə əsaslı saymır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, X2 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı aşkar edilməmişdir. Eyni zamanda bildirirlər ki, X5 xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qarşılıqlı yoxlama aktının nəticəsinə əsasən 1997-ci il tarixdən 2001-ci il tarixədək İddiaçı adı əməkhaqqı və əmr kitablarında qeyd olunmamışdır. Həmçinin 1978-ci il tarixindən 1997-ci il tarixədək İddiaçı ata adı əməkhaqqı kitablarında qeyd olunmadığından əmək haqqı məbləğləri barədə məlumat təsdiqlənmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. 2006 - 2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat"lar (bundan sonra - Forma B1, B2) və ona uyğun təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (bundan sonra - Forma B3) əsasında həyata keçirildiyindən İddiaçı (SUN: **********8) 2006-2008-ci illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 21 il 8 ay 19 gün sığorta stajı toplamış, xx.xx.2022-ci il tarixdə pensiya hüququ yaranmışdır. İddiaçı 2006-cı ilin avqust və sentyabr aylarında məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək hesab edir ki, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh orqan isə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını və ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olmasını əsas gətirərək pensiya təyinatından imtina etmişdir. Cavabdehin özü də etirazında təsdiq edir ki, iddiaçı 21 il 6 ay 19 gün sığorta stajı toplamışdır və həmin müddət mübahisələndirilmir. Qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Lakin, cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi tərəfindən verilmiş və həmin şöbənin möhürü ilə təsdiqlənmiş ÇİL seriyalı xx.xx.2006-cı il tarixli, 679567 nömrəli və ÇİL seriyalı, xx.xx.2006-cı il tarixli, 680492 nömrəli mədaxil qəbzlərindən də görünür ki, İddiaçı 2006-cı il ödəniş dövrü üzrə 04 AZN və 04 AZN olmaqla, cəmi 8AZN məcburi dövlət sosial sığorta haqqını ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2006-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən 12 il əvvəl ödəmişdir və iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin tam və ya qüsurlu şəkildə X3 qeydiyyata düşməməsi onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli və pensiya hüququnun təminatına mane olmamalıdır. Cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərindən istifadə etməklə ödənişlərin tam və dürüst şəkildə Sistemdə qeydiyyata salınması ilə bağlı tədbirlər görməli idi. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlilləri əsaslı deyil. Qeyd olunmalıdır ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2722/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-248/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-248/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver