Məhkəmə qərarları › İş №2-1(104)-248/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-248/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-248/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “qərarın ləğv edilməsi və qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3200/2023 nömrəli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1403 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 9/4-cü maddəsinə müvafiq olaraq xx.xx.2009-cu il tarixdən ömürlük prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 11/384 nömrəli əmrində qeyd olunur ki, Göygöl rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Nuriyev X2 Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.4-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilib qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilsin.

3. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina cavabında bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 4 noyabr 2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 900,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 405,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 597,92 manat olmaqla orta aylıq əmək haqqı 2032,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2032,92 manat) 80 faizi-1626,34 manat məbləğində hesablanıb. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (1626,34 manat) sığorta hissəsi tam (266,38 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34-266,38=1359,96x50%=679,98 manat) olmaqla əmək pensiyası ümumilikdə 946,36 manat (266,38+679,98) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə 2019-cu ilin dekabr ayı üzrə ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona 679,97 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilərək 1 yanvar 2020-ci il tarixindən 310,60 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (310,60 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34- 310,60=1315,74x50%=657,87 manat) olmaqla əmək pensiyası ümumilikdə 968,47 manat (310,60+657,87) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7894,32 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixindən 346,01 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (346,01 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34- 346,01=1280,33x50%=640,17 manat) olmaqla ümumilikdə əmək pensiyası 986,18 manat (346,01+640,17) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7681,80 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2022-ci il tarixindən 357,78 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34- 357,78=1268,56x50%=634,28 manat) olmaqla ümumilikdə əmək pensiyası 992,06 manat (357,78+634,28) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 6976,97 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1185,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 533,25 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 770,10 manat olmaqla orta aylıq əmək haqqı 2618,35 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınıın (2618,35 manat) 80 faizi-2094,68 manat məbləğində hesablanıb. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2094,68 manat) sığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2094,68-357,78=1736,90x50%=868,45 manat) olmaqla əmək pensiyası ümumilikdə 1226,23 manat (357,78+868,45) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona 400,10 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 1348,85 manat müəyyən edilib. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1547,14 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 1547,14 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 1788,96 manat ödənilib. Bu səbəbdən də ona həmin ay üzrə 241,82 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23874,98 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 23874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 1213,92 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 1951,60 manat ödənilib. Nəticədə ona maddi yardım üzrə 737,68 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin pul vəsaiti cari ilin fevral ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

4. «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7117/2023 nömrəli qərarla İddiaçı əmək pensiyası yenidən hesablanaraq, 1226,23 manat məbləğində, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 1547,14 manat məbləğində müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən sözügedən Qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə (20.1.4-cü maddə də daxil olmaqla) göstərilən vəzifələrdə (hakim vəzifəsi daxil olmaqla) çalışdıqda 50 faiz həcmində ödənilir. Hazırda hakim kimi fəaliyyət göstərdiyindən pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 faiz miqdarında ödənilir. Eyni zamanda bildirilir ki, aparılan araşdırma nəticəsində pensiya məbləği cari ilin fevral ayından etibarən 1547,14 manata azaldılıb, həmçinin ona xx.xx.2019-xx.xx.2023- cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23874,98 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 23874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qanunsuz hesab edib, prokurorluq orqanlarında qulluq stajına görə ona təyin olunmuş pensiyasına əlavələrin 01 yanvar 2023-cü il tarixdən davam etməklə tam məbləğdə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1984-cü ilin oktyabr ayından prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 25 il qulluq etməklə güzəştli şərtlərlə əmək pensiyası hüqüqu olan şəxs kimi ona Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 04 noyabr 2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» 7 fevral 2006-cı il tarixli Qanunun 20.1.5-ci maddəsinə əsasən prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilmişdir. Həmin Qanunun 10 mart 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasının 37.3.4-cü maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Qanunun həmin tələbinə tam uyğun olaraq onun 2009-cu ilin noyabr ayından 2011-ci ilin yanvar ayınadək prokurorluq orqanlarında çalışmaqda davam etdiyi nəzərə alınaraq, düzgün olaraq onun qulluq stajına görə əmək pensiyasına əlavələr 50 faiz həcmində hesablanmışdır. 01 yanvar 2011-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmağı ilə əlaqədar olaraq prokurorluq orqanlarından xaric olunduğundan, yəni digər hal meydana gəldiyindən, artıq prokurorluq orqanlarında çalışmadığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun həmin dövrdə qüvvədə olmuş redaksiyasının 37.3.4-cü maddəsinin tələbinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr həmin tarixdən etibarən tam məbləğdə hesablanmaqla ödənilmişdir. 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə dəyişiklik edilməklə həmin maddə aşağıdakı məzmunda yazılmışdır: “Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir”. «Digər hallarda isə tam məbləğdə ödənilir» cümləsi Qanundan xaric edilmişdir. Qanunda edilmiş həmin dəyişiklik onun qulluq stajına görə əmək pensiyasına tətbiq olunmadığından xx.xx.2023-cü il tarixədək olan müddətdə əmək pensiyasına əlavələr tam məbləğdə hesablanıb ödənilməkdə davam etmişdir. Lakin 2023-cü ilin yanvar ayında qulluq stajına görə əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 37.3.4-cü maddəsinə istinad olunmaqla, işləyən əmək pensiyaçısı kimi əmək pensiyasına əlavələr 50 faiz miqdarında hesablanmaqla, əmək pensiyasının məbləği qanunsuz olaraq azaldılmışdır. O, prokurorluq orqanlarda qulluq stajına görə təyin edilmiş əmək pensiyasına əlavələrin 2023-cü il yanvar ayının 1-dən etibarən tam məbləğdə deyil, 50 faiz miqdarında hesablanmasını qanunsuz hesab edərək, yenidən hesablanmaqla ödənilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 04 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli məktublarla onun tələbini təmin etməmişdir. Eyni zamanda guya ona xx.xx.2019-xx.xx.2023-cü il tarixlər arasında 23874,98 manat məbləğində artıq pul vəsaitinin ödənildiyini qeyd edərək artıq ödənilmiş pulun pensiyasından tutulmasına razılıq ərizəsi verməyi tələb etmişdir. Cavabdeh imtina məktubunda onun prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş əmək pensiyasına əlavələrin 50 faiz miqdarında hesablanmalı olmasını, «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasə hakim vəzifəsində çalışmağında əsaslandırmışdır. Həmin Qanunun 20.1.4-cü maddəsində isə göstərilmişdir ki, Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. O, əmək pensiyası yaşına çatmış hakim deyil, İ dərəcə əlil müəyyən edilmiş sabiq hakim də deyil. O, hazırda hakim vəzifəsində çalışır. Ona əmək pensiyası hakimlik fəaliyyəti ilə bağlı deyil, güzəştli şərtlərlə pensiya alan şəxs kimi, prokurorluq orqanlarında 25 il qulluq etməklə qulluq stajına görə əlavə təyin edilmiş şəxs olduğuna görə Qanunun 20.1.4-cü maddəsi ona münasibətdə tədbiq edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə 10 mart 2017-ci il tarixli dəyişikliyindən sonra göstərilmişdir ki, Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə 20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulmuş qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Hesab edir ki, 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş bu dəyişiklik onun prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faizə endirilməsi, pensiyasının azaldılması üçün əsas ola bilməz. Çünki, o, prokurorluq orqanlarından 10 mart 2017-ci il tarixdən əvvəl, yəni 2011-ci ildə xaric olunmuş və əmək pensiyasına əlavələr tam məbləğdə ödənilməyə həmin vaxtdan başlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit edildiyi kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklikliyə əsaslanmaqla, onun qulluq stajına görə əmək pensiyasına edilən əlavənin 50 faizə endirilməsi qanuna zidd hesab edilməli və onun üzərinə xx.xx.2023-cü il tarixdən əlavənin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3200/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2017ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin Qanuna edilmiş dəyişikliyə əsasən 37.3.4-cü maddədən “Digər hallarda isə tam məbləğdə ödənilir” cümləsi xaric edilmişdir. Buna görə də, iddiaçının qulluq stajına görə əmək pensiyası yenidən hesablanan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.3.4-cü maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləği 50 faiz həcmində müəyyən edilmişdir. İddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilməsinin qeyri-mümkünlüyü və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi vəziyyətinə uyğun olaraq - digər hallarda pensiyaya qulluq əlavəsinin tam məbləğdə ödənilməsi ilə bağlı müddəa onun pensiyasının yenidən hesablandığı dövrdə mövcud olmadığından (artıq ləğv olunduğundan) iddiaçı köhnə tənzimləmə normasına istinad edərək, ona əlavə hüquqlarının verilməsini tələb edə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3200/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmuş, etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

149. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017- ci il tarixədək qüvvədə olan redaksiyası. 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri. 37.3.4. Bu Qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə edilmiş dəyişiklikdən sonra yeni redaksiya: 37.3.4. Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1- ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmaqla yeni qərar qəbul edilməlidir.

20. İşin hallarından məlum olur ki, hazırkı mübahisə iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavələrin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 37.3.4-cü maddələrinin müddəalarına müvafiq olaraq ona tam deyil, 50 faiz həmcində ödənilməsi ilə bağlıdır.

21. Belə ki, iddaçı hesab edir ki, 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş bu dəyişiklik onun prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faizə endirilməsi, pensiyasının azaldılması üçün əsas ola bilməz. Çünki, o, prokurorluq orqanlarından 10 mart 2017-ci il tarixdən əvvəl, yəni 2011-ci ildə xaric olunmuş və əmək pensiyasına əlavələr tam məbləğdə ödənilməyə həmin vaxtdan başlanmışdır.

22. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1403 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 9/4-cü maddəsinə müvafiq olaraq xx.xx.2009-cu il tarixdən ömürlük prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin edilmişdir.

23. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 11/384 nömrəli əmrində qeyd olunur ki, Göygöl rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Nuriyev X2 Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi ilə əlaqədar «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.4-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilib qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilsin.

24. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 37.3.4-cü maddədən “Digər hallarda isə tam məbləğdə ödənilir” cümləsi xaric edilmişdir. Buna görə də, cavabdeh orqan tərəfindən iddiaçının qulluq stajına görə əmək pensiyası yenidən hesablanan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.3.4-cü maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləği 50 faiz həcmində müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsi inzibati orqanın imtina dəlilləri ilə razılaşmışdır.

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırki tələb üzrə qərarın qəbul edilməsi zamanı maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.

27. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

28. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 4 noyabr 2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2011-ci ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləməyə başladığından onun pensiyasına qulluq əlavələri tam şəkildə ödənilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 1226,23 manat məbləğində, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 1547,14 manat məbləğində müəyyən edilmişdir.

29. Məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmiş, həmin hesablama prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar olmuş, son nəticədə isə bu hal iddiaçının pensiyasının məbləğinin azalmasına gətirib çıxarmış, həmçinin ona əvvəlki illər üzrə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı müraciət edilmişdir.

30. İşin hallarından göründüyü kimi iddiaçıya 4 noyabr 2009-cu il tarixdən təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (əvvəlki pensiyanın təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla məlumat verməklə kifayətlənərək, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

31. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş dəyişiklikdən əvvəl yaranmış və edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirmişdir. Bu halda onun barəsində vəziyyətini pisləşdirən yeni qəbul olunmuş Qanun normasının tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir.

32. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

33. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır.

34. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X4 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X3-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı 18 kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).

35. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

36. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur.

37. Hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə hazırda baxılan məsələyə münasibətdə iki məqsədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək.

38. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının pensiyasının yeni qəbul edilmiş Qanun normasına uyğunlaşdırılması qazanılmış hüquq konsepsiyasına zidd olmuşdur.

39. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

40. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı omadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3200/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-7-7117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş pensiyaya əlavələrin 01 yanvar 2023-cü il tarixdən davam etməklə, tam məbləğdə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar