Məhkəmə qərarları › İş №2-1(104)-25/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-25/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-25/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Hüseynzadə Afiq Hüseyn oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(114)-1545/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri X8 və onun ailə üzvləri İddiaçı, X4, X3 və X11 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********95 nömrəli bildirişindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilən zaman faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən də ərizəsinin icrasından imtina olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********94 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadə etdiyi ünvan 1ində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və həmin torpaq sahəsi Bərdə rayon Cəyirli bələdiyyəsinin mülkiyyətindədir.

5. Bərdə rayon Güloğlular İƏD üzrə nümayəndəliyin X8 verilmiş arayışından görünür ki, Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Cəyirli kəndinə aid 65 saylı vərəqində onun adına 0,09 ha həyətyanı torpaq sahəsi və 1974-cü ildə tikilmiş ümumi sahəsi 56 kv metr olan fərdi yaşayış evi qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli, **********06 nömrəli və 30 avqust 2022-ci il tarixli, **********52 nömrəli məktublarında qeyd olunur ki, İddiaçı təqdim etdiyi sənədlər əsasında torpaq sahəsinə baxış keçirərək müəyyən olunmuş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmışdır. Araşdırma zaman məlum olmuşdur ki, vətəndaş İddiaçı təqdim etdiyi JN-73A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə faktiki yaşadığı torpaq sahəsi fərqlidir. Belə ki, İddiaçı təqdim etdiyi şəhadətnamə Cəyirli kəndinin başqa bir hissəsində yerləşən torpaq sahəsinə aiddir.

7. Bərdə rayonunun Cəyirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, X6 qanuni istifadəsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2789/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi 0,1553 hektardır və həmin torpaq sahəsi, kompleks yerquruluşu layihəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi faktiki olaraq X1 istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu,Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu,Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı, tikinti altı torpaqlar təyinatlı və həyətyanı məqsədli torpaq sahəsidir.

9. Əlavə olunan plan sənədindən görünür ki, İddiaçı və ailə üzvlərinin hal-hazırda istifadə etdikləri 0,1553 ha həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi 310B/0,48-dir, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 073A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi X1 hal-hazırda istifadəsində olan 0,09 ha torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmür.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etdiyi torpağın ev tikilən yerə işlənməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bərdə rayonu, Cəyirli kəndində ona ailə üzvləri ilə birlikdə 0.09 ha torpaq sahəsi verilmiş, torpaq sahəsində ev tikmişlər və 50 ildən çoxdur ki, həmin evdə yaşamaqla torpaq sahəsindən istifadə edirlər. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə JN- 073A kod 61005088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evə qeydiyyat vəsiqəsi almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh mübahisələndirlən torpaq sahəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyini və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “JN-073A kod-61005088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, X9, X7 və X11 verilən 0,09 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsi onların qanunu istifadəsindəki yaşadığı evinin həyatyanı sahəsinə uyğunlaşdırılmaqla mövcud uyğunluqların yoxlanılması işləri aparılmaqla aradan qaldırılıb rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bərdə rayon Cəyirli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1545/2021 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçıya və ailə üzvlərinə Aqrar İslahat Komissiyası tərəfindən verilmiş sahə mövcuddur və həmin sahədə başqa şəxs tərəfindən ev inşa edilmişdir. Buna baxmayaraq iddiaçı ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin adına qeydə alınması və boşaldılmasını tələb etmək əvəzinə özü üçün daha uyğun və əlverişli hesab etdiyi yolu seçərək başqa subyektin mülkiyyətində olan sahəyə sahib olmaq niyyətindədir. Məhkəmə iddianı əsaslı hesab etmir və yuxarıda qeyd olunanlar, habelə bələdiyyənin mülkiyyət hüquqlarının pozulması baxımından iddianın rədd olunması qənaətinə gəlir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

15. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə rayon sakini X12 ilə ailə həyatı qurarkən ünvan 1inə köçmüşdür. Həyat yoldaşının adına Bərdə rayon Cəyirli kəndi ünvanında 0,09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər, kənddə islahat gedən zaman onların torpaq sahəsinə torpaq mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Evi tikdirdikdən sonra həyat yoldaşının xəstəliyi səbəbindən sənədin alınması gecikmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1970-ci ildən hazırki tarixədək yaşadığı evin yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsini xahiş edir. Ona verilən şəhadətnamə başqa şəxsin evinin altında yerləşən torpaq sahəsinə işlənib və həmin yerə çıxarış verilməsi mümkün deyildir. Tələbi illərdir onun və ailəsinin qanuni istifadəsində olan və aqrar islahat zamanı ona verilən torpaq sahəsinə çıxarışın işlənilməsidir.

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, baza məlumatlarına əsasən iddiaçının hazırda faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətidir və heç bir üçüncü şəxsin adına şəhadətnamə işlənilməmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

22. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu:

1. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir.

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.

27. İşin hallarından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri İddiaçı və ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan şəhadətnaməyə istinad edərək həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsinı tələb etsə də, cavabdeh bundan imtina etmişdir.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********95 nömrəli bildirişindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilən zaman faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən də ərizəsinin icrasından imtina olunmuşdur.

29. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamədə qeyd olunan 0.09 ha torpaq sahəsinin koordinantlarının faktiki istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli, **********06 nömrəli və 30 avqust 2022-ci il tarixli, **********52 nömrəli məktublarında qeyd olunur ki, İddiaçı təqdim etdiyi sənədlər əsasında torpaq sahəsinə baxış keçirərək müəyyən olunmuş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmışdır. Araşdırma zaman məlum olmuşdur ki, vətəndaş İddiaçı təqdim etdiyi JN-73A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə faktiki yaşadığı torpaq sahəsi fərqlidir. Belə ki, İddiaçı təqdim etdiyi şəhadətnamə Cəyirli kəndinin başqa bir hissəsində yerləşən torpaq sahəsinə aiddir.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2789/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi 0,1553 hektardır və həmin torpaq sahəsi, kompleks yerquruluşu layihəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi faktiki olaraq X1 istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu,Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu,Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı, tikinti altı torpaqlar təyinatlı və həyətyanı məqsədli torpaq sahəsidir.

32. Əlavə olunan plan sənədindən görünür ki, İddiaçı və ailə üzvlərinin hal-hazırda istifadə etdikləri 0,1553 ha həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi 310B/0,48-dir, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 073A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,09 ha həyətysnı torpaq sahəsi X1 hal-hazırda istifadəsində olan 0,09 ha torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmür.

33. Göründüyü kimi İddiaçı əri X13 ilə birgə təsərrüfatına aid olan və üzərində fərdi yaşayış evi mövcud olan torpaq sahəsinin koordinatları müvafiq inzibati orqanın məsul şəxslərinin texniki səhvi səbəbindən düzgün olaraq işlənilməmiş, nəticədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi X1 istifadəsində, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır.

34. Məhkəmə tərkibi qeyd edir ki, aqrar islahat həyata keçirilən zaman qüvvədə olmuş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

35. İş materiallarında olan Bərdə rayon Güloğlular İƏD üzrə nümayəndəliyin X8 verilmiş arayışından görünür ki, Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Cəyirli kənd aid 65 saylı vərəqində onun adına 0,09 ha həyətyanı torpaq sahəsi və 1974-cü ildə tikilmiş ümumi sahəsi 56 kv metr olan fərdi yaşayış evi qeyd olunmuşdur.

36. Bərdə rayonunun Cəyirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, X6 qanuni istifadəsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

37. Qeyd edilən sənədlərin məcmu halında qiymətləndirərkən müəyyən olunur ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi aqrar islahat aparılan zaman onun ailəsinin istifadəsində olmuşdur və texniki səhv olaran başqa sahəyə sənədlər işlənilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında toplanan sübatlardan müəyyən edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarının ona təqdim edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnaməyə işlənməsi hazırki halda üçüncü şəxslərin hüquqlarına toxunmur və həmin sahə bələdiyyənin mülkiyyət hüququ yaranmamışdan əvvəldə iddiaçının istifadəsində olmuşdur.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apelyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1545/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. JN-073A kod 61005088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.09 ha torpaq sahəsinin koordinantları İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Afiq Hüseynzadə,Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar