Məhkəmə qərarları › İş №2-1(104)-25/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-25/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-25/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə nümayəndəliyinin 600 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında bildirilir ki, həqiqətən iddiaçının mərhum atası X5 adına nümayəndəliyin 2021-2025-ci illər üçün 09 saylı təsərrüfatbaşına kitabının 16 səhifəsində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X18 və ailə üzvlərinin mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmiş və 471 nömrə ilə kitabda qeydə alınmışdır. AZ-İİ 053792 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X18 xx.xx.2019cu il tarixdə ölmüşdür. AZ-İİ 184870 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X11 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048 JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edərək həmin torpaq sahəsinə İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə iddiaçıya 0,08 ha torpaq sahəsi verilmiş və Azərbaycan Respublikası DT və XK-nın Samux Rayon Şöbəsinin KOD 50700048 JN471F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin torpaq sahəsi X10, X6, İddiaçı və X7 verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən texniki səhvə yol verilmiş və şəhadətnamədə 0.15 ha əvəzinə 0.08 ha yazılmışdır. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş texniki səhvi düzəltmək üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X5, X8, İddiaçı və X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X5, X8, İddiaçı və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifasində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, iddiaçı faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-471F saylı şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-471F saylı (KOD ********) şəhadətnamədən kənar qalan və vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu qeyd olunmuşdur. Qeyd olunan normaların tələbi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-471F saylı (KOD ********) Şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. X23 Rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarı əsasında X10, X6, İddiaçı və X7 birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Lakin vətəndaş İddiaçı iddia etdiyi ərazi (0.1476 ha) onun Şəhadətnamə ilə əldə etməli olduğu (0.08 ha) torpaq sahəsindən sahə etibarilə daha artıqdır. Bu halda vətəndaşın iddia etdiyi torpaq sahəsini "Torpağın mülkiyyətə verilməsinə dair" JN-471F saylı (KOD ********) Şəhadətnamə ilə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması özü-özlüyündə mümkünsüzdür. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 qərarının icrası Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən qətnamənin Apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-25/2024 saylı qərardadı ilə iddia tələbi faktiki istifadədə olan 0.1472 ha torpaq sahəsinin 0.0434 ha hissədə üst-üstə düşməsi müəyyən edilən hissədə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs Samux rayon Sərkar bələdiyyəsi məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmişlər, digər üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-). 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); (-).

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə X18 və ailə üzvlərinin (X19, İddiaçı və X11) xüsusi mülkiyyətinə 0.15 hektar torpaq sahəsi verilmiş, lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə torpaq sahəsinin həcmi 0.08 ha qeyd edilmişdir. İddiaçı hazırda faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsini tələb edir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi bildirilmişdir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifasində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, iddiaçı faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Aqrar İslahat komissiyasının qərarı ilə onlara verilmiş 0.1476 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb etsə də, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar əsasında torpaq sahəsinin həmin ölçüdəki hissəsi üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınmasının mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin ölçüsü 0.08 ha kimi göstərildiyindən məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qərardadın icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilmişdir ki, İddiaçı Samux rayonu, Sərkar kəndində yerləşən faktiki istifadəsində olan torpaq sahəsi 0.1472 ha təşkil edir. Həmin faktiki istifadə səhəsinin ölçüsü və konfiqurasiyası ilə, arxiv sənədlərində mövcud olan, X5 adına tərtib olunmuş xx.xx.1987-ci il tarixli texniki pasportun planında göstərilən sahənin konfiqurasiyası arasında uyğunsuzluq halı mövcuddur. Bununla yanaşı faktiki istifadə sahəsi 0.1472 ha olduğu təqdirdə,Torpağın mülkiyyətə verilməsinə dair JN-471 (KOD ********) saylı Şəhadətnaməyə əsasən torpaq sahəsi 0.08 ha olmaqla fərqli konfiqurasiyaya malikdir. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsinin 0.08 ha hissəsi, JN-471 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən X18, X12, İddiaçı və X2 ümumi mülkiyyətində, 0.08 ha hissəsi isə, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi üzərində və hava məkanında yüksək təyziqli qaz xətti və yüksək gərginlikli elektrik xətti müşahidə olunmamaşdır. Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sahəsinin, kommuniksiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmə halı aşkarlanmamaşdır. Bundan başqa məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10969/2023 saylı məktubda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, JN-471 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" X1 Samux rayonu, Sərkar kəndi ərazisində 0,08 ha torpaq sahəsi ayrılmışdır. X18 fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədilə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsinin Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerqurluşu layihəsinə istinadən JN-466 F (KOD ********), JN-468 F (KOD ********) və JN-483 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X20, X13 və X21 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşlar. Daha sonra xx.xx.2024-cü il tarixli qərardadlarla X3 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmiş, X15 və X22 isə üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişlər. Həmçinin məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3878/2024 saylı məktubda bildirilmişdir ki, JN-471F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X16 X17 (bundan sonra TEKUİS), iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəsi isə xüsusi mülkiyyət olaraq göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədlərin mövcud olması barədə TEKUİS-də məlumat qeyd olunmamışdır. Mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı elektron kadastr bazası materiallarına istinadən, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən JN-471F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici (Çıxarış) sənəd qeydə alınmamışdır. Yuxurıda qeyd edilən sənədlərin əlaqəli təhlilindən də göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, JN-471F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən X10 verilmiş 0.08 ha torpaq sahəsi, yerdə qalan hissəsi isə JN- 466 F (KOD ********), JN-468 F (KOD ********) və JN-483 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsidir. Faktiki istifadədə olan torpaq sahəsinin 0.0238 ha hissəsinin bələdiyyə mülkiyyətinə düşməsinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. İş materiallarında olan Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X10 verilmiş torpaq sahəsinin ölçüsü 0.15 ha kimi göstərilmişdir. Həmçinin Samux rayonu, Sərkar kəndində yerləşən X10 məxsus fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, fərdi yaşayış evinin 126 kv.m olması, evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü isə sənəd üzrə 0.15 ha göstərilmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə mülkiyyəti kimi müəyyən edilən 0.0238 ha torpaq sahəsinə münasibətdə iddia tələbinin təmin edilməsi yol veriləndir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə (ölçüsü göstərildiyi təqdirdə) münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi Siyahıda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin müvafiq hissəsinin üçüncü şəxslərin mülkiyyətində olmasına dair hazırda qüvvədə olan şəhadətnamələrin olması artıq torpaq sahəsinin həmin hissəsi üzərində iddia tələbinin təmin edilməsi yol verilməzdir. Ona görə də iddia tələbi 0,1038 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçıların hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Həmçinin, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçı hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıya aid şəhadətnamənin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərarı qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1038 ha müəyyən edilərək torpaq sahəsinə X5, X8, İddiaçı və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar