Məhkəmə qərarları › İş №2-1(104)-25/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-25/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-25/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3037/2023 saylı qərarından iddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********549600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubundan görünür ki, İddiaçı kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur.

2. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 17 may 2023-cü il tarixli, **********549600 nömrəli qərarından müəyyən olunur ki, 2022-ci ilin may ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyənin cəmi məbləği 255291,94 manat olmasına baxmayaraq dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 1670,36 manat göstərildiyindən 253621,58 manat kənarlaşma yaranmışdır. İddiaçı 2022-ci ilin may ayı üzrə 45.625,05 manat əlavə vergi məbləği hesablanmışdır.

3. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, №OT/0132 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində İddiaçı (VÖEN **********) məxsus, Gəncə şəhəri, Tağı-Arani Kimyaçılar küçəsinin kəsişməsində yerləşən obyekt (**********-23001) tərəflərindən onlayn kassa aparatı (S/N: B160575L********) ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin müraciətinə əsasən kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Kassa istifadə olunduğu dövr ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq tam işlək vəziyyətdə olmuşdur.

4. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********445300 saylı “Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə” bildirişdən görünür ki, qeyd olunan bildiriş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 10:44-də iddiaçının elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə, saat 17:18-də iddiaçı tərəfindən oxunmuşdur.

5. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış OT-NKA №13086 saylı, xx.xx.2022-ci il tarixli “Alğı-Satqı və Xidmət Müqaviləsi”nin 2-ci bəndinə əsasən, Operator Dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən NKA və NMQləri İstifadəçinin mülkiyyətinə verməyi, habelə İstifadəçinin tapşırığına əsasən NKA və NMQ-lərə Xidmət göstərməyi (o cümlədən Dövlət reyestrinə daxil edilmiş PT vasitəsilə), İstifadəçi isə həm NKA və NMQ-lərin və Xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4.17-ci bəndinə əsasən istifadəçi Pt-də (proqram təminatı) gələcəkdə hər hansı bir dəyişiklik və ya yenilənmə nəzərdə tutulduğu halda bu barədə 2 (iki) ay əvvəlcədən Operatora yazılı xəbərdarlıq etməyi öz öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta bə işsizlik haqlarının hesablanması barədə” 17 may 2023-cü il tarixli, **********549600 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2022-ci ilin may ayı üzrə əlavə dəyər vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 17 may 2023-cü il tarixli, **********549600 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması barədə 17 may 2023-cü il tarixli, **********549600 nömrəli qərarın qəbul edilməsinə əsas-2022-ci ilin may ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyənin cəmi məbləği 255291,94 manat olmasına baxmayaraq dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 1670,36 manat göstərildiyindən 253621,58 manat kənarlaşma yaranmışdır. İddiaçı cavabdehin qərarı ilə razı deyil və bu səbəbdən də qərarın ləğv edilməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3037/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 17 may 2023-cü il tarixli, **********549600 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamənin 3,4 və 5 nömrəli əlavələrinin 301-3, 302-3 və 303-3-cü topdan ticarət sətrində ƏDV nəzərə alınmadan 174,00 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri göstərilməsinə baxmayaraq, hesabat dövrü ərzində təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən ƏDV nəzərə alınmadan müəyyən edilmiş təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 34794,67 manat təşkil etdiyi üçün 34620,67 manat məbləğində fərq yaranmışdır. Təqdim edilmiş bəyannəamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 29,82 manat, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 0,00 manat məbləğə bərabər olmamışdır. 2022-ci ilin may ayı ərzində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri ƏDV-siz ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlv edilən dövriyyənin ƏDV-siz cəmi məbləği 255291,94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində 1670,36 manat göstərildiyindən 253621,58 manat kənarlaşma yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fərdi sahibkarın onlayn nəzarət kassa aparatı vasitəsilə aparılmış satış əməliyyatlarına əsasən “ƏDV geri al” funksiyası ilə ayrı-ayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDVnin geri alındığı, lakin 2022-ci ilin müvafiq ayları üçün təqdim edilmiş sonuncu ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən dövriyyə məbləğinin 265607,94 manat (ƏDV-si 47809,43 manat) olması nəticəsində kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı (vergi ödəyicisi) tərəfindən təqdim edilmiş 2022-ci ilin 01.05-31.05 tarixlərini əhatə edən dövrdə “Z” hesabatda vergi ödəyicisinin dövriyyəsi 301029,17, ƏDV məbləği isə 45921,24 manat olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3037/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarını yalnız onunla əsaslandırmağa çalışmışdır ki, “iddiaçı (vergi ödəyicisi) tərəfindən təqdim edilmiş 2022-ci ilin 01.05-31.05 tarixlərini əhatə edən dövrdə “Z” hesabatda vergi ödəyicisinin dövriyyəsi 301029,17, ƏDV məbləği isə 45921,24 manat olmuşdur. Məhkəmə araşdırması nəticəsində iddiaçı tərəf qeyd edilən halları onunla əsaslandırmışdır ki, onun sahibkarlıq fəaliyyəti meyvə satışından ibarətdir. Satdığı mallar tez xarab olan mallardır. Satış zamanı nəzarət kassa aparatı işləmədiyindən, texniki problemlərin yarandığını və satdığı mallar xarab olacağından iddiaçı satışı davam etdirmiş və nəzarət kassa aparatının işlək vəziyyətdə olmaması barədə müvafiq orqana məlumat vermişdir. Həmçinin iddiaçı tərəf bildirmişdir ki, satmış olduqları malları, yəni meyvələri xarici ölkələrdən gətirlər və bu barədə bəyannamə vermişlər. Lakin göstərilmiş halları təsdiq edən hər hansı halı məhkəməyə təqdim edə bilməmişlər” Bununla əlaqədar olaraq bildirilir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında bütün xüsusatlar məhkəmənin nəzərinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana, məhkəmənin sərəncamı ilə, iddiaçı barəsində aparılmış inzibati icraat materiallarını tələb etmiş, iddia ərizəsinə etiraz cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin maddənin tələbinə əsasən cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etməli olmalı halda, birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamış, məhkəmə tərəfindən cavabdeh inzibati orqandan inzibati icraat materialları tələb edilməmişdir. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında səsləndirilən xüsusatlar, eyni zamanda iddia ərizəsində öz əksini tapan xüsusatlar, elektron qaydada, cavabdeh inzibati orqana təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar yalnız yuxarıda qeyd olunduğu kimi əsaslandırılmağa çalışmışdır. Qərarın digər hər hansı bir əsaslandırılmamış mövcud olmamışdır. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması barədə **********549600 saylı, 17 may 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas – 2022-ci ilin may ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə fakturaların dəyəri (ƏDV-siz) (174.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (255117.94 manat) cəmi məbləği 255291.94 manat olmasına baxmayaraq, həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 1670.36 manat göstərildiyindən 253621.58 manat kənarlaşma yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin may ayı ərzində əlavə dəyər vergisi kimi iddiaçı tərəfindən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanmalı olduğu halda, qərəzli olaraq, maddi hüquq normalarının tələblərini pozaraq, satış zamanı ƏDV-ni satılan kənd təsərrüfatı məhsulllarının ümumi dəyərindən hesablayaraq, nəticədə qanunsuz və əsassız əlavə vergi məbləği hesablayaraq, qanunsuz inzibati akt qəbul etmişdir. Eyni zamanda qeyd edilir ki, əlavə dəyər vergisi bəyannamələri AR Vergi Məcəlləsinin 153-cü maddəsinin 153.3-cü (153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir) bəndinin tələbinə uyğun olaraq təqdim edildiyi təqdirdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi kameral yoxlamanı zamanı məcəllənin tələblərinə uyğun olmayaraq ƏDV üzrə vergi tutma obyekti olaraq ümumi dövriyyəni cəlb edərək 2022-ci ilin may ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üçün 45625,05 manat, iyun ayı üçün 1734,67 manat əlavə vergi hesablama aparmışdır. Qeyd etmək istəyirik ki, mövcud vəziyyət ilə əlaqədar tərəflərindən dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinə şikayət xarakterli müraciət edilsə də, tələbnamə əsasında bütün sənədlər və məlumatlar təqdim edilsə də öz həllini tapmamışdır. İddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən inzibati orqanda araşdırmaya təqdim etdiyi izahatında iddiaçının meyvə və tərəvəzlərin topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olduğunu, idxala əsasən alınan kənd təsərrüfatı məhsulları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilmədiyini, malların topdan və pərakəndə satışı zamanı ticarət əlavəsinin ƏDVsindən kənar heç bir əlavə ƏDV məbləği alınmadığını və əldə edilən ƏDV-nin müvafiq dövr üzrə bəyannamələrdə büdcəyə hesablandığını, onlayn nəzarət kassa aparatında ƏDV-nin malların ticarət əlavəsindən hesablanması barədə onlayn NKA-da müvafiq dəyişikliklərin aparılmalı olması barədə məlumatının olmadığını, həmçinin vergi orqanı tərəfindən belə bir dəyişikliyin aparılması haqqında heç bir məlumat və bildirişin daxil olmadığını, lakin müvafiq dövrlərdə (2022-ci il ərzində) təqdim edilən elektron qaimə fakturalarda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergitutma obyekti hissəsində yalnız ticarət əlavəsinin qeyd edildiyini, eləcə də pərakəndə ticarət zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hər satışdan əldə edilmiş ümumi məbləğin NKA-ya daxil edilərək kassa çekinin müştəriyə təqdim edildiyini bildirmişdir. Eyni zamanda yeni nəsil kassa aparatına servis xidmətini həyata keçirən "xxxx" şirkəti ilə bu funksiyanın qurulmasında texniki problemlər yarandığını, bu səbəbdən AZ-Smart şirkətinə məxsus yeni nəsil onlayn kassa aparatı əldə edilərək hazırkı kassa çeklərində ƏDV-nin vergitutma obyekti olaraq ticarət əlavəsindən hesablandığını qeyd etmişdir. Mübahisələndirilən qərardan yuxarı vergi orqanına müvafiq şikayətlər verilsə də, həmin orqan tərəfindən əsassız olaraq şikayətlər təmin ediləmişdir. Araşdırma zamanı aşkarlanmış başqa bir məqam kimi qeyd edilmiş “ƏDV geri al” funksiyası ilə ayrı-ayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDV-nin geri alınması məbləğə əsasən qeyd edilir ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkar kimi iddiaçının üzərinə düşən vəzifə Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.12-ci bəndinin tələbləri (175.12. Kənd təsərrüfatıməhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir) təqdim edilən bəyannamələrdə də görsəndiyi kimi heç bir halda pozulmamışdır. Həmin Məcəllənin 165-ci maddəsinin 5-ci bəndinə əsasən (165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Hesab edir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir) istehlakçıya verdiyi hüququndan istifadə edilib edilməməsinin nəzarəti artıq sahibkara deyil, vergi orqanına şamil edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Məhkəmə kollegiyasına cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmuş və etirazında göstərmişdir ki, iddiaçı apellyasiya şikayətində meyvə və tərəvəzlərin topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olduğunu, idxala əsasən alınan kənd təsərrüfatı məhsulları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilmədiyini, malların topdan və pərakəndə satışı zamanı ticarət əlavəsinin ƏDV-sindən kənar heç bir əlavə ƏDV məbləği alınmadığını və əldə edilən ƏDV-nin müvafiq dövr üzrə bəyannamələrdə büdcəyə hesablandığını, onlayn nəzarət kassa aparatında ƏDV-nin malların ticarət əlavəsindən hesablanması barədə onlayn NKA-da müvafiq dəyişikliklərin aparılmalı olması barədə məlumatının olmadığı, həmçinin vergi orqanı tərəfindən belə bir dəyişikliyin aparılması haqqında heç bir məlumat və bildirişin daxil olmadığını, lakin müvafiq dövrlərdə (2022-ci il ərzində) təqdim edilən elektron qaimə fakturalarda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergitutma obyekti hissəsində yalnız ticarət əlavəsinin qeyd edildiyini, eləcə də pərakəndə ticarət zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hər satışdan əldə edilmiş ümumi məbləğin NKA-ya daxil edilərək kassa çekinin müştəriyə təqdim edildiyini bildirmişdir. Eyni zamanda yeni nəsil kassa aparatına servis xidmətini həyata keçirən "xxxx" şirkəti bu funksiyanın qurulmasında texniki problemlər yarandığını, bu səbəbdən AZ-Smart şirkətinə məxsus yeni nəsil onlayn kassa aparatı əldə edilərək hazırkı kassa çeklərində ƏDV-nin vergitutma obyekti olaraq ticarət əlavəsindən hesablandığını qeyd etmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, xx.xx.2022-ci il tarixli, **********503700 AVİS №li bildirişə əsasən vergi ödəyicisinə məlumat verilmişdir ki, Azərbaycan Respublikasının Prezidentininin 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir və qeyd edilən qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd edilən Qanunun Keçid müddəalarının 2.5-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvar ayının 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən, digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvar ayının 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır. Həmçinin, bildirişin sonunda vergi ödəyicisinin vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün əlaqə vasitələri barədə məlumatlar qeyd edilmişdir. Göründüyü kimi, ödəyicinin apellyasiya şikayətində qeyd etdiyi dəlili tamamilə əsassızdır. Vergi ödəyicisinə Vergi Məcəlləsinə edilmiş dəyişiklə bağlı vergi orqanı tərəfindən məlumat verilmiş və yaranmış suallarla bağlı əlaqə vasitələri barədə də məlumat qeyd edilmişdir. Vergi ödəyicisinin nəzarət kassa aparatına ediləcək dəyişikliklərlə bağlı olan məsələ isə texniki məsələ olmaqla yanaşı, həmçinin vergi orqanının səlahiyyətləri xaricindədir. Belə ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 338 nömrəli qərarının 1.4.5-ci bəndinə əsasən Operator - NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən Nazirlik (Nazirlik dedikdə-Dövlət Vergi Xidməti nəzərdə tutulur) aşağıdakı işləri həyata keçirir: 10.1.1. Azərbaycan Respublikası ərazisində istismarına icazə verilmiş NKA-nın elektron uçotunu aparır; 10.1.2. qeydiyyatdan keçmiş operatorlar barəsində Komissiya və Agentliyə məlumat verir; 10.1.3. Operatorların qeydiyyatını həyata keçirir; 10.1.4. NKA qeydiyyata alınarkən vergi ödəyicisi və Operatorun NKA-ya dair daxil etdiyi məlumatların eyniliyini yoxlayır; 10.1.5. nəzarət mexanizmi qurğusunun etibarlılığının artırılması üçün tədbirlər görür; 10.1.6. NKA modellərinin dövlət reyestrini aparır və reyestrə daxil edilmiş modellər barədə məlumatı portalda yerləşdirir, habelə istifadəsi qadağan olunmuş və bərpası mümkün olmayan NKA modellərini dövlət reyestrindən çıxarır; 10.1.7. özü və ya müqavilə əsasında cəlb etdiyi hüquqi şəxs vasitəsilə NKA modellərinin texniki sınağını həyata keçirir; 10.1.8. NKA-nın istismarı üçün bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsini yoxlayır; 10.1.9. NKA-nın servistexniki xidmətinin keyfiyyəti barədə irad və təkliflərini Komissiyaya təqdim edir; 10.1.10. vergi orqanlarının əməkdaşlarına NKA-nın tətbiqi ilə bağlı təlimlər təşkil edir; 10.1.11. nəzarət mexanizmi qurğusundan məlumatların ötürülməsi ilə bağlı texniki parametrləri müəyyən edir; 10.1.12. nəzarət mexanizmi qurğusundan ötürülən məlumatların fasiləsiz olaraq qəbulunu və emalını təşkil edir; 10.1.13. portalın işlək vəziyyətdə olmasını təmin edir; 10.1.14. bu Qaydaların 1.3.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi şəxsin müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir; 10.1.15. bu Qaydalarla müəyyən edilmiş digər funksiyaları həyata keçirir. Göründüyü kimi Vergi Xidmətinin iddiaçının qeyd etdiyi məsələ ilə bağlı hər hansı səlahiyyəti yoxdur. Digər tərəfdən, vergi ödəyicisi İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********836500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********089500 nömrəli Qərarlardan yuxarı inzibati orqana sikayət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********868700 №-li qərarına əsasən onun inzibati şikayəti təmin edilməmiş, qərarlar dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərarla iddiaçının inzibati şikayəti fərdi sahibkar tərəfindən 2022-ci ilin aprel-iyul ayları ərzində elektron qaimə fakturalar əsasında müxtəlif hüquqi və fiziki şəxslərə 70936,47 manat dəyərində kənd təsərrüfatı mallarının (kartofun) təqdim edildiyi, eləcə də elektron qaimə fakturalar üzrə 1079,0 manat dəyərində mal, 2022-ci ilin aprel-iyul ayları ərzində fərdi sahibkarın bank hesablarına 55440,94 manat, ƏDV-nin depozit hesabına 59,06 manat vəsaitin daxil olduğu, uçot baza məlumatlarına əsasən 2022-ci ilin aprel-iyul ayları ərzində vergi ödəyicisinə məxsus onlayn nəzarət kassa aparatı üzrə aparılmış 334492,94 manat dəyərində əməliyyatlarla təqdim edilmiş sonuncu ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən 265907,65 manat dövriyyə məbləği arasında kənarlaşmanın yarandığını, həmçinin nağd ödənişlər zamanı ƏDV məbləğinin malların satış qiymətinə və ya ticarət əlavəsinə tətbiq edilib-edilməməsi barədə tərtib edilmiş sənədlərin araşdırmaya təqdim olunmaması, Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən təqdim edilmiş uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində nəzarət kassa aparatı vasitəsilə aparılmış satış əməliyyatlarına əsasən “ƏDV geri al” funksiyası ilə ayrı-ayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDV-nin geri alındığını səbəblərdən və Vergi Məcəlləsinin 159.8-ci və 166ci maddələrinin tələbləri nəzərə alınaraq təmin edilməmişdir. Hazırkı məhkəmə mübahisəsi isə 2022-ci ilin may ayı üzrə ƏDV ilə bağlı kameral vergi yoxlamasının qərarıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçı hazırda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********549600 saylı qərarı mübahisələndirsə də əslində bu qərar yuxarı inzibati orqan tərəfindən baxılan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********836500 nömrəli qərar ilə eynidir. Belə ki, təqdim edilmiş bəyannamənin 3, 4 və 5 nömrəli əlavələrin 301-3-cü, 302-3-cü və 303-3-cü topdan ticarət sətrində ƏDV nəzərə alınmadan 174.00 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri göstərilməsinə baxmayaraq, hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən ƏDV nəzərə alınmadan müəyyən edilmiş təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 34794.67 manat təşkil etdiyi üçün 34620.67 manat məbləğində fərq yaranmışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.1) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 29.82 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.1) hesabat dövrünün sonuna debitor borc 0.00 manat məbləğə bərabər olmamışdır. 2022-ci ilin may ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (174.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (255117.94 manat) cəmi məbləği 255291.94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” 1670.36 manat göstərildiyindən 253621.58 manat kənarlaşma yaranmışdır. Yuxarı inzibati orqanın da qərarında qeyd olunduğu kimi Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən təqdim edilmiş uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fərdi sahibkarın onlayn nəzarət kassa aparatı vasitəsilə aparılmış satış əməliyyatlarına əsasən “ƏDV geri al” funksiyası ilə ayrı-ayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDV-nin geri alındığı, lakin 2022-ci ilin müvafiq ayları üçün təqdim edilmiş sonuncu ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən dövriyyə məbləğinin 265607,94 manat (ƏDV-si 47809,43 manat) olması nəticəsində kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin 01.05-31.05 tarixlərini əhatə edən dövrdə “Z” hesabatda vergi ödəyicisinin dövriyyəsi 301029,17, ƏDV məbləği isə 45921,24 manat olmuşdur. (Z hesabat əlavə edilir) Yuxarı inzibati orqanın araşdırması zamanı nümayəndə X1 ünvanlanmış suallardan aydın olur ki, o hesablanmış verginin 18 faizlə hesablandığı barədə məlumatlı olmuş, həmçinin onlardan “cashback” qayıtdığını da bilmişdir. Vergi ödəyicisi tərəfindən yuxarı inzibati orqanda mübahisələndirilmiş qərarla hazırda məhkəmədə mübahisələndirilən qərar eyni olmuş və bununla bağlı yuxarı inzibati orqan qərar qəbul etmişdir. Həmin qərarlardan şikayət verilməsi müddəti isə ötürülmüşdür. Göründüyü kimi vergi ödəyicisinin təqdim etdiyi Z hesabat, onlayn kassa məlumatları və yuxarıda qeyd olunan sənədlər də təsdiq edir ki, ödəyicinin 301029,17, ƏDV məbləği isə 45921,24 manat olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının əsas vəzifəsidir.

13. Sadalananlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izhahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclaslarında şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X4 ifadə verərək bildirmişdir ki, iddiaçının istifadəsində olmuş nəzarət kassa aparatı onlar tərəfindən quraşdırılmışdır. Obyektdə quraşdırılmış nəzarət kassa aparatında heç bir nasazlıq olmamış, kassa aparatı bütün tələblərə cavab vermiş, o cümlədən ticarət əlavəsinin tətbiq etmək üçün proqram təminatı kassa aparatında mövcud olmuşdur. Onlara kassa aparatı istifadəçiləri tərəfindən kassa aparatının təminat dəyişikliyi ilə bağlı müvafiq müraciət daxil olduqda həmin dəyişikliyi həyata keçirillər. Onlar iddiaçını ƏDV ödəyicisi kimi qeydiyyata almışlar, sonradan iddiaçı tərəfindən müraciət daxil olmuşdur ki, ticarət əlavəsi kimi qeydiyyata alınsın. Həmin müraciətin hansı tarixdə olması barədə məlumat verilməsi mümkün deyil, çünki müraciət zəng vasitəsilə olunmuşdur. İddiaçı onlara müraciət edən zaman demişdir ki, çeklər vurulduqda hər dəfə ayrıca olaraq ticarət əlavəsi kimi qeyd edilməlidir. Belə ki, kassa aparatında kateqoriyalara daxil olub malların qiymətini dəyişmək lazım olur. İddiaçı onlardan elə bir proqram istəmişdir ki, mallar dəyişdikdə kateqoriyanı dəyişmədən çeki vursunlar. Kassa aparatında qaydasında olmayan ondan ibarət olmuşdur ki, hesablamalar ƏDV kimi hesablanırdı, sonradan iddiaçı tərəf ticarət əlavəsi kimi hesablanmasını istəmişdir. Mallar fərqli ölkələrdən gəldiyindən gəliş qiymətləri də fərqli olurdu, bu səbəbdən də proqram təminatına dəyişiklik edilməsi tələb olunurdu. Onlar kassa aparatında əvvəlcədən mövcud olan ticarət əlavə funksiyasının necə əlavə edilməsini vergi ödəyicisinə göstərmişlər.

Tətbiq edilən hüquq normaları

17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 24.0.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən Maddə 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: - 50.8.1. vergi ödəyicisinin adı; - 50.8.2. VÖEN; - 50.8.3. çekin vurulmasının tarixi və saatı; - 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; - 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); - 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; - 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. - 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). - 50.8.9. malın sürətli məlumat kodu (X8); - 50.8.10. ödənilmiş məbləğ; - 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; - 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); - 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); - 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); - 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); - 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; - 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); - 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); - 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 94.0.2. Vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra- ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDVyə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; - 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; - 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; - 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; - 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.2. İstifadəçinin hüquqları: 8.2.1. vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək; 8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək; 8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək. 8.3. İstifadəçinin vəzifələri: 8.3.1. NKA-nın uçotu və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək; 8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək; 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.4. NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhv edilməsini təşkil edir və bunun üçün ayrıca məsul şəxs təyin etmək; 8.3.5. öz əməkdaşının NKA ilə işləməsinin öyrədilməsini təmin etmək; 8.3.6. NKA-nın vergi orqanlarında uçota alınmasını və uçotdan çıxarılmasını təmin etmək; 8.3.7. dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.8. NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; 8.3.9. NKA-nın işə salınmasında və işə salınma aktının tərtib edilməsində iştirak etmək; 8.3.10. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək; 8.3.11. Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; 8.3.12. vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; 8.3.13. vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; 8.3.14. Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 8.3.16-1. təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək; 8.3.17. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

20. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

22. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

25. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

26. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

27. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

28. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

30. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********2549600 nömrəli qərarı ilə 2022-ci ilin may ayı ərzində iddiaçı tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (174 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (255117.94 manat) cəmi məbləği 255291.94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)”, 1670.36 manat göstərildiyindən 253621.58 manat kənarlaşma yaranmışdır. Həmçinin qeyd olunan qərarla 2022-ci ilin may ayı üzrə 45.625,05 manat əlavə vergi məbləği hesablanmışdır.

35. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamənin 3, 4 və 5 nömrəli əlavələrinin 301-3, 302-3 və 303-3-cü topdan ticarət sətrində ƏDV nəzərə alınmadan 174,00 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri göstərilməsinə baxmayaraq, hesabat dövrü ərzində təqdim edilmiş elektron qaiməfaktura məlumatlarına əsasən ƏDV nəzərə alınmadan müəyyən edilmiş təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 34794,67 manat təşkil etdiyi üçün 34620,67 manat məbləğində fərq yaranmışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 29,82 manat, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 0,00 manat məbləğə bərabər olmamışdır. 2022-ci ilin may ayı ərzində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri ƏDV-siz ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin ƏDV-siz cəmi məbləği 255291,94 manat olmasına baxmayaraq, həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində 1670,36 manat göstərildiyindən 253621,58 manat kənarlaşma yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində fərdi sahibkarın onlayn nəzarət kassa aparatı vasitəsilə aparılmış satış əməliyyatlarına əsasən “ƏDV geri al” funksiyası ilə ayrı-ayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDV-nin geri alındığı, lakin 2022-ci ilin müvafiq ayları üçün təqdim edilmiş sonuncu ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən dövriyyə məbləğinin 265607,94 manat (ƏDV-si 47809,43 manat) olması nəticəsində kənarlaşmaların yarandığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci ilin 01.05-31.05 tarixlərini əhatə edən dövrdə “Z” hesabatda vergi ödəyicisinin dövriyyəsi 301029,17, ƏDV məbləği isə 45921,24 manat olmuşdur.

36. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən (50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) müştəriyə təqdim etdiyi NKA çekində təqdim etdiyi mala görə müştəridən aldığı ƏDV məbləğini göstərməli və müştəridən aldığı ƏDV-ni (əvəzləşdirmək hüququ olduqda əvəzləşdirilən hissə istisna olmaqla) büdcəyə ödəməlidir.

37. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

38. Azərbaycan Respublikasının Prezidentininin 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) Keçid müddəalarının 2.5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvar ayının 1dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən, digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvar ayının 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

39. Belə olan halda vergi ödəyicisi NKA-da malın ƏDV-dən azad olunan dəyərini (əsas məbləği) və tətbiq etdiyi ticarət əlavəsini göstərməlidir. Hazırkı iş üzrə iddiaçı NKAda bu məbləğləri ayrılıqda göstərməmiş və ƏDV-ni ümumi məbləğə tətbiq edərək hesablamış, istehlakçıdan hesabladığı ƏDV-nin məbləğini almışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ məhdudlaşdırılsa belə həmin məbləği istehlakçıdan tam şəkildə aldığı üçün vergi ödəyicisinə əlavə öhdəlik yaranmamış olur.

41. Məhkəmə prosesi zamanı iddiaçı tərəf NKA-da ticarət əlavəsini tətbiq etmək mümkün olmaması, bu barədə operatora (servis texniki xidmət mərkəzinə - STXM) müraciət edildiyini və buna görə iddiaçının heç bir məsuliyyət daşımadığı barədə mülahizələrini bildirmişdir. İstər məhkəmə iclaslarına dəvət olunmuş operatorun nümayəndəsinin verdiyi ifadəsində, istərsə də operator tərəfindən məhkəməyə ünvanlanmış məktubda obyektdə quraşdırılmış NKA-da heç bir nasazlığın olmadığı, tam işlək vəziyyətdə olduğunu, NKA-nın bütün tələblərə cavab verdiyi, o cümlədən ticarət əlavəsinin tətbiq etmək üçün proqram təminatının və funksiyanın NKA-da mövcud olduğu və NKA-da hər hansı problemin olması ilə bağlı operatora rəsmi müraciət olunmadığı bildirilmişdir.

42. Kollegiya qeyd edir ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 və 8.3.16-1-ci maddələrinə əsasən, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların (VM-nin 50.8-ci maddəsində qeyd edilən məlumatlar) əks etdirilməsini təmin etmək və təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək istifadəçinin vəzifəsinə aid edilmişdir. Həmçin iş materiallarına əlavə edilmiş iddiaçı ilə operator xidməti arasında bağlanmış müqavilənin şərtlərinə əsasən istifadəçi proqram təminatı gələcəkdə hər hansı bir dəyişiklik və ya yenilənmə nəzərdə tutulduğu halda bu barədə 2 (iki) ay əvvəlcədən operatora yazılı xəbərdarlıq etməyi öz öhdəsinə götürmüşdür.

43. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3037/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar