Məhkəmə qərarları › İş №2-1(104)-250/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-250/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-250/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan təyin edilməsi” tələbinə dair inzibati işə üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-192/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci ildə Samux rayonu, Füzuli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1976-cı ildən əmək kitabçasında göstərilən müəssisədə çalışmaqla başlamışdır. Əmək fəaliyyəti aşağıdakı kimidir: 1. xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Kirovabad şəhəri X4 məktəbində əyani təhsil almış və 3-cü dərəcəli “Tornaçı” ixtisası üzrə 369184 nömrəli diplom almış; 2. xx.xx.1979-cu ildən xx.xx.1981-ci illər hərbi xidmətdə olmuş; 3. X2 xx.xx.1983-cü ildən çalışmış və xx.xx.1987ci il tarixdən həmin müəssisədə darayıcı-itiləyici vəzifəsində çalışmışdır. xx.xx.1993xx.xx.1995-ci illər 1-ci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərdə iştirak etmişdir. Sözügedən müəssisələrdə çalışmaqla əmək stajı güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün lazım olan 25 illik ümumi stajı 2006- cı ildə tamam olmuşdur. Belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, 2006-cı ilə qədər güzəştli iş stajı hesablanıb, həmin dövrdə qüvvədə olan qanunların müddəaları tətbiq edilməlidir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla cəmi 23 il 4 ay 9 gün təşkil edir. Bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik deyildir. Əlavə olaraq,”Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ iddiaçıya münasibətdə, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün tətbiq oluna bilməz. İddiaçının pensiya kapitalı isə cəmi 20,277.38 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2-1(114)-2117/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası ilə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş ərizədən və qərardan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən 14 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16693/2023 nömrəli qərar ilə iddiaçıya 327.21 manat məbləğində pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmiş, nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar