Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-250/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayənəsi X5 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4069/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli, k-1-53 nömrəli arxiv arayışından görünür ki, Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olan Tağıyev X4 Filialında mühafizə olunan sabiq “Koroğlu” adına sovxozun fəhlə və qulluqçularına aid əmr kitablarında xx.xx.1989-cu il tarixli 126 nömrəli əmri ilə fermaya süd uşotniki qəbul edilmiş, xx.xx.1990-cı il tarixli 67 nömrəli əmr ilə süd uşotniki vəzifəsindən azad edilib briqadir keçirilib, İşdən azad edilmə əmri aşkar edilmədi. Lakin xx.xx.1998-ci il tarixli 69 nömrəli əmri ilə bütün fəhlələr işdən azad edilsin qeyd edilmişdir. O, sovxozda 1990-1996-cı illərdə işləyərək aşağıdakı kimi əmək haqqı qazanmışdır. 1990-cı ilin (yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 110 manat) əmək haqqı hesablanmışdır. 1991-ci ilin (yanvar, fevral, mart, aprel ayı üçün 110 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayı üçün 170 manat əmək haqqı, noyabr ayı üçün isə 187 manat) əmək haqqı hesablanmışdır. 1992-ci ilin (yanvar, fevral, mart, aprel, may ayı üçün 500 manat , iyun, iyul, avqust ayı üçün 1100 manat, dekabr ayı üçün isə 3920 manat əmək haqqı hesablanmışdır.1993-cü ilin (yanvar, fevral, mart, ayı 4700 manat, oktyabr ayı 5000 manat, noyabr ayı 7000 manat, dekabr ayı 9000 manat əmək haqqı hesablanmışdır. 1994-cü ilin (yanvar, fevral, aprel ayı üçün 900 manat, mart ayı 216 manat, may ayı 4230 manat, iyun ayı 2880 manat əmək haqqı hesablanmışdır. 1996-ci ilin yanvar ayı 11356 manat, fevral ayı 23978 manat, mart ayı 90400 manat, aprel ayı 60200 manat əmək haqqı hesablanmışdır. Sovxozun 1995-1997-1998-ci illəri əhatə edən əmək haqqı kitabları tamlıqla verilmədiyi üçün, X2 əmək haqqı haqqında məlumat vermək mümkün olmadı.
2. Azərbaycan Respublikası Şəmkir rayonu Çənlibel bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışından görünür ki, Şəmkir rayon Çənlibel kənd sakini Tağıyev X1 bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarına əsasən kəndin içməli su xətlərinə nəzarətçi təyin edilmiş, xx.xx.2005-ci il tarixli 14 saylı iclasın qərarına əsasən tutduğu vəzifədən azad edilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 1/21 nömrəli arayışından məlum olur ki, İddiaçı arxiv materallarına əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" MMC-nin X8 X10 şöbəsində fərdi abonentlər üzrə enerji müfəttişi vəzifəsində işləmişdir.
4. PT-İ ******* nömrəli, xx.xx.1974-cü il tarixli əmək kitabçasının sürətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli, 512/Ş əmrinə əsasən "xxxx" MMC X8 X10 şöbəsinə fərdi abonentlər üzrə enerji müfəttişi vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixli, 1211/Ş əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilib. xx.xx.2004-cü il tarixli 07 nömrəli əmrə əsasən Şəmkir rayon Çənlibel bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 saylı iclasın qərarına əsasən İddiaçı su nəzarətçisi təyin edilib. xx.xx.2005-ci il tarixli, 14 nömrəli əmrə əsasən Şəmkir rayon Çənlibel bələdiyyəsinin xx.xx.2005-ci il iclasının qərarına əsasən İddiaçı su nəzarətçisi işindən azad olunmuşdur.
5. xx.xx.1976-cı il tarixli, ******* nömrəli hərbi biletin surətinə əsasən X3 həqiqətən də hərbi xidmətdə olmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-5235/2023 nömrəli imtina məktubundan görünür ki, təqdim olunan arxiv arayışına və hərbi biletə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 21 il 8 ay 13 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd olunan 1995,1996,1997 və 1998-ci illəri nəzərə alıb ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 13 mart 2023-cü il tarixli 317-1/2-T-52354/2023 saylı məktubla ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi onun 21 il 8 ay 13 gün sığorta stajı olması qeyd olunmuşdur. Onun xx.xx.1974-cü il tarixindən xx.xx.2005-ci il tarixinə qədər hərbi xidməti də nəzərə alnımaqla ümumi olaraq 25 il 5 ay 13 gün müddətində sığorta stajı mövcuddur.
9. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz qeydlərində bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, 01.010.224-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 21 il 8 ay 13 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək olan 21 il 8 ay 13 gün sığorta stajına uyğun olaraq 20099,94 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Dövlət X6 xx.xx.2023-cü il tarixli k-1-53 nömrəli və xx.xx.2023-cü il tarixli 3-48-13F/2-151/2023 nömrəli arxiv arayışına əsasən “Koroğlu” adına sovxozun 1995-ci il, 1997-ci il və 1998-ci il tarixli əmək haqqı kitabları tamlıqla təhvil verilmədiyi üçün həmin əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2023-cü il tarixindən 220 manat yaşa görə sosial müavinət təyin edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4069/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, sözügedən məsələ işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2204-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 21 il 8 ay 13 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan 21 il 8 ay 13 gün sığorta stajına uyğun olaraq 20099,94 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət X6 xx.xx.2023-cü il tarixli k-1-53 nömrəli və xx.xx.2023-cü il tarixli 3-48-13F/2-151/2023 nömrəli arxiv arayışına əsasən “Koroğlu” adına sovxozun 1995-ci il, 1997-ci il və 1998-ci il tarixli əmək haqqı kitabları tamlıqla təhvil verilmədiyi üçün həmin əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
16. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.
20. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1995-1998-ci illər üzrə “Koroğlu” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqeni sözügedən müəssisənin müvafiq illərə dair əmək haqqı kitabları tamlıqla arxivə təhvil verilməməsi ilə əsaslandırmışdır.
24. Lakin iddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, sözügedən məsələ işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.
25. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli, k-1-53 nömrəli arxiv arayışına əsasən Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olan Tağıyev X4 Filialında mühafizə olunan sabiq “Koroğlu” adına sovxozun fəhlə və qulluqçularına aid əmr kitablarında xx.xx.1989-cu il tarixli 126 nömrəli əmri ilə fermaya süd uşotniki qəbul edilmiş, xx.xx.1990-cı il tarixli 67 nömrəli əmr ilə süd uşotniki vəzifəsindən azad edilib briqadir keçirilib, İşdən azad edilmə əmri aşkar edilmədi. Lakin xx.xx.1998-ci il tarixli 69 nömrəli əmri ilə bütün fəhlələr işdən azad edilsin qeyd edilmişdir. O, sovxozda 1990-1996cı illərdə işləyərək aşağıdakı kimi əmək haqqı qazanmışdır. 1990-cı ilin (yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 110 manat) əmək haqqı hesablanmışdır. 1991-ci ilin (yanvar, fevral, mart, aprel ayı üçün 110 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayı üçün 170 manat əmək haqqı, noyabr ayı üçün isə 187 manat) əmək haqqı hesablanmışdır. 1992-ci ilin (yanvar, fevral, mart, aprel, may ayı üçün 500 manat , iyun, iyul, avqust ayı üçün 1100 manat, dekabr ayı üçün isə 3920 manat əmək haqqı hesablanmışdır.1993-cü ilin (yanvar, fevral, mart, ayı 4700 manat, oktyabr ayı 5000 manat, noyabr ayı 7000 manat, dekabr ayı 9000 manat əmək haqqı hesablanmışdır. 1994-cü ilin (yanvar, fevral, aprel ayı üçün 900 manat, mart ayı 216 manat, may ayı 4230 manat, iyun ayı 2880 manat əmək haqqı hesablanmışdır. 1996-ci ilin yanvar ayı 11356 manat, fevral ayı 23978 manat, mart ayı 90400 manat, aprel ayı 60200 manat əmək haqqı hesablanmışdır. Sovxozun 1995-1997-1998-ci illəri əhatə edən əmək haqqı kitabları tamlıqla verilmədiyi üçün, X2 əmək haqqı haqqında məlumat vermək mümkün olmadı.
26. Göründüyü kimi iddiaçının 1995-1998-ci illər üzrə “Koroğlu” adına sovxozda işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir.
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
29. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
31. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin «a» bəndinə əsasən əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
32. Digər tərəfdən iddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmrlərin, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olansosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar.
33. Bundan başqa, iddiaçının işlədiyi illər üzrə (1995-1998) pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir.
34. O, da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı XX.XX.1958-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4069/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov