Məhkəmə qərarları › İş №2-1(104)-250/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-250/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-250/2025 23.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyinin təyin edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə iki il müddətndə əlilliyinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-246/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6752 nömrəli qərarına (Xəstəlik haqqında şəhadətnamə) əsasən, İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır)dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla və özünə xəsarətlərlə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyinsilkələnməsinin posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020). İkitərəfli xronikikoxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”; “Xroniki diskogen mənşəli beloma radikuliti, natamam remissiya mərhələsində. Hər iki gözünmiopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozu “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır”; “Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi pozulması illə. Sol topuq nahiyəsinin bayırsəthinin irinliyin açılması əməliyyatından sonrakl (2017) bərkimiş dəri çapığı" diaqnozu “Ümumi xəstəlikdir” səbəbli əlaqəsi ilə təsdiq olunur.

2. "Psixi Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 5092 nömrəli arayışından qeyd edilmişdir ki, İddiaçı “Postkommosion sindrom F07.2” diaqnozu qoyulmuşdur.

3. "Psixi Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 113 nömrəli arayışından qeyd edilmişdir ki, İddiaçı “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə F07.0” diaqnozu qoyulmuşdur.

4. Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarilxli, 855 nömrəli rəyində qeyd edilmişdir ki, “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələr, anamnezində qıcolma tutmaları F07.0” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub.

5. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 3243/13 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, MAHHXHQ İddiaçı xx.xx.2020-ci il tarixdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma, beyin silkələnməsi, hər iki aşağı ətrafın travmatik zədələnməsi, bud əzələsinin əzilməsi” diaqnozu ilə xəsarət almışdır. Xəsarət “Döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır.

6. Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 762 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində “Epilepsiya qıc olma tutmaları” diaqnozu ilə Goranboy RMX-nın TTTY şöbəsinə daxil olmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 13:04 radələrində “Sol said sümüklərinin qapalı sınığı” diaqnozu ilə Goranboy RMX-nın TTTY şöbəsinə daxil olmuşdur.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-32/2-75/23 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. "Hərbi xidmət haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır.

8. Ambulator kitabçadan (xəstəlik tarixindən) 10368649 nömrəli çıxarışa əsasən, X4 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu F07.0” diaqnozu qoyulmuşdur (müayinə edilmə tarixi: xx.xx.2023-cü il).

9. Azərbaycan Tibb Universitetinin X3 arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində təbii yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulağında 30dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 55 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Sağ qulaqda 1-ci dərəcə, sol qulaqda 2-3-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir (iş. mat. səh.40).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və MAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 217/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi zamanı “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, qeyri-sabit kompensasiya mərhələsi” diaqnozu müəyyənləşdirilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən müalicəyə cəlb oluna bilər.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2852 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki: - xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibbi səndlərdə İddiaçı təyin olunmuş diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə, anamnezində qıcolma tutmaları (XBT kodu - F07.0)” öz təsdiqini tapır, beynəlxalq təsnifat kodu düzgün qeyd edilmişdir. - xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün tibbi sənədlərdə aparılan müayinələrin nəticələri “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə, anamnezində qıcolma tutmaları (XBT kodu - F07.0)” diaqnozda öz əksini tapır. - xx.xx.1996-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, onda təyin olunmuş “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə, anamnezində qıcolma tutmaları (XBT kodu - F07.0)” aşkar olunur.

12. TSEK-in xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarı ilə X5 barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

13. TSEK-in xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17472/2023 nömrəli qərarı ilə X5 barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliyilə bağlı əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdən artıq xidmət edən qulluqçu kimi 701, 057, N və N saylı hərbi hissənin tərkibində xidmət etmiş və 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Goranboy rayonu ərazisində Ağ uçuq istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində "Barotravma, beyin silkələnməsi, hər iki aşağı ətrafın travmatik zədələnməsi, bud əzələsinin əzilməsi” diaqnozu ilə xəsarətlər almış, qeyd olunan xəsarətlərdən sonra o mütəmadi olaraq müalicə və müayinələr olunsa da səhhətində heç bir müsbət dəyişiklik olmamış, əksinə günü-gündən səhhətində ağırlaşmalar başlamışdır. İddiaçı qeyd edir ki, o, cənab Prezidentin Sərəncamına əsasən Cəsur döyüşçü, Vətən müharibəsi iştirakçısı orden və medallarla təltif olunmuşdur. O, hərbi xidmətdə olan müddətdə mütəmadi olaraq müalicə və müayinələr olunmuş, buna görə də sonuncu dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 iyun 2023-cü il tarixli qərarına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, müşayiətçiyə ehtiyacı olduğu üçün ordu sıralarından xaric edilmişdir. Ona "keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla və özünə xəsarətlərlə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin posttravmatik ensefalopatiyası şəklində nəticəsi. Barotravma İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltınitqini sol qulaqda 2 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə" diaqnuzu qoyulmuşdur. O, əmək qabiliyyətini itirmiş, hazırda həkim və müşayətçi nəzarəti altında yaşayır, mütəmadi olaraq müalicə və müayinə olunur. Ona müharibə veteranı statusu verilib, eyni zamanda cənab Prezident tərəfindən medallarla təltif olunmuşdur. Cavabdeh orqana əlilliyin təyin edilməsi ilə bağlı müraciət etsə də, imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

17. İddiaçı həmçinin ərizə təqdim edərək, iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

18. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etirazın məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3- cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-246/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli müayinə nəticəsində təyin edilmiş diaqnoz (F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu) müayinə nəticəsində söz ifadəsi olaraq xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın müvafiq kodu və X1 qeyd olunan kod baxımından eyni olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, sözügedən diaqnoz (XBT kodu ilə birlikdə) xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş «Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın 7.6.2 və 7.6.2.1-ci bəndində öz əksini tapmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmadığı təqdirdə əlillik təyinatının aparılması ilə əlaqədar qərar qəbul etmiş, həmçinin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi bilik tələb edən sahədə cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı və idiaçının vəkili (nümayəndəsi) ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin olunmamasını xahiş etdilər.

25. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. - üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 - baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları – F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- 35-60% - 2 il

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin hallarından görünür ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixində cavabdeh orqan tərəfindən əyani müayinə nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, daha sonra orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmiş, psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, qeyri-sabit kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmadığından, həmçinin bələdliyin və tənqidin bütün növləri saxlanıldığından “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

33. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, imtinanın səbəbi “Diaqnozun əlillik əlaməti təyin etməməsi” olmuşdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 28-ci bəndində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş Mingəçevir PND tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli L001118400KXB göndərişdə qeyd olunan diaqnozlardan- əsas diaqnoz - "F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə, anamnezində qıcolma tutmaları. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə”; - Yanaşı xəstəliklər- “F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

35. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6752 nömrəli qərarına (Xəstəlik haqqında şəhadətnamə) əsasən, İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla və özünə xəsarətlərlə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020). İkitərəfli xronikikoxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3 (üç) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”; “Xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Hər iki gözünmiopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozu “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” səbəbli əlaqəsi ilə təsdiq olunur.

36. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

40. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

41. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

42. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

44. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə:

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-246/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar