Məhkəmə qərarları › İş №2-1(104)-251/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-251/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-251/2025 01.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X3 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1281/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2013-cü il tarixli AZ-H 996073 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 29 oktyabr 1998-ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində doğulmuş, atası qrafasında X10, anası qrafasında İddiaçı qeyd olunmuşdur. X6 xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində F31.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik. Ağırlaşma G40.9 Dəqiqləşdirilmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları ilə. Ağırlaşma F73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik. Ciddi davranış pozuntuları ilə. Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (əlillik ləğv edilsin qərarı qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2021ci il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1404/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı (maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) “şəxsin fəalliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilmiş, xx.xx.1998-ci tarixdə, Şəmkir rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 223 nömrəli Sərəncamına əsasən, İddiaçı övladı X6 qəyyum təyin edilmişdir. Gəncə Şəhər Pisixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 105/24 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, X1 tərəfindən müayinə olunub. Diaqnoz: F71.1 – orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ35. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixindən “hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilmiş və X6 ümümi xəstəlik səbəbi ilə, 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə nəzarət qaydasında əyani müayinə olunmuş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz birinci dərəcə əlillik dəyişdirilərək, ümumi xətəlik səbəbindən xx.xx.2024-cü il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın qızı X9 barəsində “ümumi xəstəlik” səbəbindən müddətli 2-ci dərəcə əlillik təyin edilməsi barədə qərarın ləğv edilərək, yenidən müddətsiz 1-ci dərəcə əlillik təyin edilməsi, xx.xx.2023-cü il tarixdən bugünkü tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq qızı X4 hesabına ödənilməsi, sonuncu ekspert rəylərinin geniş şəkildə araşdırılması və sözügedən ekspertlər barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən etibarən qızı X6 “ümumi xəstəlik” səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə tibbi müayinələrdən keçmək üçün xx.xx.2023-cü il tarixdə Agentliyə dəvət edilmişdir. Lakin, həmin müddət ərzində iddiaçının qızı X4 vəziyyətinin ağırlaşması səbəbilə çağırılan ünvanda iştirak edə bilməmişlər. Onun qızı X9 xx.xx.2024-cü il tarixdə 8 nömrəli Tibbi-Sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda X6 xx.xx.2024-cü il tarixdən etibarən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi göstərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının qızı barəsində “ümumi xəstəlik” səbəbindən xx.xx.2024-cü il tarixdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. “Ümumi xəstəlik” səbəbindən xx.xx.2024-cü il tarixdən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi qərara alınsa da, sözügedən məktuba qoşma şəklində yekun nəticə ilə bağlı araşdırılmış hallar, iş üzrə sübutlar, ekspert rəyi və digər sənədlər təqdim edilməmişdir. İddiaçı hesab edir ki qızının “ümumi xəstəlik" səbəbindən müddətsiz birinci dərəcə əlilliyinin ləğv edilməsi qanunauyğun deyil. Faktiki tam fəaliyyət qabiliyyətsiz, əqli qüsurlu olan şəxsə ikinci qrup əlilllik təyin edilməsi qanunsuzdur. Uşaq doğulandan bəri onun fiziki və əqli inkişafı, nitqi yoxdur. Belə ki, ikinci qrup əlil olan insan tam hərəkət fəaliyyətində olaraq hərəkət edə bilir, işlə təmin oluna bilir. Lakin iddiaçının qızı ondan ayrı qala bilmir, tez-tez tutmaları olur. Tək olanda həm özünə, həmdə ətrafdakılara xəsarət yetirmək təhlükəsi vardır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1281/2025 nömrəli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının X6 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsi və əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, Diaqnoz F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır dərəcəli əqli gerilik. Ağırlaşma G40.9 dəqiqləşdirilməmiş epilepsiya, tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmaları ilə. Ağırlaşma F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır dərəcəli əqli gerilik. Ciddi davranış pozuntuları ilə. Meyar - 2.2 İkinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1281/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarının X6 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsi, X6 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. Bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarında X6 əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması qeyd edilməmiş, eyni zamanda bununla bağlı məhkəmə tərəfindən verilmiş sorğu cavablandırılmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1998-ci il təvəllüdlü X6 (FİN:6LWA3HP) dair Şəmkir rayon Mərkəzi Xəstəxanasının 0346003AARHK nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-17212/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan xəstənin himayədarının müraciəti əsasında ərazi üzrə xidmət göstərən TSEK tərəfindən (8 nömrəli TSEK) vətəndaşın yaşadığı ünvanda müayinəsi aparılmış, mövcud sənədlər toplanmış, video görüntü çəkilərək 3-17-4/3-1-8898/2024 nömrəli AKT tərtib edilərək DTSERA-ya göndərilmiş, Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən həmin vətəndaşın mövcud sənədləri və video görüntü əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmişdir. Təqdim edilmiş sənədlərdən Gəncə şəhər psixiatriya xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli və xx.xx.2020-xx.xx.2020-ci il tarixli çıxarışlarında diaqnoz “Çox ağır dərəcəli əqli gerilik, tez-tez baş verən qıcolma tutmaları ilə” olsa da xx.xx.2024-cü il tarixli Həkim psixiatr Komissiyasıın 105/24 nömrəli rəyində diaqnoz “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” olaraq göstərilmiş, xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsində isə “Peritriqonal səhədə və hər iki təpə paylarının ağ maddəsində T2, FLAİR hiperintens qlios ocaqlar qeyd olunur. Hər iki yan mədəcik ön buynuzlarının lateralında və bir qədər alın paylarının ağ maddəsində yerləşən kişik konfluyens qlioz ocaqları aşkarlandı. Korpus kallozium nazikləşməsi (hipoqeneziuyası) şəklində göstərilmişdir. Göndərilmiş video görüntüyə əsasən həkim psixiatrın qeydləri “Yad insanlardan anasını seçir. Adaptasiyası çətindir. Ünsiyyət qurmaqdan imtina edir. Anasının reaksoiyalarını izləyir, uzaqlaşmasından ehtiyat edir. Müraciətə etiraz etdiyindən real olaraq nitqi dəyərləndirmək qeyri mümkündür. Xəstənin dəyərləndirilməsi zamanı orta dərəcəli əqli gerilik təsdiqlənir” kimi qeyd edilmişdir. Təqdim edilmiş sənədlər və video görüntü əsasında Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan qanunvericiliyə müvafiq göndərişin rəsmiləşdirilmədiyi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilsin. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tamsərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə X6 ümumi xəstəlik səbəbi ilə müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən Şəlalə Şükürova xx.xx.2023-cü il tarixli, 3-17-4/2-M- 17212/2023 nömrəli bildiriş göndərilmiş və xx.xx.2023-ve il tarixində əyani müayinəyə dəvət olunmuşdur. Lakin buna baxmayaraq o, təyin olunmuş tarixdə əyani müayinəyə getməmişdir. Cavabdeh orqan tərəfindən mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan iddiaçının müraciəti əsasında ərazi üzrə xidmət göstərən TSEK tərəfindən (8 nömrəli TSEK) vətəndaşın yaşadığı ünvanda müayinəsi aparılmış, mövcud sənədlər toplanmış, video görüntü çəkilərək 3-17-4/3-1-8898/2024 nömrəli AKT tərtib edilərək DTSERA-ya göndərilmiş, Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən həmin vətəndaşın mövcud sənədləri və video görüntü əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmişdir. Təqdim edilmiş sənədlər və video görüntü əsasında Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16977/2023 nömrəli qərar əsasında xx.xx.2023-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair qərar qəbul edilsin və hazırda qüvvədə olan qanunvericiliyə müvafiq göndərişin rəsmiləşdirilmədiyi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilsin. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının X6 xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilərək 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilməsini və əlilliyin müddətinin və dərəcəsinin dəyişdirildiyi vaxtdan bərpa edilməsini xahiş edir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi hissəsində mübahisələndirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsinə dair TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübüt olmamış və cavabdeh orqan əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün X7 əyani müayinəyə cəlb etmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən Tibbi Sosial Ekspert Komissiyasının X7 barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda inzibati orqanın bu cür əlavə müayinələr keçirməsi qanunsuz olmuşdur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli olsa da, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir. Belə ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Başqa sözlə cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciətinə sübüt kimi qiymət verərək əlillik təyinatına dair qərarı ləğv etməklə düzgün inzibati icraat aparmamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, cavabdeh inzibati orqanın X6 münasibətdə qəbul etdiyi qərar qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1281/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar