Məhkəmə qərarları › İş №2-1(104)-252/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-252/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-252/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2728/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. ИТ-İ0195148 nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək M.Əsədov adına kolxoz X6 Komissiyasında işləmişdir. 28 dekabr 2022-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək M.Əsədov adına kolxozda işdən çıxma əmrinin olmaması əsası ilə həmin illərin sığorta stajına əlavə olunmasının qanunvericiliklə mümkün olmaması bildirilmişdir. 07 aprel 2023-cu il tarixli arxiv arayışlarına əsasən M.Əsədov adına kolxoz üzvlərinin 25 iyul 1996-cı il tarixli və xx.xx.2002-ci il tarixli 2 və 3 nömrəli iclas protokollarından çıxarışdan müəyyən edilir ki, İddiaçı 25 iyul 1996-cı il tarixdən X6 Komissiyasının sədri vəzifəsinə seçilmiş və 18 yanvar 2002-ci il tarixdə X6 Komissiyası ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Məhəmməd Əsədov adına kolxozun X6 Komissiyasının sədri vəzifəsində işləməyi faktının cavabdehin üzərinə qoyulması və təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sovetlər birliyi dönəmində Sovet Təsərrüfat sistemində müxtəlif vəzifələrdə çalışmış, sonda Goranboy rayon M.Əsədov adına kolxozda sədr vəzifəsində çalışmışdır. Aqrar İslahat Komissiyasının üzvü olmuş, sonra Gəncə Meşə mühafizəsi və Bərpası müəssisəsində xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək Goranboy meşəbəyliyində yanğın gözətçisi vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək Goranboy meşəbəyliyində meşəbəyi vəzifəsində işləmiş, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək həmin müəssisədə meşə əkini ustası vəzifəsində çalışmışdır. 27 oktyabr 1976-cı ildə 171 saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. 11 mart 1990-cı il tarixində 41 saylı əmrə əsasən ali məktəbdə əyani şöbənin tam kursunu bitirərək “Aqronom” ixtisas dərəcəsi almış və orta ixtisasa yiyələnmişdir. xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbilə cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “M.Əsədov adına” kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Məhkəməyə təqdim edilmiş 3-17-1/2- 163165/2023 nömrəli iddia tələbinə etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən onun sığorta stajı 24 il 3 ay təşil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd edilməmişdir. İddiaçının tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “M.Əsədov adına kolxoz”da işlədiyini iddia etdiyi dövr üzrə işdən çıxma əmri qeyd olunmadığı üçün həmin illərin sığorta stajına əlavə olunması qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2728/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002ci il tarixədək “M.Əsədov adına” kolxoz X6 Komissiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “M.Əsədov adına” kolxoz X6 Komissiyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini mübahisələndirilmiş və bu mövqe iddiaçının “M.Əsədov adına” kolxoz X6 Komissiyasından işdən çıxma əmri qeyd edilməməsi ilə əsaslandırılmışdır. Halbuki, “M.Əsədov adına” kolxoz X6 Komissiyasının xx.xx.2002-ci il tarixli, 03 nömrəli protokolundan görünür ki, “M.Əsədov adına” kolxoz X6 Komissiyasının ləğv olunması qərara alınmışdır. İddiaçının təqdim etdiyi əmək kitbaçasının təsdiqlənmiş surətindən görünür ki, sonuncu xx.xx.1996-cı il tarixdən “M.Əsədov adına” kolxoz X6 Komissiyasında sədr vəzifəsinə təyin edilmişdir. Cavabdeh əmək kitabçasının mötəbərliyini həmin hissədə mübahisələndirməmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “ “M.Əsədov adına” kolxoz X6 Komissiyasında işlədiyinə dair arxiv arayışlarında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Belə ki, iddiaçının işdən azadolunma əmrinin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 24 il 3 ay olması qeyd edilmişdir. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “M.Əsədov adına” kolxoz X6 Komissiyasında işlədiyi müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 29 il 3 ay sığorta stajı tamam olur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarının 3-cü bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə uyğun aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər İşçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi İşəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) rəsmiləşdirilməlidir. ilə Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) 24 il 03 ay təşkil edir. Həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilməlidir ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "M.Əsədov adına kolxoz"da işlədiyini iddia etdiyi dövr üzrə işdən çıxma əmri qeyd olunmadığı üçün həmin illərin sığorta stajına əlavə olunması qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirirk ki, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Gəncə İnzibati Məhkəməsi iddianı təmin edərkən iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "M.Əsədov adına" kolxoz X6 Komissiyasında İşlədiyi illəri sığorta stajına daxil etmiş bununla da maddi və prosessual pozuntuya yol vermişdir. Belə ki, əmək kitabçasında sözügedən müəssisədən İddiaçı işdən çıxması ilə əmr qanunvericiliyin tələblərinə zidd olaraq qeyd edilməmişdir. Məhkəmə qərar qəbul edərkən qeyd edilən hallara diqqət yetirməmiş, həmin dövrləri sığorta stajına daxil etmişdir. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bunun mümkün hesab edilmədiyini bildirmişdir. Cavabdehin imtinasına əsas kimi xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixədək M.Əsədov adına kolxozda işdən çıxma əmri qeyd olunmadığından həmin dövrlərin iddiaçının sosial sığorta stajına hesablanmağının qanunvericiliklə mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1997-xx.xx.2002-ci il illər üzrə M.Əsədov adına kolxoz X6 Komissiyasında işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək M.Əsədov adına kolxoz X6 Komissiyasında işləmişdir. Cavabdehin iddiaya dair vermiş olduğu etirazdan da görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 24 il 3 ay təşkil edir. Əmək kitabçasında gösərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Başqa sözlə iddiaçının işdən azad olunma əmrinin nömrəsinin qeyd edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin işdən azad olunma əmrinə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. X3 Goranboy Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışlarından da görünür ki, İddiaçı 25 iyul 1996-cı il tarixdən 18 yanvar 2002-ci il tarixinədək M.Əsədov adına kolxoz X6 Komissiyasında sədr vəzifəsində işləmişdir. Bununla da əmək kitabçasında qeyd olunan müvafiq dövrlərdə işlədiyi öz təsdiqini tapmışdır. Yuxarıda da qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi toplanmış sübutlarla iddiaçının əmək kitabçasından qeyd olunan iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2002-ci il tarixədək M.Əsədov adına kolxoz X6 Komissiyasında sədr vəzifəsində işləməsi sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2728/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar