Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-253/2025 10.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X1 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1388/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarının qismən, X2 0.15 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Bərdə rayonu, Mollagüllər kəndində torpaq sahəsi var. Həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Bununla bağlı hər hansı bir mübahisə olmamışdır. Sonradan iddiaçıya məlum olub ki, üçüncü şəxs X3 həmin torpaq sahəsinin bir hissəsinə JN-261A kod 61014038 nömrəli Şəhadətnamə almışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X2 verilən JN-261A kod 61014038 nömrəli Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun iddia tələbi mümkünsüz hesab edilmişdir. İddiaçı qərardadla tanış olarkən ona məlum olmuşdur ki, JN-261A kod 61014038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı əsasında verilmişdir. İddiaçı hesab edir ki, həmin qərar X2 aid hissədə qanunsuz olduğu üçün ləğv edilməlidir. Adlı siyahıdan görünür ki, X1 adına 2 torpaq sahəsi biri 0,10 ha, digəri 0,15 ha ayrılmışdır. Bundan başqa mübahisələndirilən torpaq sahəsi həmişə iddiaçının və ailəsinin istifadəsində olmuş və qanuna əsasən həmin torpaq sahəsi ona verilməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi arxiv arayışından görünür ki, Bərdə rayon arxivində X2 0,15 ha torpaq sahəsinin ayrılmasına dair heç bir məlumat yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3997/2024 nömrəli qərardadı ilə X3 üçüncü şəxs kimi məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1388/2025 saylı qərardadı ilə (hakim R.Tağıyeva) İddiaçı Cavabdehnə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyaisya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cüil tarixdə məhkəmə iclası zamanı məhkəmə onun tələbi ilə məhkəmə 261A KOD 61014038 saylı şəhadətnamənin əslini natural qaydada alınmasına və ekspertiza təyin edib yerin hansı hissədə olmasını təyin etməmişdir. Bundan başqa bildirir ki, X1 261A KOD 61014038 saylı 0.10 ha torpaq sahəsi və 0.5 ha zəbt şəhadətnaməsi 1998-ci il islahat dövründə verilmişdir. Ancaq həmin şəhadətnamədə düzəliş edərək 0.15 ha torpaq sahəsi olduğunu və ona şər ataraq qabaqcadan 9.000 manat və sonra Ali Məhkəmənin qərarına məhəl qoymadan 1350 manat təzminat yazdırmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin hazırki iş üzrə çıxardığı qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməldir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləvğ edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarının qismən, X2 0.15 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsini ehtiva edir. İddiaçı bu tələblə cavabdehə müraciət etsə də cavabdeh müraciətin təmin edilməsindən imtina etdiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X2 Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-107/2024 nömrəli qərarı ilə hazırkı iş üzrə İddiaçı X2 məxsus Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsindən qanunsuz istifadə etməsi öz təsdiqini tapmışdır. İddiaçı isə üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində özünün subyektiv hüquqa malik olmasını təsdiq edəcək sənədləri məhkəmə kollegiyasına təqdim etməmiş və iş materiallarında da onun həmin torpaq sahəsinə dair subyektiv hüquq daşıyıcısı olmasını təsdiq edən sənəd yoxdur. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir, həmçinin hüququn pozulmasıda müəyyən edilmir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1388/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-253/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-253/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver