Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-254/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X1 iştirakları ilə, “Əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi” tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2068/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-1992-ci illərdə polis zabiti kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən 2000-ci ildə müharibə veteranı adı və vəsiqəsini almışdır. 05 yanvar 1993-cü il tarixdən 05 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq etmişdir. 2003-cü ilin aprel ayından etibarən prokurorluq işçisi kimi aldığı əmək haqqından tutulan vergi hesablanarkən qanunla nəzərdə tutulmuş güzəştlər (azaldılma) ona tətbiq edilməmiş, əmək haqqı tam məbləğdə vergiyə cəlb olunmuşdur. Halbuki, müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsinə 28 noyabr 2003-cü il tarixli, 519-İİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər "aylıq gəlirin vergi tutulmayan məbləğinin 20 misli”, dəyişiklikdən sonra-"şərti maliyyə vahidinin 400 misli", 15 dekabr 2006-cı il tarixli 196-İİİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən hal-hazıradək 400 manat məbləğində azaldılır. Odur ki, müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlərin ona tətbiq edilməsinin və 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə əmək haqqından əsassız olaraq tutulmuş məbləğin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsinin təmin olunması məqsədi ilə 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 15 sentyabr 2021-ci il tarixli, xx/xx-1674 saylı cavab məktubunda göstərilmişdir ki, Baş Prokurorluqda yaradılmış komissiya tərəfindən prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən “Müharibə veteranı” vəsiqələrinin verilməsinin qanuniliyi araşdırılmış, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmri ilə əmək haqqlarından gəlir vergisinin güzəştli şərtlərlə tutulmalı olan şəxslər müəyyən edilmiş, həmin əmrdə “Müharibə veteranı” adı və vəsiqəsi müvafiq Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla, onun əmək haqqından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrini ona aid hissədə qanunsuz və əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi, 1989-1992-ci illərdə ermənilərin torpaqlarımıza hücumu zamanı polis zabiti kimi Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Ağdam rayonları ərazilərində, habelə Şuşa rayonunun Malıbəyli- Quşçular, Kosalar və Qaragav kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, əmrlə adına AKM markalı avtomat silah olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən Əsasnaməsinə uyğun olaraq 2000-ci ildə müharibə veteranı adı və vəsiqəsini almışdır. Həmin vaxtdan hal-hazıradək veteranlar üçün nəzərdə tutulan digər güzəştlər ona tətbiq edilir. Baş Prokurorluqda “Müharibə veteranı” vəsiqələrinin verilməsinin qanuniliyi araşdırılarkən, komissiyanın tələbinə əsasən, döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən müvafiq sənədləri də təqdim etmişdir. Onun “müharibə veteranı” adı və vəsiqəsi Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən verildiyindən, prokurorluqda yaradılmış komissiya tərəfindən ləğv edilə bilməmiş, bununla belə, müvafiq əmrlə, əsassız olaraq onun əmək haqqından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin təsdiq olunmuş surətinin ona göndərilməsi xahişi ilə 27 aprel 2022-ci il tarixdə Baş Prokurorluğa rəsmi müraciət etmişdir. Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli, 09/05-243 saylı cavab məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd edir ki, məktubda tələb olunan əmrlə bağlı heç nə göstərilməmiş, bununla da, müraciət mahiyyəti üzrə baxılmamış və həll edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun həmin əmri ilə vergi qanunvericiliyinin həmin tələblərinə əməl edilməmiş və onun hüquqları pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-2068/2022 saylı qararı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən əmrdən məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Müharibə veteranı “ adı və vəsiqələri Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla, onun əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Belə ki, «Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən «Müharibə veteranı» adı və vəsiqələrinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə» xüsusi komissiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində İddiaçı verilmiş vəsiqənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını sübut edən rəsmi əsaslar olmadan və qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq verildiyindən, onun əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulmasının dayandırılması əsaslı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulan inzibati aktın etibarsız hesab edilməsi halı müəyyən edilmədiyindən iddia tələbinin təmin olunması və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli, 10/10 nömrəli əmrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Cavabvdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin ona aid hissədə etibarsız hesab edilməsi və müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə aylıq əmək haqqından və əmək haqqına bərabər tutulan əlavələrdən əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılmasına keçənədək məhkəmə iddianın özünün mümkünlüyünü araşdırmalıdır. İddianın mümkünlük şərtləri isə, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən əsasların mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxıb iddia tələbini təmin edərkən bir sıra maddi və prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, iddia ərizəsindən də müəyyən edilir ki, iddiaçı iddia ərizəsinin əsaslandırma hissəsində qeyd oluna əmrin ləğvini göstərmiş, lakin nəticə hissəsində isə əmrin etibarsızlığını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan ziddiyətin aradan qaldırılması üçün iddiaçıya hər-hansı hüquqi yardım göstərməmiş və bu barədə ətraflı araşdırma aparmamışdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə iddiaçıya hüquqi yardım göstərərək iddiaçının tələbini dəqiqləşdirilməli olduğu halda, qeyd olunan ziddiyyətlərə aydınlıq gətirmədən qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2068/2022 saylı qərarı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-254/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-254/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver