Məhkəmə qərarları › İş №2-1(104)-254/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-254/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-254/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3863/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: -işə əlavə edilmiş SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 633 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş БТ-İ 599955 nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 1979-1980-ci il tarixlərdə X1 təhsil almışdır. -surəti işə əlavə edilmiş AТ-İ ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək ayrıayrı vaxtlarda müxtəlif müəssisələrdə, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək isə Bərdə Avtonəqliyyat filialında əmək funksiyasını yerinə yetirmişdir. -Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan sabiq ATP-5 üzrə 1994-1998-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı müvafiq illər üzrə əmək haqqı almışdır, 1997-ci illərə dair kitab var, vətəndaşın işlədiyi sahə üzrə kitab yoxdur, 1999- 2001-ci il üzrə əmək haqqı kitabları təhvil verilməyib, 2002-2003-cü illərdə bir neçə vərəqdə 5,8 nəfər işçinin adı qeyd olunmuş, lakin vətəndaşın adına rast gəlinməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialı ərazisində sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Bərdə rayon Qasımbəyli kəndində anadan olmuş, 1976-cı il tarixdən 2003-cü il tarixə qədər bir çox idarələrdə müxtəlif sahələrdə işləmişdir. Həmçinin iddiaçı Bərdə Avqtonəqliyyat filialı ərazisində xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixə qədər sürücü işləmiş, işlədiyi dövrə aid məlumatlar əmək kitabçasında qeyd edilsə də, ancaq sənədlər arxivə təhvil verilməmişdir. Hazırda iddiaçı iş stajı ilə əlaqədar pensiyaya çıxmaq istəyir, işlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3863/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən ümumilikdə 15 il 6 ay təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işlədiyi müddətlərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçası ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işləmişdir. Eyni zamanda Bərdə Rayon Dövlət arxivinin arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçının müvafiq dövrlər üzrə əmək haqqı alması barədə sənədlər mövcud olsa da, həmin müəssisənin şəxsi heyətə dair sənədləri arxivə tam formada təhvil verilməmişdir Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarının arxivə tam formada təhvil verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövlərin də iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialındakı əmək fəaliyyəti dövrü həmin dövrlərdəki əmək fəaliyyətinin yoxlanılması mümkün olmadığından mübahisələndirilərən sosial sığorta stajına daxil edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 253 №li və xx.xx.2023-cü il tarixli 27 №li məktublarındakı məlumatlar ziddiyət təşkil edir. Belə ki, Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 253 №li məktubunda Bərdə Avtonəqliyyat filialının sənədlərinin Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********1 №li xidməti məktubunda Bərdə Avtonəqliyyat filialının sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi və təşkilatın hüquqi ünvanı bəlli olmadığı üçün iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Lakin Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli məktubunda Dövlət Arxivində mühafizə olunan sənədlərə əsasən İddiaçı müvafiq illər üzrə əməkhaqqı aldığı qeyd edilmişdir. Eyni zamanda həmin məktubda 1997-ci ilə dair sənədlərdə iddiaçının işlədiyi sahə üzrə kitab olmadığı, 1999-2001-ci illər üzrə əməkhaqqı kitablarının arxivə təhvil verilmədiyi, 2002-2003-cü illər üzrə bir neçə vərəqdə 5-8 işçinin adının qeyd olunduğu, lakin iddiaçının adına rast gəlinmədiyi bildirilmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən arxiv arayışında iddiaçının bəzi aylarda əməkhaqqı almadığı qeyd edilmişdir. Lakin məhkəmə iddiaçının sözügedən dövrlərdə əməkhaqqı almamağının səbəblərini araşdırmamışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi məhkəmə işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iddiaçının əmək fəaliyyəti ilə bağlı Bərdə Rayon Dövlət Arxivinin məktublarında ziddiyətlər olmasına baxmayaraq müvafiq dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan şərtləri ödəmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı Qəbbər oğlu ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçının sosial sığorta stajının 15 il 6 ay təşkil etdiyi bildirilmiş və onun sosial sığorta stajına uyğun toplanılmış 11812,09 manat pensiya kapitalı qanunvericiliklə nəzərdə tutulandan az olduğundan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Cavabdehin imtinasına əsası Bərdə Avtonəqliyyat filialının sənədlərinin Bərdə rayon Dövlət Arxivinə təhvil verilməməsi və təşkilatın hüquqi ünvanı bəlli olmadığı üçün əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasının mümkün olmaması olmuşdur. Bu səbəbdən də qeyd olunan dövlərinin iddiaçının sosial sığorta stajına daxil edilməsinin qanunvericiliyə uyğun hesab olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sığorta stajının mübahisələndirilən hissəsi onun xx.xx.1993-xx.xx.2003-cü il illər üzrə Bərdə Avtonəqliyyat filialında sürücü işlədiyi dövrlər olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Bərdə Avtonəqliyyat filialında işləmişdir. Cavabdehin iddiaçının müraciətinə imtina məktubundan və iddiaya dair vermiş olduğu etirazdan da görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 15 il 6 ay təşkil edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh tərəfindən xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək iddiaçının əmək fəaliyyəti dövrlərinin araşdırıla bilməməsi əsas gətirilərək mübahisələndirilir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 38 nömrəli məktubdan görünür ki, iddiaçı Bərdə Avtonəqliyyat filialında işlədiyi dövrdə 1994-cü il üzrə yanvar-iyun, sentyabr-dekabr aylarında; 1995-ci il üzrə yanvar, fevral, aprel, iyun, sentyabr-noyabr aylarında; 1996-ci il üzrə fevral, noyabr, dekabr aylarında; 1998-ci il üzrə isə yanvar ayında əmək haqqı. Həmçinin məktubun qeyd hissəsində bildirilmişdir ki, 1997-ci illərə dair kitab var, iddiaçının işlədiyi sahə üzrə kitab yoxdur. 1999-2001-ci il üzrə əməkhaqqı kitabları təhvil verilməyib. 2002-2003-cü illərdə bir neçə vərəqdə 5-8 nəfər işçinin adı qeyd olunub lakin, iddiaçının adına rast gəlinməmişdir. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, müəssisənin sənədləri arxivə təhvil verməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli, 2-1(102)-2386/2023 nömrəli qərarları). Hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək iddiaçının sözügedən müəssisədə iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3863/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar