Məhkəmə qərarları › İş №2-1(104)-255/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-255/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-255/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2085/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1064A, KOD 50806028 saylı şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən mümkün olmamışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********77 nömrəli məktubdan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında qoyulan suallarda qeyd olunan Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinə dair tərtib olunmuş, eləcədə inzibati iş materiallarına əlavə edilmiş JN-1064 (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi, elektron baza məlumatlarında mövcud olan adlı siyahıda sahibsiz torpaq sahəsi olaraq qeyd olunsa da, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-3-60/2-1136/2023 saylı məktubundan və ona əlavə edilmiş Xanlar rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarından çıxarışdan görünür ki, Mərkəzin arxivində saxlanılan Xanlar (Göygöl) rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahələrinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar islahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1064A (KOD ********) saylı Şəhadətnamə əsasında ona verilmiş Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayonu, Üçtəpə kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1064A kod 50806028 saylı Şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, aparılan araşdırma zamanı, müraciətinə torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici və texniki sənədlərin əlavə edilmədiyindən müsbət cavab verilməmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********47 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, “Torpağa mülkiyyətə hüququna dair” JN-1064A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş 0.06 ha torpaq sahəsi ilə bağlı verilmiş “Torpağa mülkiyyətə hüququna dair” JN-0070 saylı dövlət aktı Ərazi idarəsinin elektron baza və xəritə materiallarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, Üçtəpə kəndində yerləşən torpaq sahəsinə dair JN-1064A saylı şəhadətnamə barədə qeyd aparılmamışdır, təqdim edilmiş adlı siyahıda və bu şəhadətnamə barədə məlumat yoxdur.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2085/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) 0.06 ha torpaq sahəsi ilə bağlı verilmiş “Torpağa mülkiyyətə hüququna dair” şəhadətnamə ərazi idarəsinin elektron baza və xəritə materiallarında öz əksini tapmadığından, həmçinin torpaq sahəsinə dair JN-1064A saylı şəhadətnamə barədə qeyd aparılmadığından, təqdim edilmiş adlı siyahıda bu barədə məlumat olmadığından cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2085/2022 saylı qərarının əsassız olduğundan ləğv edilməsini, təkrar ekspertiza keçirilməklə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Göründüyü kimi, məhkəmə araşdırılması tam və hərtərəfli aparılmadığı üçün məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil deyildir. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardad ilə mütəxəssis rəyi alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli, **********77 məktubunda qeyd olunur ki, mütəxəssis qarşısında qoyulan suallarda qeyd olunan Xanlar rayon X2 xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinə tələb olunmuş, eləcə də inzibati iş üzrə əlavə edilmiş JN-1064 (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi, elektron bazada otuzdurulan sahiblər siyahısında iddiaçının adı qeyd olunmamışdır. Halhazırda həmin torpaq sahəsi sahibsiz torpaq sahəsi kimi qeyd olunsa da, torpaq islahatlarına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu lahiyəsində öz əksini tapmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən – Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları təsdiq edilsin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Bu Fərmanın 2.1-ci hissəsinə əsasən Fərmanın l-ci hissəsində təsdiq edilmiş Qaydalara uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada təmin edilsin. Qeyd olunan Fərmana əsasən bu işlərin həyata keçirilib-keçirilməməsində vətəndaş məsuliyyət daşımır. Məhkəmə bu hissədə iddianın təmin olunub-olunmamağına qətnamənin qət etdi hissəsində münasibət bildirilməmiş, tələbinin həmin hissədə üstündən sükutla keçilmiş və araşdırmadan hüquqi qiymət verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilllərini müdafiə edərək təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2085/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır, Göygöl rayonu, Üçtəpə kəndində heç vaxt yaşamamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 157. İİ hissə Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

17. “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

18. “Torpaq islahatı haqqında” Qanun Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X1 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

21. İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

23. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

26. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

27. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

28. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

29. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

30. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

31. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

32. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. İş materiallarından göründüyü kimi, İddiaçı Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1064A (KOD ********) saylı Şəhadətnamə əsasında ona verilmiş Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətindən imtina etmişdır. Cavabdeh inzibati orqan imtinanın və iddia tələbinə dair etirazının dəlilərində bildirmişdir ki, aparılan araşıdrma zamanı ərizəyə əlavə edilmiş 0,06 ha torpaq sahəsi ilə bağlı verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1064A saylı şəhadətnamə ərazi idarəsinin elektron baza və xəritə məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, Üçtəpə kəndində yerləşən torpağa dair JN-1064A saylı şəhadətnamə barədə qeyd aparılmamışdır, təqdim edilmiş adlı siyahıda bu şəhadətnamə barədə məlumat yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisənin həlll edilməsi üçün xx.xx.2022-ci il tarixli qərardad ilə mütəxəssis rəyinin alınması qərara alınsa da, sualların cavablandırılması mümkün olmamışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********77 nömrəli məktubu ilə bildirilmişdir ki, mütəxəssis qarşısında qoyulan suallarda qeyd olunan Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinə dair tərtib olunmuş, eləcədə inzibati iş materiallarına əlavə edilmiş JN-1064 (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi, elektron baza məlumatlarında mövcud olan adlı siyahıda sahibsiz torpaq sahəsi olaraq qeyd olunsa da, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır.

37. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1136/2023 saylı məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Xanlar (Göygöl) rayonu, Üçtəpə kəndi üzrə pay torpaq sahələrinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

38. “Torpaq islahatı haqqında” Qanunun normaları ilə müəyyən edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qeyd edilən həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmadığı üçün, həmçinin o, həmin ərazidə yaşamadığı üçün Xanlar (Göygöl) rayonu, Üçtəpə kəndi üzrə keçirilmiş aqrar islahatın nəticələrinə görə torpaq sahəsi almış subyektlərin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi faktı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi mübahisələndirilən daşınmaz əmlaka dair verilmiş JN-1064A saylı şəhadətnamə elektron baza məlumatlarında mövcud olmadığından və iddiaçının adı Xanlar (Göygöl) rayonu, Üçtəpə kəndi üzrə torpaq sahələri almaq hüququ olan subyektlərin siyahısında aşkar edilmədiyindən iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istisna edilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

40. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2085/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar