Məhkəmə qərarları › İş №2-1(104)-256/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-256/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-256/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2307/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, may 1993-cü ildən avqust 1994-cü ilədək N saylı hərbi hissədə xidmətdə olarkən döyüş tapşırığını yerinə yetirmək üçün uzun müddətli ezamiyyətlərdə və döyüş zonalarında yerləşən hərbi hissələrdə olmuşdur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2307/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin N oktyabr 1992-ci il tarixli 141 nömrəli əmrilə şəxsi heyət siyahısına daxil olunmaqla, bütün növ təminatlara qoyulması barədə məlumat olsa da, onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2307/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Cavabdeh inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, cavabdehlər tərəfindən apellyasiya şikayətləri Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2307/2022 nömrəli qərarı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza olunmaqla rəsmi qaydada qəbul edilmiş, apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə poçt şöbəsinə (AZ1008) xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu hal apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslardan biridir. İddiaçı tərəfindən apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmiş, ancaq müddətin ötürülməsini nə faktiki, nə də hüquqi əsaslarını qeyd edə bilməmiş, bununla bağlı məhkəmə iclasında da hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 2307/2022 nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsinə dair ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin, apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar