Məhkəmə qərarları › İş №2-1(104)-257/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-257/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-257/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, “Əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3758/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun sosial sığorta kartında toplanmış pullar nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq artımın pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbçi zabit kimi orduda xidmət illəri nəzərə alınmaqla xx.xx.2002-ci il tarixdən pensiyaya çıxmış, sonrakı artımlar nəzərə alınmaqla 908 manat 75 qəpik pensiya alır. Pensiyaya çıxdıqdan sonra müxtəlif dövrlərdə işləmiş və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. Qanunvericiliyə görə fərdi hesabda yığılmış pensiya sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ vardır. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının müvafiq ərizələrinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə ilkin iddia tələbi « yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən yaşa görə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dəyişdirilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3758/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunan qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya pensiya hesablanmışdır və bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçının pensiyası xx.xx.2024-cü il tarixə qədər yenidən hesablanmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati кollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar