Məhkəmə qərarları › İş №2-1(104)-26/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-26/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-26/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-688/2022 saylı qərarından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdehnə qarşı mərhum X3na şəhid statusu adının, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-688/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsini barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş, xx.xx.2019-cu il tarixdə gecə 21-22 radələrində Elmirə təhkim olunmuş “KAMAZ” markalı “B 195 QQ” hərbi nömrə nişanlı avtomobillə Tərtər rayon Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı “Ruslan” adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüş, oğlu Elmir Bayramov “Açıq kəllə-beyin travması, Sol ayağının yerdəyişmiş açıq sınığı” diaqnozu ilə N saylı hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən X13 gətirilmiş, vəziyyəti çox ağır olduğu üçün SQ BKH-nm reanimatoloqunun nəzarəti altında sanitar ambulansla SQ BKH-na təxliyyə olmuş, BKH-nın reanimasiya şöbəsində əlli üç gün komada yatmış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.2019-cu il tarixli əmrində, N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli əmrindən çıxarışda, N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3522 saylı arayışında da “Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır” göstərilmişdir. O, cavabdeh orqan Cavabdehnə X3na şəhid statusunun verilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin ona tam qanunsuz və əsassız imtina məktubları verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 866 nömrəli ekspert rəyinin surətindən görünür ki, E.C.Bayramovun xx.xx.2019-cu il tarixli məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol aşağı ətrafın budun aşağı 1/3-i səviyyəsindən amputasiyası. Bundan əlavə təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi o, “Avtoqəza nəticəsində (xx.xx.2019-cu il) müştərək travma açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, sol alın və təpə sümüyünün basılmış sınığı, sol alın payının intraparenximal hematoması, yayılmış subaraxnoidal qansızma vəbeyin ödemi, pnevmosefaliya, postravmatik serebral koma, KQŞ 7 bal, sol qamış sümüyünün proksimal metafizinin açıq, çoxqəlpəli, çəp, yerinidəyişən sınığı, sol baldırın sıxılma sindromu, sol ayağın və baldırın işemik qanqrenası, bədənin müxtəlid nahiyyələrinin küt travması, travmatik şok, İİİ-İV dərəcə diaqnozu ilə müalicədədir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənməsi inkar olunmur, dərəcəsinə görə isə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 0116əç nömrəli ərmindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq, 157-ci Motoatıcı brqiadanın (N nömrəli hərbi hissə) 1574-cü motoatıcı taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X9 xx.xx.2019-cu il tarixdə, saat 13:40 radələrində müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etdiyi üçün (ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir) xx.xx.2019-cu il tarixdən Azərbaycan ordusunun şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 3522 nömrəli məktubda bildirilmişdir ki, mərhum X3 xidməti vəzifələrini yerinə yetirərkən vəfat etdiyinə görə xx.xx.2019-cu il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3295 nömrəli arayışının surətindən görünür ki, mərhum X9 xx.xx.2019-cu il tarixdə ona təhkim olunmuş hərbi avtomobillə keçirdiyi avtomobil qəzasında xəsarətlər almış, hospitala təhliyyə olunmuş və müalicədə olduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir. “Ölüm haqqında” xx.xx.2019-cu il tarixli, AZ-İ 959155 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 1503 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 1910 nömrəli bildirişinə və Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 0116 nömrəli əmrindən çıxarışına əsasən, mərhum X9 N sayklı hərbi hissənin 1574-cü taborunun ərazisində keçirdiyi avtoqəza nəticəsində xx.xx.2019-cu il tarixdə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etmişdir.Bu səbəbdən də Elmir Bayramova “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun verilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, X3 xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. X3 2016-cı il aprel döyüşləri iştirakçısı olmuşdur. xx.xx.2019-cu ildə gecə saat 21-22 radələrində ona təhkim olunmuş "KAMAZ" markalı B195QQ hərbi nömrə nişanlı avtomobillə Tərtər rayonu Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı "Ruslan" adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüşdür. X3 açıq kəllə-beyin travması, sol ayağının yerdəyişmiş açıq sınığı diaqnozu ilə N nömrəli hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən səyyar tibbi qrupuna gətirilmişdir. Vəziyyəti çox ağır olduğu üçün SQ BKH-nin reanimatoloq həkimi nəzarəti altında sanitar anbulasla SQ BKH-nın təxliyyə olunmuşdur. BKH-nın reanimasiya şöbəsində 55 gün komada qalmış və xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bu barədə Müdafiə Nazirliyinin İ müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli əmrində, N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 227 nömrə əmrdən çıxarışda, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3255 nömrəli arayışlarında "Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar" olması açıq-aşkar göstərilmişdir. Çox təssüf hissi ilə qeyd edir ki, X3 xidməti vəzifəsini icra etdiyi zaman vəfat etdiyindən və bu hal aidiyyəti orqanların əmrlərində öz əksini tapsa da oğluna şəhid statusu adı verilməmişdir və dövlətin ali orqanı olan İ instansiya məhkəməsi də buna haqsız olaraq göz yumaraq iddiamı rədd etmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına istinad edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**7-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 4-1.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qədul edilməsi ilə bağlı müvafiq öhdəliyini qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati akı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (İPM-nin 33.2-ci maddəsi). Sadalanan hüquq normaları baxımından irəli sürülən iddianın mümkünlüyü araşdırılarkən görünür ki, verilmiş iddia məcburetmə haqqında iddiadır və onun mümkünlüyü üçün zəruri olan, İPM-nin 33.2-ci maddəsində müəyyən olunan şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş, xx.xx.2019-cu il tarixdə gecə 21-22 radələrində Elmirə təhkim olunmuş “KAMAZ” markalı “B 195 QQ” hərbi nömrə nişanlı avtomobillə Tərtər rayon Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı “Ruslan” adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüş, oğlu Elmir Bayramov “Açıq kəlləbeyin travması, Sol ayağının yerdəyişmiş açıq sınığı” diaqnozu ilə N saylı hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən X13 gətirilmiş, vəziyyəti çox ağır olduğu üçün SQ BKH-nm reanimatoloqunun nəzarəti altında sanitar ambulansla SQ BKH-na təxliyyə olmuş, BKH-nın reanimasiya şöbəsində əlli üç gün komada yatmış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək onlara şəhid statusu verilməsi barədə arayışın verilməsini xahiş etmiş, lakin cavabdeh “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndinə istinad edərək bundan imtina etmişdir. Məhkəmənin sorğusuna əsasən Tərtər Hərbi Prokurorluğundan daxil olmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 xx.xx.2019-cu il tarixdə saat 21 radələrinda idarə etdiyi KAMAZ-43114 markalı B 195 QQ nömrə nişanlı nəqliyyat maşının idarəetmə qaydalarnı pozması ehtiyatsızlıqdan avtomobildə olan hərbi qulluqçuların sağlamlığına az ağır zərər vurması əməlində Azərbyacan Respublikası CM-nin 351.1-ci maddəsinin tərkib əlamətləri olsa da, o cinayət qanunu ilə nəzərdə tutulmuş əmali törətdikdən sonra öldüyündən barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən rədd edilməsi, X8 maşın böyüyü olmaqla xx.xx.2019-cu il tarixdə KAMAZ- 43114 markalı B 195 QQ nömrə nişanlı nəqliyyat maşının istismar qaydalarını pozması halı müəyyən edilmədiyindən, yəni əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 351.1-ci maddesi ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi norma «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsidir. Həmin normaya görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırki işin həllində bu norma ilə yanaşı digər əlaqəli hüquq normalarının da nəzərdən keçirilməsi zəruridir. Bu baxımdan kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: - 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; - 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; - Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 1.2.5-ci və 1.2.6-cı bəndlərinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli, 35 nömrəli və 22 may 2**6-cı il tarixli, 131 nömrəli Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.2**8-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qanunvericliyin qeyd olunan göstərişlərinin tələblərini önəçəkən kollegiya hesab edir ki, iddiaçının oğlu Elmir Bayramov xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş, xx.xx.2019cu il tarixdə gecə 21-22 radələrində Elmirə təhkim olunmuş “KAMAZ” markalı “B 195 QQ” hərbi nömrə nişanlı avtomobillə Tərtər rayon Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı “Ruslan” adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüş və xx.xx.2019-cu il tarixdə “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etmişdir. X1 idarə etdiyi «Kamaz» markalı avtomaşın ilə yol nəqliyyat hadisəsi törədərək ölməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda 17 iyul 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə olan halda onun şəhid hesab edilməsi yuxarıda göstərilən qanunun tələblərinə zidd olacaqdır. Çünki işin faktiki halları mərhum Elmir Bayramovun şəhid hesab edilməsinə əsas vermir. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şlikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-688/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bu qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Bu qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar