Məhkəmə qərarları › İş №2-1(104)-26/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-26/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-26/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Avtomobil X4 cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehin hesabına köçürülmüş pulun tutularaq iddiaçının hesabına köçürülməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “cavabdehin hesabına köçürülmüş pulun tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 700/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. «Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə» xx.xx.2021-ci il tarixli Protokoldan görünür ki, "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində yolun Şəmkir rayonunda tikinti altına düşən maneələrin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar X10 Məmulatları Zavoduna məxsus torpaq sahəsində meyvə ağaclarının alınmanın təsirinə məruz qalması səbəbilə müstəqil qiymətləndirici qismində cəlb olunuş, "xxxx" MMC tərəfindən müəyyən edilən mövcud bazar qiyməti 17212 (on yeddi min iki yüz on iki) manat məbləğində qiymətləndirilmiş və X10 Məmulatları Zavodunun nümayəndəsi qeyd olunan məbləğlə razılaşaraq protokolu imzalamışıdır.

2. xx.xx.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, “X7” ASC-nin hesabına 17212 (on yeddi min iki yüz on iki) manat məbləğində pul köçürülmüşdür.

3. X3 Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar işlər idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 17/87 nömrəli məktubda qeyd edilmişdir ki, əraziyə keçirilən baxış zamanı “X7” ASC-nin ərazisində kəsilmiş ağacların dib kötüyü aşkar olunmasa da, Azərbaycan Avtomobil X5 tərəfindən 210 ədəd ağacın məhv edilməsi müəyyən edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli, 67257 nömrəli akt tərtib olunmuşdur. Məhv edilmiş yaşıllığı minimal olaraq, kol və ya 4 sm diametrli ağac olduğunu qəbul etsək, yaşıllığa dəymiş ziyanın məbləği 17212 manat deyil, 33600 manat təşkil edər.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Avtomobil X5nə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 12/X85560T-22 nömrəli məktubda qeyd edilmişdir ki, “X7” ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar kolu müvafiq ekoloji ekspertiza rəyi olmadan götürüldüyünə görə dəymiş ziyan müəyyən edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 üzrə dövlət fondunun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı ASC-nin hesabına köçürülmüş 17212 manat məbləğində pulun geri çəkilməsi məqsədəmüvafiq hesab edilir.

5. Azərbaycan Avtomobil X5 tərəfindən “X7” ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktuba əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda "X7" ASCnin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 üzrə X9nun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı "X7" ASC-nin hesabına köçürülmüş 17212 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmiş, bu səbəbdən də, yaşıllıqlara görə dəymiş ziyanın X6 üzrə X9na tam ödənilməsinin təmin edilməsi məqsədilə həmin yaşıllıqlara görə "X7" ASC-yə ödənilmiş 17212 manat məbləğində pulun qısa müddətdə geri qaytarılması xahiş edilmişdir.

6. Şəmkir bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 3/375 nömrəli məktubunda qeyd edilir ki, “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi” avtomobil yolunun “Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi” layihəsi altına düşən ərazidə X3 Xidmətinin qeyd etdiyi kimi 210 ağac olmuşdur. Həmin ağaclardan 200-ə yaxın hissəsi şam ağacından, qalan hissəsi isə digər növ ağaclardan ibarət olmuşdur.

7. “X7” ASC-nin xx.xx.2022-ci il tarixli, 024/06 nömrəli arayışına əsasən, Bakı- Qazax avtomobil yolunun tikintisi zamanı "xxxx" ASC tərəfindən “X7” ASC-yə məxsus 210 ağac kökündən çıxarılaraq məhv edilmişdir. Məhv edilmiş 210 ədəd ağacdan 201-i şam ağacı, 9 ədədi isə görüş ağacı olmuşdur. Ağacların dəyəri 501 min manat təşkil edir ki, bu da “X7” ASC-nin balansında 01, 03 sətirdə (sətir kodu 010) ******* (şəhadətnamənin 2 nömrəli əlavəsi) ümumi məbləğində əks etdirilir.

8. “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” 650 kadastr nömrəli, 94 nömrəli Hesabatdan görünür ki, Azərbaycan Avtomobil X4 sifarişçiliyi ilə mülkiyyətçi X10 Məmulatı Zavodu müvafiq hissədə "xxxx" MMC tərəfindən Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Şəhadətnamə, texniki pasport və foto-şəkillər əsasında qiymətləndirilmişdir.

9. X10 Məmulatı Zavoduna məxsus xx.xx.2005-ci il tarixli, 009425 nömrəli texniki pasporta əsasən, müəssisənin tikintialtı sahəsi 13730,7 kv.m, ümumi sahəsi 14058,2 kv.m, əsas sahəsi 12321,9 kv.m, köməkçi sahəsi 1763,3 kv.m təşkil edir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-7011/2024 nömrəli məktubu və məktuba əlavə edilmiş sənədlərə əsasən, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin X10 Məmulatı zavodunun bazasında ləğv edilmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 201 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi 104047,9 kvm, o cümlədən kənarda yerləşən sahə 600 kv.m təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı Azərbaycan Avtomobil X5 cavabdeh “X7” ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “X7” ASC-nin hesabına köçürülmüş 17212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq X6 üzrə X9na köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Kredit Sazişi çərçivəsində Azərbaycan Avtomobil X5 tərəfindən "M-2 Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4 (dörd) zolağa genişləndirilməsi" layihəsi (km 00+000km 130+150) həyata keçirilir. Həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün tələb olunan əmlaklara görə kompensasiya məbləğinin hesablanması və ödənilməsinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin" tikintisi layihəsi çərçivəsində tikinti altına düşən ağac və kol bitkilərinin kənarlaşdırılması zərurəti yarandığından müvafiq rəy verilməsi məqsədilə Azərbaycan Avtomobil X5 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmış və həmin müraciət əsasında Nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən layihə üzrə tikinti altına düşən ağacların, kolların sayı və növləri müəyyən edilmişdir. Layihə altına düşən 4243 ədəd ağacın köçürülməsinə, 940 ədəd ağacın həqiqi bərpa dəyəri ödənilməsi şərti ilə kəsilməsinə dair Dövlət Ekspertiza İdarəsinin 04 oktyabr 2019-cu il tarixli, ER22/472 nömrəli ekoloji ekspertiza rəyi Azərbaycan Avtomobil X5nə təqdim edilmişdir. Sözügedən rəyin icrası ilə bağlı qeyd olunan ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Departamentinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti ilə götürülmüş və 217512,0 manat məbləğində həqiqi bərpa dəyərinin "X6 üzrə Dövlət Fondu"na ödənilməsi təmin edilmişdir. Bildirilir ki, həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən dövlət mülkiyyətində olan və "X7" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd nar kolunun olması müəyyən edilmiş və həmin nar kollarının götürüləsi ilə bağlı "X7" ASC-yə 17212,0 manat vəsait ödənilmişdir. Sözügedən məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na əsasən düzgün hesablanmadığı barədə "X7" ASC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı tərtib edilmiş aktda 210 ədəd nar kolu üçün hesablanmış 17212,0 manat vəsaitin "X6 üzrə X9"na deyil, "X7" ASC-yə ödənildiyi, habelə həmin yaşıllıqlara dəymiş ziyanın 17212,0 manat deyil, 33600,0 manat təşkil etdiyi qeyd edilmiş və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda "X7" ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 üzrə X9nun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı "X7" ASC-nin hesabına köçürülmüş 17212,0 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Bununla bağlı yaşıllıqlara görə dəymiş ziyanın X6 üzrə dövlət fonduna tam ödənilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən zəruri tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış 22 iyun 2022-ci il tarixli ********* məktubla "X7" ASC-yə ödənilmiş 17212,0 manat məbləğində pulun X6 üzrə dövlət fonduna ödəniləcəyi ilə bağlı aidiyyəti məhkəmə instansiyasında iddia qaldırılacağı bildirilmiş və yaşıllıqlara görə dəymiş ümumi ziyanın qalan hissəsinin, yəni 15788,0 manat vəsaitin aidiyyəti üzrə ödənilməsi üçün X6 üzrə dövlət fondunun bank hesabının təqdim olunması xahiş edilmişdir. Bununla bağlı X3 Xidmətindən Agentliyə daxil olmuş 24 iyun 2022-ci il tarixli 17/225 nömrəli məktuba əsasən 15788,0 manat vəsaitin təqdim edilmiş bank hesabına ödənilməsi təmin olunmuşdur. Bundan başqa, həmin yaşıllıqlara görə "X7" ASC-yə ödənilmiş 17212,0 manat məbləğində pulun X6 üzrə dövlət fondunun bank hesabına ödənilməsi üçün həmin ASC-yə 21 iyun 2022-ci il tarixli ********* nömrəli məktub göndərilmiş, lakin "X7" ASC tərəfindən vəsaitin ödənilməsi könüllü təmin olunmamışdır. Sözügedən məsələ ilə bağlı yaşıllıqlara dəymiş zərərin ödənilməsilə bağlı Azərbaycan Avtomobil X5 tərəfindən zəruri tədbirlərin görülməsi nəzərə alaraq, cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Hazırda yaşıllıqlara dəymiş zərərin tam olaraq ödənilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Eyni zamanda qeyd edirik ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planından çıxarışa əsasən qeyd olunan layihə çərçivəsində "X7" ASC-nə məxsus tikinti altına düşən ağac və kol bitkilərinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi cavabdehin istifadəsindədir.

13. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, Azərbaycan Avtomobil X4 əməkdaşları 2020 ci ildə "Bakı-ƏlətQazax- Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-QazaxGürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində layihənin Şəmkir rayonu inzibati ərazisindən keçən hissəsində tikintilərə maneə törətdiyinə görə ASC-nin balansında olan çoxillik (30 illik) və diametri 40 sm-dən yuxarı olan 210 ədəd ağacı heç bir məlumat vermədən kəsmişdir. Agentliyə çoxsaylı şikayətimizdən sonra dəymiş ziyanın guya 17272 (on yeddi min iki yüz yetmiş iki) manat təşkil etdiyini bildirmiş və həmin məbləği ödəmişdir. Agentliyin dəymiş ziyanın məbləğinin 17272 manat təşkil etməsi barədə absurd rəqəmi hardan alması çox maraqlıdır. Çünki, həmin məbləğ nə qüvvədə olan qanunvericiliyə, nə də beynəlxalq normalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" nın "Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımınln dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar" adlı 1 nömrəli əlavəsində tikinti abadlaşdırma məqsədi ilə diametri 40 sm olan bir ağacın qiyməti 800 manat müəyyən edilmişdir. Həmin qaydaya əsasən dəymiş ziyan hesablandıqda məbləğ 160000 manat təşkil edir. Həmçinin, ötən illə ərzində həmin ağacların suvarılması və xidmət göstərilməsi üçün də külli miqdarda xərc çəkilmiş, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən bu məbləğ ümumilikdə 501000 manat təşkil edilmişdir. Agentlik qanunvericiliyin tələblərini kobud surətdə pozaraq səlahiyyət hədlərini aşmışdır. Yəni ağacların çıxarılmasını və onların qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi halda, Agentlik bu səlahiyyətləri özü və müstəqil ekspert vasitəsi ilə həyata keçirmişdir. Qeyd edirik ki, kəsilmiş 210 ədəd çox illik və diametri 40 və daha çox olan ağacların ASC-dəki balans qiyməti 501000 (beş yüz bir min) manat təşkil edilmişdir. Beləliklə, Agentliyin qanunsuz və səlahiyyət hədlərini aşaraq etdiyi hərəkətlər nəticəsində ASC-yə 501000 manat miqdarında zərər vurulmuş, lakin həmin məbləğ hazıradək ödənilməyərək kompensasiya edilməmişdir. Qeyd olunur ki, "X7" ASC qanunsuz olaraq kəsilmiş ağaclara görə ödənilmiş 17272 (on yeddi min iki yüz yetmiş iki) manat vəsaitlə razılaşmadığına görə Azərbaycan X1rşı 501.000 (beş yüz bir min) manat kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda iş üzrə məhkəmə baxışı davam edir. Bildiririk ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin X11"na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2005-ci il tarixli 201 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin X10 Məmulatı zavodunun bazasında "X7" ASC yaradılmış və səhmləri tam özəlləşdirilmiş, cəmiyyətin emissiya prospektində cəmiyyətin ümumi tikililəri və tikilialtı torpaq sahəsinin ölçüsü haqqında məlumat öz əksini tapmışdır. Qeyd edirik ki, müəssisə özəlləşdirilmədən öncə 1991-2005- ci illər ərzində ərazisində ümumilikdə 270 ədəd çoxillik həmişəyaşıl ağaclar əkilmişdir. ASC-nin səhmdarlarının xx.xx.2006-cı il tarixli Ümumi Yığıncağında müəssisənin ərazisinin və ətraf ərazinin çoxillik həmişəyaşıl ağaclarla abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuş, bununla bağlı işgüzar komissiyanın yaradılması, əkilmiş ağacların isə müəssisənin balansına götürülməsinə dair akt tərtib edilməsi qərara alınmış, müvafiq komissiyanın xx.xx.2006-c il tarixdi aktına əsasən 270 ədəd ağac balansa qəbul edilmiş və onlara daim qulluq olunmuşdur. Azərbaycan Avtomobil X4 əməkdaşları 2020-ci ildə "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində layihənin Şəmkir rayonu inzibati ərazisindən keçən hissəsində tikintilərə maneə törətdiyinə görə ASC-nin balansında olan çoxillik (30 illik) və diametri 40 sm-dən yuxarı olan 210 ədəd ağacı heç bir məlumat vermədən kəsmişdir. Ağaclar kəsildikdən torpaqda qalmış kökləri video qeydiyyata alınmış və fotoşəkillər də çəkilmişdir (əlavə olunur). Agentliyə çoxsaylı şikayətlərimizdən sonra dəymiş ziyanın güya 17272 (on yeddi min iki yüz yetmiş iki) manat təşkil etdiyini bildirmiş və həmin məbləği ödəmişdir. Agentliyin dəymiş ziyanın məbləğinin 17272 manat təşkil etməsi barədə absurd rəqəmi haradan alması çox maraqlıdır. Çünki həmin məbləğ hesablaması nə qüvvədə olan qanunverciliyə, nə də beynəlxalq normalara əsaslanır. Belə ki, Azərbaycan Respubllkası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın "Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar" adlı 1 nömrəli əlavəsində tikinti abadlaşdırma məqsədilə diametri 40 sm olan bir ağacın qiyməti 800 manat müəyyən edilmişdir. Həmin qaydaya əsasən dəymiş ziyan hesablandıqda məbləğ 160000 manat təşkil edir. Həmçinin, ötən illər ərzində həmin ağacların suvarılması və xidmət göstərilməsi üçün də külli miqdarda xərc çəkilmiş, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən bu məbləğ ümumilikdə 501000 manat təşkil etmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yanında Apellyasiya Şurasına və Azərbaycan Avtomobil X5nə şikayətlər edilmişdir. Agentliyin xx.xx.2021-ci il tarixi cavab məktubunda göstərilmişdir ki, ASC-yə sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsi üzərində 210 ədəd ağac yolun tikintisi altına düşdüyü müəyyən edilmiş, bununla əlaqədar müstəqil qiymətləndirici tərəfindən 210 ədəd ağaca dəymiş ziyan görə 17212 manat ödənilmişdir. Hesab edirik ki, Agentliyin bütün hərəkətləri qanunsuzdur. Belə ki, Agentlik qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq səlahiyyət hədlərini aşmışdır. Yəni ağacların çıxarılmasını və onların qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi halda, Agentlik bu səlahiyyətləri özü və müstəqil ekspert vasitəsilə həyata keçirmişdir. "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsində tikinti və abadlaşdırma məqsədilə 36,1-40 sm diametri olan ağacın birinin dəyəri 800 (səkkiz yüz) manat müəyyən edilmişdir. Agentliyin müstəqil qiymətləndirici kimi sifariş verdiyi "xxxx" MMC-dən qiymətin hansı meyarlarla təyin edilməsini müəyyən etmək məqsədilə həmin MMC-dən qiymətləndirmənin nəticlələri haqqında hesabat tələb edilmiş, lakin sözügedən müəssisə xx.xx.2021-ci il tarixi 48 nömrəli cavab məktubunda hesabatın Agentliyə və müvafiq məhkəməyə təqdim edə biləcəyini qeyd etmişdir. Qeyd edirik ki, kəsilmiş 210 ədəd çoxillik və diametri 40 və daha çox olan ağacların ASC-dəki balans qiyməti 501000 (beş yüz bir min) manat təşkil etmişdir. Beləliklə, Agentliyin qanunsuz və səlahiyyət hədlərini aşaraq etdiyi hərəkətlər nəticəsində ASC-yə 501000 manat miqdarında zərər vurulmuş, lakin həmin məbləğ hazıradək ödənilməyərək kompensasiya edilməmişdir.

14. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X7” ASC-nin hesabına köçürülmüş 17212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq Azərbaycan Avtomobil X4 hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə xx.xx.2023-cü il tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-700/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, cavabdeh “X7” ASC 210 ədəd şam ağacının məhv edildiyini iddia etsə də, işdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehə meyvə ağaclarına görə kompensasiya ödənilmişdir və qeyd olunan aktı cavabdehin nümayəndəsi imzalamışdır Digər tərəfdən cavabdeh həmin ağacların “X7” ASC-nin balansında olmaqla dəyərinin 024/06 nömrəli, 2006-cı il tarixli akta əsasən 01,03 sətirdə ******* manat məbləğin daxilində olmasını iddia etsə də, bunu təsdiq edən mörəbər sübutu təqdim etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri.

17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə qarşı təqdim edilmiş etiraz qeydləri ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.

22. Tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq olunan hüquq:

23. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 1.0.11. yaşıllıqların bərpa dəyəri - yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir.

3. Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 15.1. Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15.4. Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”: 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda. 4.7. Bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir. 2.1. Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər: 4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. 4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X6 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

26. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz);

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;

81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları ... torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası işin hallarını, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin halları ilə müəyyən olunur ki, "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin" tikintisi layihəsi çərçivəsində tikinti altına düşən maneələrin kənarlaşdırılması zərurəti yarandığından Azərbaycan Avtomobil X5 həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən dövlət mülkiyyətində olan və "X7" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd ağac müəyyən edilmiş və həmin ağacların götürülməsi ilə bağlı cavabdehə 17212 manat vəsait ödənilmişdir. Sonuncu qeyd olunan məbləğlə razılaşmayaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İşlər üzrə İdarəsinə şikayət etmişdir. Belə ki, cavabdeh tərəf hesab etmişdir ki, kəsilən ağaclar nar kolu deyil, iynəyarpaqlı şam ağacları olduğu üçün ödənilməli olan məbləğ 17212 manat deyil, 510.000 manat olmalıdır. İdarədə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dəymiş ziyan cavabdehə deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 üzrə X9nun müvafiq bank hesabına köçürülməlidir. Bununla yanaşı, köçürülməli olan məbləğin 17212 manat deyil, 33600 manat təşkil etdiyi, həmçinin bunun üçün cavabdehin hesabına köçürülmüş 17212,0 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi bildirilmişdir. Bundan sonra, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubla qeyd olunan məbləğin qısa müddətdə geri qaytarılması xahiş olunsa da, cavabdeh bundan imtina etmişdir.

31. İddiaçı tərəfindən geri ödənilməsi tələb olunan pul vəsaitinin cavabdehin hesabına köçürülməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal cavabdeh tərəfindən təkzib olunmur və iş üzrə sənədlərlə təsdiqini tapır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehin hesabına köçürülmüş 17212 manat məbləğində pulun tutularaq hesabına köçürülməsini xahiş edir.

32. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək, gəlinən nəticə onunla əsaslandırılmışdır ki, cavabdeh “X7” ASC 210 ədəd şam ağacının məhv edildiyini iddia etsə də, işdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehə meyvə ağaclarına görə kompensasiya ödənilmişdir və qeyd olunan aktı cavabdehin nümayəndəsi imzalamışdır. Digər tərəfdən cavabdeh həmin ağacların “X7” ASC-nin balansında olmaqla dəyərinin 024/06 nömrəli, 2006-cı il tarixli akta əsasən 01,03 sətirdə ******* manat məbləğin daxilində olmasını iddia etsə də, bunu təsdiq edən mörəbər sübutu təqdim etməmişdir.

33. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili məhkəmə tərəfindən mötəbər sübutun təqdim olunmaması mövqeyinin təkzib edilməsidir. Belə ki, şikayət təqdim etdiyi sənədlərə əsasən kəsilən ağacların nar kolu deyil, iynəyarpaqlı şam ağacı olmasının, dəyərinin ******* manat təşkil etməsinə yönəlmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə araşdırmasının predmeti kəsilən ağacların dəyərinin cavabdehə hansı miqdarda ödənilməli olması deyil, ümumiyyətlə həmin məbləğin cavabdehə ödənilməsinin qanunauyğunluğudur. Bu səbəbdən kollegiya hesab edir ki, kəsilən ağacların növü və ya dəyəri deyil, ümumilikdə qeyd olunan məbləğin cavabdehə ödənilməsinin qanunauyğun olub-olmaması araşdırılmalı və cavabdehin hüququnun pozulub-pozulmamasına qiymət verilməlidir.

35. İş materiallarında olan X10 Məmulatı Zavoduna məxsus xx.xx.2005-ci il tarixli, 009425 nömrəli texniki pasporta əsasən, müəssisənin tikintialtı sahəsi 13730,7 kv.m, ümumi sahəsi 14058,2 kv.m, əsas sahəsi 12321,9 kv.m, köməkçi sahəsi 1763,3 kv.m təşkil edir.

36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-7011/2024 nömrəli məktubu və məktuba əlavə edilmiş sənədlərə əsasən, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin X10 Məmulatı zavodunun bazasında ləğv edilmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 201 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi 104047,9 kvm, o cümlədən kənarda yerləşən sahə 600 kv.m təşkil edir.

37. “X7” ASC-nin əmlak kompleksi kimi müəssisəyə dair sənədlərindən müəyyən olunur ki, müəssisənin tikintialtı torpaq sahəsi 599,0 kv.m təşkil edir (cild İİ, səh. 3).

38. X8 Zavodunun (qeydiyyat №12714) balansında olan daşınmaz dövlət əmlakı haqqında reyestrdən çıxarışdan görünür ki, ***-*******4 reyestr nömrəli çıxarışla 1996-cı il tarixində istismara verilmiş, balans dəyəri 410400 manat olan, 0.0599 ha torpaq sahəsinin üzərində yerləşən ikimərtəbəli inzibati bina X8 Zavodunun balansındadır (cild İİ, səh. 30).

39. Göründüyü kimi, iddiaçı cəmiyyət balansında daşınmaz əmlak kimi yalnız 599 kv.m torpaq sahəsi üzərində yerləşən ikimərtəbəli inzibati binaya malikdir və istifadəsində olan torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Kəsilərək cavabdehə zərər vurulması iddia edilən ağaclar da dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində olmuşdur.

40. Məhkəməyə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-120/2-019366/2025 saylı məktubu ilə təqdim edilmiş materialda olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən, tikinti məqsədilə kəsilmiş hər bir kola görə 160 manat məbləğində ziyan hesablanmalı və həmin məbləğ X6 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməlidir.

41. Hazırki qərarın 25-ci bəndində qeyd edilən normaların məzmununa əsasən, yalnız dövlət qeydiyyatına alınmış və ya bu cür qeydiyyata alınmanın tələb edilmədiyi ərazilər üzrə istifadə və icarədə olan torpaqlar alınan zaman kompensasiya dəyərinin ödənilməsi müəyyən edilmiş, adıçəkilən Qanunda həmin torpaq sahəsində yerləşən yaşıllıqlar üzrə vurulmuş zərərin X6 fonduna ödənilməsi nəzərdə tutulmuşdur.

42. Bununla belə, dövlət torpaqları üzərində istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar kompensasiya ödənilməsi üçün yuxarıda qeyd edilən normalarla yanaşı, Torpaq Məcəlləsinin 73 və 81-ci maddələrinin tələbləri də nəzərə alınmalıdır.

43. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır.

44. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyini müəyyən etmişdir.

45. Qeyd edilən normaların birgə təhlili baxımından, məhkəmə kollegiyası qeyd edir ki, dövlət torpaqlarının istifadəçilərindən torpaqlar geri alınan zaman şəxslər (istifadəçilər) kompensasiya almaq hüququna malik olsalar da, bu kompensasiyanın ödənilməsi torpağa (onun sahəsinə, təyinatına və s.) görə deyil, yalnız həmin torpaqdan faktiki istifadə nəticəsində yaranan iqtisadi maraq, mənfəət gözləntisi, torpaqda aparılmış yaxşılaşdırma işləri, torpaqların alınması nəticəsində əldən çıxmış fayda və ya digər şəxslər qarşısındakı öhdəliklərin icra edilə bilməməsinə görə yaranan zərər üçün ödənilir.

46. Hazırki iş üzrə iddiaçı tərəfindən həmin ağacların kəsilməsi nəticəsində cavabdeh cəmiyyətin deyil, dövlətə məxsus torpaq sahəsində yerləşdiyindən dövlət mənafelərinə xələl gəlmişdir. Bundan başqa həmin kolların məhz cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində yerləşməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Əksinə aparılmış araşdırılma zamanı həmin ağac kollarının dövlətə məxsus ərazidə yerləşən sahədə olması təsdiqlənmişdir.

47. Belə ki, işdə olan Cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2022-ci il tarixli, 12/855xid-22 məktubu ilə «X7» ASC-nin mülkiyyətində və istifadəsində olan torpaq sahələri barədə, eləcə də kəsilmiş 210 ədəd ağacın yerləşdiyi ərazinin ASC-nin mülkiyətində və ya istifadəsində olması, qeyd olunan lahiyə altına düşüb-düşməməsi barədə məlumat verməklə, müvafiq çıxarışların və təsdiqedici sənədlərin təqdim olunması xahiş edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, **********56 nömrəli məktubunda qeyd edilmişdir ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən «X7» ASC-nin istifadəsində 12.08 ha torpaq sahəsi aşkar olunmuşdur. Eyni zamanda bildirlir ki, «X7» ASC-nin istifadəsində olan həmin torpaq sahəsinin 0,29 ha hissəsi Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi hissəsinin tikintisi zamanı lahiyə altına düşmüşdür. Qeyd edilən əmlaka dair arxiv məlumatları aşkar edilməmişdir.

48. Hazırki halda məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırma iş materiallarında olduğundan və həmin ağac kollarının yerində müəyyən edilməsi ilə bağlı araşdırma aparıldığından yenidən təkrar mütəxəssis rəyi alınmasına zərurət olmaması qənaətinə gəlinmişdir. Bundan başqa cavabdeh kəsilən ağacların onun istifadəsində olan torpaq sahəsində yerləşməsi və həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə üçün təşəbbüs göstərməsini təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Belə olan halda cavabdeh torpaq üzərində iqtisadi marağının olduğunu və ya həmin iqtisadi maraqdan doğan mənfəət gözləntisinin mövcudluğunu və ona hər hansı zərər dəydiyini sübuta yetirə bilməmişdir.

49. Beləliklə ağacların kəsilməsinə görə ödənilməli olan məbləğ cavabdeh cəmiyyətin deyil, X3 Xidmətinin hesabına ödənilməli olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

50. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-700/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar