Məhkəmə qərarları › İş №2-1(104)-262/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-262/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-262/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «müddətsiz əlilliyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3987/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daxili İşlər Nazirliyinin X8 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli, 32 nömrəli xəstəlik haqqında şəhadətnaməsində xx.xx.1996-cı il tarixli İddiaçı barəsində qeyd edilmişdir ki: 8. Anamnez: Normal doğulub və böyüyüb. Özündə və ailə üzvlərində irsi, vərəm, dəri-zöhrəvi xəstəlikləri inkar edir. xx.xx.2023-cü il tarixdə Hərbi-həkim komissiyasında xəstənin hərbi xidmətə yararlılığı təyin edilərkən tibbi müayinələr zamanı “Volf-Parkinson-Uayt sindromu” diaqnozu müəyyən edilmiş, “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Xəstə xx.xx.2023-cü il tarixdən X8ında “Volf- Parkinson-Uayt sindromu” diaqnozu ilə stasionar müayinədədir (x/t-185/2023). 9. Obyektiv müayinə: Dəri və görünən selikli qişaları adi rəngdədir. Periferik limfa düyünləri böyüməmişdir. Döş qəfəsi normastenik tiplidir. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır, ritmikdir. A/T 120/80 mm.c.st. Nəbzi ritmikdir, dolğundur, 1 dəqiqədə 70 dəfə vurur. Palpasiyada qarnı yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Pasternatskı simptomu hər iki tərəfdə (-) mənfidir. Defekasiya aktı iradi, sidik ifrazı sərbəst və ağrısızdır. 13. HHK-ın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və sairə yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 42 "c” maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: Azərbaycan Respublikası DİN-in DQ-ın Hərbi-həkim komissiyasının . 196 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən: “C” - sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: Eynidir. “Ümumi xəstəlikdir”.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12026 nömrəli ambulator tibbi kitabçasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində dispanser qeydiyyatına alınmışdır. Şikayətləri təngnəfəslik və ürəkdöyünmədir. Limfa düyünləri əllənmir. Ürəyin hüdudları normaldır. Qabırğalararası sahədə zirvə təkanı mövcuddur. Qara ciyər və dalaq əllənmir. WPW sindromu (İ45.6). Son (dəqiqləşdirilmiş) diaqnozların qeydiyyatı => Xəstə HMK-da müayinə olunmuş, əsas diaqnoz İ45.6 WPW sindromu müəyyən olunmuş və ilkin əlilliyin təyini üçün TSEK-ə göndərilmişdir.

3. X11 xx.xx.2023-cü il tarixli PHİLİPS Ultrason cihazı ilə İddiaçı müayinə nəticəsində qeyd edilmişdir ki: Sol mədəcik (L.V.) => LV Endiast ölçüsü – 46 mm, LV End sist ölçü – 30 mm, İ,V,S – 9 mm, Arxa divar qalınlığı – 9 mm, Sol mədəcik funksiyaları => Qısalma faizi (FS) – 24-46, Artım fraksiyası (EF) 53-77% LVEF 60%, Açıqlama - sol mədəciyin sistolo - diastolik ölçüləri normal. Diastolik funksiyası relaksativ tip pozulub. Seqmentar divar hərəkəti pozğunluğu qeyd olunmadı. LVEF 60%. Sol qulaqcıq və sağ kameralar normal. Perikard boşluğu təmiz. Aortal qapaq normal. Mitral qapaq AML prolaps . İ.A.S və İ.V.S tamdır . PDA və PFO aşkar olunmadı. Rəngli dopler exokq də MÇ minimal müşahidə olundu. 1. LVEF 60%. Mitral qapaq AML prolapse. 2. Dialostik funksiyası relaksativ tip pozulub. 3. MÇ minimal müşahidə olundu.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-16750/2023 nömrəli məktubdan görünür ki, onun əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin G00092484QAD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Belə ki, göndərişdə qeyd edilmiş diaqnozu (Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan ağırlaşması göstərilməyib) təsdiq edən funksional-diaqnostik müayinələr barədə məlumatlar ətraflı qeyd edilməmişdir.

5. xx.xx.2023-cü il tarixli TSEK müayinə nəticəsində İddiaçı “Vaxtında əvvəl oyanma sindromu, Volf-Parkinson-Uayt sindromu” diaqnozu təyin edilmiş və imtina edilmənin səbəbi kimi göndərişin natamam doldurulması – Səbəb: - “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan ağırlaşması göstərilməyib” qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 224/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında İddiaçı adına olan tibbi arayışlarda qeyd edilmiş “Volf-Parkinson-Uayt sindromu- İ45.6” diaqnoz ona stasionarda anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarıxlı 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Diaqnozun ağırlaşmaları olmadığından hazırda xəstəlik əllik səviyyəsində deyildir.

7. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiayasının 24 sentyabr 2024-cü il tarixli, 3-17-4/3-1-20595/2024 nömrəli qərarında qeyd edilmişdir ki, obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 100/70 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, periferik ödem, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilməmiş, xx.xx.2024-cü il tarixində TSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəficəsinə əsasən (nəticə “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik finksiyası (LVEF=57%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ qeyd edilir”), əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkimekspertlər tərəfindən Akademik C.Abdullayev adına X1 göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Volf-Parkinson-Uayt sindromu.” şəklində göstərilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2029-cü il tarixli G00092484QAD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına X2” publik hüquqi şəxsinin 13 dekabr 2024-cü il tarixli, 3-28-7/2-554/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, WPW sindromu Laun Volf təsnifatına əsasən qiymətləndirilmir. WPW sindromu (vaxtından əvvəl oyanma sindromu) ürəyin anadangəlmə anomaliyasıdır və ürək damar sisteminin digər patalogiyaları ilə əlaqəli deyildir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi- Sosial Ekspert Komissiyasının ona əlillik təyinatından imtina edilməsi barədə 05 may 2023-cü il tarixli qərarın qanunsuz hesab edilərək, həmin qərarın ləğv edilməsi və ona sağlamlıq vəziyyətinin qiymətləndirilərək əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildən 10 fevral 2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçu - patrul taborunun 1-ci yarımqrupunun atıcısı olaraq hərbi xidmət keçmiş, kiçik çavuş rütbəsində olmuşdur. 2023cü ilin əvvəllərindən etibarən səhhətində problemlər yarandığına görə müxtəlif tibb müəssisələrində müayinə və müalicələr almış, DİN-nin X5 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmiş, bu barədə ona xx.xx.2023-cü il tarixli, 32 №-li "Xəstəlik haqqnda Şəhadətnamə" verilmişdir. Şəhadətnamədə Diaqnoz: "Volf-Parkinson- Uayt sindiromu (XBT: 145.6) ümumi xəstəlikdir" göstərilmişdir. Odur ki, 10 fevral 2023-cü il tarixdən etibarən hərbi xidmət keçməkdən azad edilmişdir. Daha sonra Bərdə Rayon Mərkəzi X10 X12 Komissiyası tərəfindən sağlamlıq vəziyyəti qiymətləndirilərək ona əlillik dərəcəsi təyin edilməsi üçün cavabdehin Tibbi Sosial Ekspert Komissiyasına G00092484QAD nömrəli göndəriş göndərilmişdir. Lakin cavabdehin Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik təyinatından imtina etmişdir. İmtinanın səbəbi olaraq qərarda göstərilmişdir ki, "Dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan ağırlaşması göstərilməyib." Cavabdehin mənə əlillik təyinatından imtina etməsinə dair xx.xx.2023-cü qərarını (imtina səbəbini) əsassız və qanunsuz hesab edirəm. Belə ki: 1.Cavabdehin imtina səbəbi olaraq qərarında göstərildiyi səbəb formal (şablon) səbəbdir, süründürməçilikdir və bəhanədir. Cavabdeh əlillik dərəcəsi təyin təyin etmək istəmədiyi bütün vətəndaşlara qəsdən bu cür bəhanələrlə əlillik təyinatından imtina verir. 2.Əgər cavabdeh göndərişi həqiqətən də natamam doldurmuş hesab edirdisə, bütün natamamlıqları sadalamaqla göndərişi rəsmiləşdirmiş tibb müəssisəsindən tələb etməli idi ki, konkret olaraq, məsələn 10 gün müddətində bu qüsurlar aradan qaldırılmaqla yeni göndəriş rəsmiləşdirilsin. İddiaçı hesab edir ki, G00092484QAD nömrəli göndərişdə heç bir natamamlıq yoxdur. Bütün müalicələri və diaqnostik müayinələrinin nəticələri həmin göndərişdə ətraflı olaraq qeyd edilmişdir. Bərdə Rayon Mərkəzi X10 X12i Komissiyası tərəfindən də ona bildirilir ki, cavabdehin TSEK-nın xx.xx.2023-cü il tarixli qərarında göstərilmiş imtina səbəbi formal bəhanədir, G00092484QAD nömrəli göndərişdə heç bir natamamlıq yoxdur.

11. İddiaçı xx.xx.2023-cü il tarixdə tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 85-100 faizinin itirilməsinə görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmənin icraatına qəbul edilmişdir.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş xx.xx.2003-cü il tarixli etirazın məzmununda qeyd edilmişdir ki, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji, prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması iddiaçıda tam olaraq olubolmamasırını müəyyən etmək üçün əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsi xahiş olunur.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3987/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya “Volf-Parkinson-Uayt sindromu” diaqnozu qoyulduğundan DİN-nin X5 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. Bundan əlavə, göndərişin rəsmiləşdirən səhiyyə müəssisəsi tərəfindən də eyni diaqnoz qoyularaq tibbi-sosial ekspert komissiyasına müvafiq göndəriş rəsmiləşdirilmiş, lakin cavabdeh tərəfindən “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Həmçinin, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin “müddətsiz” müəyyən edilməsinə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3987/2023 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazla eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Hazırki işdə isə məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi X7 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, məhkəmənin qərardadı əsasında iddiaçı yenidən yoxlanılmış, lakin diaqnoz öz təsdiqini tapmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, hazırda xəstəlikdən əziyyət çəkir və müalicələrini davam etdirir.

Tətbiq edilən hüquq:

20. “İnzibati icraat haqqında” Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.6. Ekstrapiramid və digər hərəki pozuntular. 6.6.1. - parkinson xəstəliyi - G20; - ikincili parkinsonizm - G21; - digər rubrikalarda təsnif olunan xəstəliklərdə parkinsonizm - G22. Qiymətləndirmə: 6.6.1.1. ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) – 40-60% - 2 il; 6.6.1.2. hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) – 65-80% - müddətsiz; 6.6.1.3. hərəkətin əhəmiyyətli təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin V mərhələsi) – 85-100% - müddətsiz.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin G00092484QAD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Belə ki, göndərişdə qeyd edilmiş diaqnozu təsdiq edən funksionaldiaqnostik müayinələr barədə məlumatlar ətraflı qeyd edilməmişdir.

26. İddiaçı tətəbində qeyd edir ki, DİN-nin X5 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edildiyindən və bu barədə ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 32 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə "Volf-Parkinson-Uayt sindiromu (XBT: 145.6) ümumi xəstəlikdir" kimi göstərildiyindən və bu səbəbdən 10 fevral 2023-cü il tarixdən hərbi xidmət keçməkdən azad edildiyindən ona müddətsiz əlillik təyin edilməlidir.

27. Birinci instansiya məhkəməsi tələbi əsaslı hesab etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, həm göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsi tərəfindən, həm də cavabdeh orqan tərəfindən iddiaçıya eyni diaqnoz təyin edilmiş, lakin sonuncu tərəfindən “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Bu halı əsas götürən birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin “müddətsiz” müəyyən edilməsinə əsas verir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı ilkin əlilliyin təyini üçün TSEK-ə göndərilərkən tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12026 nömrəli Ambulator tibbi kitabçasında ona WPW sindromu (İ45.6) təyin edilmişdir.

29. Düzgün yekun nəticəyə gəlmək üçün əvvəlcə iddiaçıya təyin edilmiş “Volf- Parkinson-Uayt sindromu” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi və diaqnozun əlillik səviyyəsində olub-olmaması araşdırılmalıdır. Bu məqsədlə məhkəmə kollegiyası tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 224/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında İddiaçı adına olan tibbi arayışlarda qeyd edilmiş “Volf-Parkinson-Uayt sindromu- İ45.6” diaqnoz ona stasionarda anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarıxlı 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.1-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Diaqnozun ağırlaşmaları olmadığından hazırda xəstəlik əllik səviyyəsində deyildir.

30. Bundan başqa, Tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Vaxtından əvvəl oyanma sindromu, Volf-Parkinson-Uayt sindromu” diaqnozu qoyulmuş, həmin göndərişdən “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinin tələbləri baxımından iddiaçının xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində verilmiş göndərişdə olan “Göndərişin natamam doldurulması” səbəbinin inzibati orqan tərəfindən aradan qaldırılması məsələsinin həll edilməsi və onun müraciətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə yenidən baxılaraq qiymətləndirilməsini məqsədəmüvafiq hesab edərək, 21 avqust 2024-cü il tarixli qərardad qəbul edilmişdir.

31. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiayası tərəfindən dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2029-cü il tarixli G00092484QAD nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından 24 sentyabr 2024-cü il tarixli, 3-17-4/3-1-20595/2024 nömrəli “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Belə ki qərarın məzmununda qeyd edilir ki, obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 100/70 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, periferik ödem, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilməmiş, xx.xx.2024-cü il tarixində TSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəficəsinə əsasən (nəticə “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik finksiyası (LVEF=57%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ qeyd edilir”), əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Əyani müayinə zamanı, İddiaçı ətraflı müayinə edilməsi üçün həkimekspertlər tərəfindən Akademik C.Abdullayev adına X1 göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Volf-Parkinson-Uayt sindromu.” şəklində göstərilmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmamışdır.

32. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində Hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 32 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı DİN-nin X5 Hərbi Həkim Komissiyasının 03 fevral 2023-cü il tarixli qərarı ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. Həmçinin həmin şəhadətnamə ilə İddiaçı səhhətində mövcud olan dəyişikliklərin EKQ (Akademik C.Abdullayev adına X2) Volf-Parkinson-Uayt sindromu kimi qiymətləndirilməsi qeyd edilmişdir.

33. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya qoyulan “Vaxtından əvvəl oyanma sindromu, Volf-Parkinson-Uayt sindromu” diaqnozunun Laun-Volf təsnifatı üzrə xəstəliklərlə eynilik təşkil edib-etməməsi məsələsinin aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına X2” publik hüquqi şəxsinin 13 dekabr 2024-cü il tarixli, 3-28-7/2- 554/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, WPW sindromu Laun Volf təsnifatına əsasən qiymətləndirilmir. WPW sindromu (vaxtından əvvəl oyanma sindromu) ürəyin anadangəlmə anomaliyasıdır və ürək damar sisteminin digər patalogiyaları ilə əlaqəli deyildir.

34. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri və digər tibbi sənədlər əsasında təkzib olunmuş, bununla da, hazırki iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır.

35. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin və onun əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olub-olmaması halı qanunvericiliklə müəyyən edilmiş normlarının tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3987/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar