Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-264/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4202/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1993-cü il tarixli, AT-Vİİİ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda mühasib köməkçisi işlədiyi illərin sosial sığorta stajında daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra xx.xx.1975-ci ildə Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həmin vəzifədə işləmişəm, 1977-ci ildə həqiqi hərbi xidmətə getmiş və 1979-cu ildə həqiqi hərbi xidmətdən təxris olunandan sonra xx.xx.1979-cu il tarixdə yenidən Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş və xx.xx.1995-ci il tarixədək həmin vəzifədə işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası orada qalmış, qaçqın gəldikdən sonra Kəlbəcər rayon Tədarük kontoru tərəfindən yenidən əmək kitabçası tərtib edilmişdir. Hazırda iddiaçının 65 yaşı tamam olub, pensiyaya çıxmışdır, lakin onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmayaraq sığorta stajına daxil edilməmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4202/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1979-cu il tarixindən aprel 1993-cü il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü onun 1979-1995-ci illərdə işlədiyi müddətlərdir. Cavabdeh orqanın nümayəndəsi müəssisənin həmin dövrə aid arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən iddiaçının həmin dövrlərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığını bildirərək həmin dövrləri mübahisələndirmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işləmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Buna baxmayaraq, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında Kəlbəcər rayonunun işğalından sonra, yəni 1993-cü ilin aprel ayından etibarən əmək haqqı almadığını etiraf etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırki işə tətbiqi onu deməyə əsas verir ki, iddia « aprel 1993-cü tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin edilə bilməz. Çünki iddiaçı qeyd olunan müddətlər üzrə əmək haqqı almadığından həmin müddətlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərara qəbul edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinin xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 26 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 17.653,77 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 200,64 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixdən 233,94 manata, xx.xx.2021-ci il tarixdən 260,61 manata, xx.xx.2022-ci il tarixdən 269,47 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 286,13 manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 328,19 manata çatdırılmışdır. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məlumat üçün bildirir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddətinin xx.xx.2023-cü il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyası ödənişi həmin tarixdən dayandırılmışdır. Əlavə olaraq bildirir ki, Kəlbəcər rayon Tədarük kontorunun xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün həmin dövrlərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən sığorta staji 12 il 3 ay 26 gün olduğu halda, 30 il nəzərə alınmaqla hesablanmışdır. Nəticədə əlilliyə görə əmək pensiyası məbləğində xx.xx.2019-cu il tarixdən (artıqvermə barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvəl) xx.xx.2022-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı cavabdeh inzibati orqandan xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işləmişdir. Məhkəmə kollegiyası iddiaçının Kəlbəcər rayon Tədarük kontorunun xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı hissədə qeyd edir ki, bu hallar iddiaçının təqsiri kimi hesab edilə bilməz və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə sosial təminat hüququnun növü kimi tanınan pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Başqa sözlə iddiaçının Kəlbəcər rayon Tədarük kontorunun xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan - sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. Məhkəmə kollegiyası İddiaçı iddiasının 1993-cü il aprel tarixindən xx.xx.1995-ci il tarixədək olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının verdiyi izahatdan da məlum olur ki həmin dövrdə iddiaçı Kəlbəcər rayon Tədarük kontorunda işləsə də əmək haqqı almamışdır. Bununla da həmin müddətlər üzrə əmək haqqı almadığından qanunvericiliyin tələbinə əsasən qeyd olunan müddətlər sığorta stajına daxil edilə bilməz. Odur ki, yuxarıda qeyd edilən qayda iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci Kəlbəcər rayon Tədarük kontorunda əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyinə dəlalət edir. Əmək kitabçasında gösərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən hesab edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Yuxarıda qeyd edilən maddi normalardan göründüyü kimi əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, yuxarıda göstərilən normanın məzmununa əsasən əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının da iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənəddə olan məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4202/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.