Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-265/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2721/2022 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qırmızıkənd” ərazisinin bağçılıq üçün ayrılmış 146A sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq həmin sahəyə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nömrəli T.Q.T-nin Kiçik Mexanizasiya sahəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir və 3 nömrəli trestin " İnşaatçı " bağçılıq yoldaşlığının üzvü olmuşdur ona ayrılmış torpaq sahəsindən 146 A nömrəli sahə İddiaçı ayrılmışdır. X3 xx.xx.1996- cı il tarixli 2 nömrəli protokolu əsasında "Qırmızıkənd" ərazisinin bağçılıq üçün İnşaatçı Birliyinə ayrılmış sahədən iddiaçıya torpaq sahəsi bağ evi üçün ayrılmışdır. Bu barədə cavabdehə yazılı ərizə ilə müraciət etdik. 11 avqust 2022-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, "İnşaatçı bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi ldarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıda torpaq sahəsinin ayrılmasına dair bütün sənədlər var və əgər arxivdə onun surəti tapılmırsa bu artıq vətəndaşın deyil inzibati orqanın məsuliyyətidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2721/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nömrəli T.Q.T-nin Kiçik Mexanizasiya sahəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir və 3 nömrəli trestin "İnşaatçı" bağçılıq yoldaşlığının üzvü olmuşdur. 146 A nömrəli sahə İddiaçı ayrılmışdır. X3 xx.xx.1996-cı il tarixli 2 nömrəli protokolu əsasında "Qırmızıkənd" ərazisinin bağçılıq üçün İnşaatçı Birliyinə ayrılmış sahədən iddiaçıya torpaq sahəsi bağ evi üçün ayrılmışdır. Məhkəmənin 2-1(114)-2721/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilib ki, kollektiv bağçılıq-bostançılıq üçün torpaqlar ayrılarkən torpaq sahəsinin sərhədləri naturada (yerində) müəyyən edilməli, torpağdan istifadə hüququ dövlət aktı forması ilə təsdiq edilməli və yalnız müəyyən edilmiş ölçülərdə və məqsədlə istifadə olunmalıdır. Bağçılıq yoldaşlığının üzvlüyünə qəbul olunma və hər bir üzvünə torpaq sahəsinin ayrılması müvafiq qaydada rəsmiləşdirilməlidir. Əgər bütün bu qaydalara "İnşaatçı" bağçılıq birliyi tərəfindən riayət olunmayıbsa bu iddiaçının məsuliyyəti deyil. İddiaçı oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə müdafiə edərək təmin edilməsinin xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarına əsasən torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığı, ümumiyyətlə, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Belə ki, iddiaçının iddialı olduğu torpaq sahəsi “İnşaatçı” bağçılıq yoldaşlığına 1996-cı ildə ayrılmışdır. 7 iyul 1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən, torpaq sahələrinin ayrılması və rəsmiləşdirilməsi qaydası aşağıdakı kimi müəyyən edilmişdir: Həmin Məcəllənin 13-cü maddədə torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı və ya müvafiq xalq deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur; Həmin Məcəllənin 23-cü maddəyə əsasən, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir; Həmin Məcəllənin 24-cü maddəsinin mənasına görə, torpaq istifadəçilərin torpaqdan daimi istifadə hüququ torpağa istifadə hüququna dair dövlət aktı ilə, torpağa müddətli istifadə hüququ Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şəhadətnamə forması ilə təsdiq edilirlər; Həmin Məcəllənin 97-ci maddəsinin mənasına görə, hər bir üzvünə 600 kv.m qədər ölçüdə olan torpaq sahələri kollektiv bağçılıq üçün idarə, müəssisə və təşkilatlara verilə bilər. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planının barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilmədiyindən, toprağa dair koordinatlar müəyyən edilmədiyindən iddiaçının qeyd etdiyi torpaq sahəsinin ona aid olması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2721/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-265/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-265/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver