Məhkəmə qərarları › İş №2-1(104)-265/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-265/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-265/2025 01.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-634/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1956-cı il tarixdə Bərdə şəhərində doğulmuşdur. O, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun tələbi təmin edilməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işlədiyi illərin və eyni zamanda ИT-İ № ******* saylı əmək kitabçasında qeyd olunan bütün illərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququ yarandığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün Bərdə Regional "Asan Xidmət" mərkəzinə ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında təqdim etdiyi sənədlərə baxılaraq ona xx.xx.1977-ci il tarixli ИT-l N ******* saylı əmək kitabçası və hərbi biletinin surətinə əsasən (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay 8 gün sosial sığorta stajı hesablayaraq, xx.xx.1986-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Bərdə rayon Mədəniyyət şöbəsindəki və xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdəki sosial sığorta stajını nəzərə almayaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il iş stajı olmadığını bildirərək pensiya təyin edilməsindən imtina edilmiş və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sosial sığorta stajı düzgün hesablanmamışdır. Belə ki, onun Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.1986-cı il tarixinədək nəzərə alınan 15 il 10 ay 8 gün sosial sığorta stajından əlavə olaraq, xx.xx.1986-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Bərdə rayon Mədəniyyət şöbəsində işlədiyi 11 il 11 ay 22 gün və xx.xx.2020-ci il tarixində xx.xx.2022-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdəki 1 il 11 ay 23 gün sosial sığorta stajı nəzərə alınmamışdır. Qeyd edilən dövrlərdə onun 25 il 1 ay 13 gün sosial sığorta stajı vardır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. İddiaçının təqdim etdiyi xx.xx.1977-ci il tarixli ИТ-l № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 15 il 10 ay 8 gün təşkil edir. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaya qarşı etiraza əlavəsi məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya" altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2020-ci il tarixdən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixədək qeydə alınmış pensiya kapitalı (1 il 11 ay) nəzərə alınmaqla ümumi 16 il 3 ay 8 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-634/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdehin həmin dövrləri qəbul etməməsinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmamışdır və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə həmin dəlilləri ona görə əsaslı hesab etmir ki, əvvəla, həm SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə, həm də 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə iddiaçının həmin əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsaslar təqdim edilməmiş, habelə mötəbərsizliklə bağlı hər hansı hala istinad edilməmişdir. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını (16 il 3 ay 8 gün mübahisələndirilməyən iş stajı, 8 il 9 ay 12 gün mübahisələndirilən iş stajı daxil olmaqla, ümumilikdə 25 il 20 gün) toplamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-634/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2021-ci il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1 ) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Həmin Qanunun – 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Göründüyü kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Rayon Mədəniyyət şöbəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X4 Filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəlləri qorunub saxlanılmadığından və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumat aşkar edilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını – iddiaçının mübahisəli 1996-2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə yalnız iddiaçının əmək kitabçası ilə kifayətlənmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün əməkhaqqı cədvəlləri olmasına baxmayaraq ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması, Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986- 1992-ci il tarixlərinə aid olan əmək haqqı cədvəlləri qorunub saxlanılmaması və həmin müəssisənin xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək haqqı cədvəllərində iddiaçının əmək haqqı almağı barədə məlumatın aşkar edilməməsi səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın etiraza əlavəsindən və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 16 il 3 ay 8 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi müddət olmuş və mübahisələndirmə əsası isə Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərə aid olan əməkhaqqı cədvəllərinin qorunub saxlanılmaması və həmin müəssisənin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçının əməkhaqqı almağı barədə məlumatın aşkar edilməməsi olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh orqan tərəfindən mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində işlədiyi əmək fəaliyyəti dövrü olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində bağban işləmişdir. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilir ki, İddiaçı xx.xx.1986xx.xx.1996-cı illərdə Bərdə rayon Mədəniyyət şöbəsində işləmə faktı yoxlanarkən müəyyən edilmişdir ki, Bərdə rayon Mədəniyyət şöbəsinin xx.xx.1986-cı il tarixli 158 nömrəli əmrinə əsasən İddiaçı 3 nömrəli avtokluba sürücü təyin edilmiş, şöbənin xx.xx.1996-cı il tarixli 21 nömrəli əmrinə əsasən isə tutduğu vəzifədən azad edilmişdir. Bərdə Mədəniyyət şöbəsinin 1993, 1994, 1995, 1996-cı illərin əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinmişdir. 1986- 1992-ci illərə aid əmək haqqı cədvəlləri qorunub saxlanmadığı üçün həmin illər üzrə əmək haqqını yoxlamaq mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilir ki, İddiaçı xx.xx.1996xx.xx.1998-ci illərdə Bərdə rayon Mədəniyyət şöbəsində işləmə faktı yoxlanarkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixli 03 nömrəli əmrə əsasən Mədəniyyət evinə bağban təyin edilib. xx.xx.1998-ci il tarixli 04 nömrəli əmrə əsasən işdən azad edilib. 1996-cı ilin aprel ayından 1998-ci ilin dekabr ayının sonunadək əmək haqqı aşkar edilmədi. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 44 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 47 saylı fondda mühafizə edilən Bərdə rayon Mədəniyyət şöbəsi şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarını rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verməyib. Məhkəmənin sorğusuna X2 İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin xx.xx.2024cü il tarixli 39 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Bərdə rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.1986-cı il tarixli 158 nömrəli əmrə əsasən 3 nömrəli avtokluba sürücü təyin edilib. Bərdə rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.1996-cı il tarixli 21 nömrəli əmrə əsasən isə tutduğu vəzifədən azad edilib. Bərdə rayon Mədəniyyət evi üzrə xx.xx.1996-cı il tarixli 03 nömrəli əmrə əsasən Mədəniyyət evinə bağban təyin edilib. Bərdə rayon Mədəniyyət evi üzrə xx.xx.1998-ci il tarixli 04 nömrəli əmrə əsasən işdən azad edilib. Bildirmək istəyirlər ki, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək İddiaçı aid əmək haqqı ödənilməsi haqqında heç bir sənəd aşkar edilməmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdehin Bərdə Rayon Mədəniyyət şöbəsinin 1986-1992-ci il tarixlərinə aid olan əmək haqqı cədvəllərinin qorunub saxlanılmaması əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə iddiaçının əmək fəaliyyətilə məşğul olduğu müəssisənin əməkhaqqı cədvəllərinin mühafizə olunması üçün arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən sözügedən müəssisədə işlədiyi müvafiq illərə dair müəyyən dövrlərlə bağlı əməkhaqqı cədvəllərinin təqdim edilməməsi və mübahisələndirilən müəyyən dövrlər üzrə əmək haqqı almağına dair məlumatın aşkar edilməməsini cavabdeh əsas gətirərək onun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsini mübahisəli hesab etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Müəyyən dövrlərdə iddiaçının əməkhaqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından və digər sənədlərdən İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Mədəniyyət şöbəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Mədəniyyət evində iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-634/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar