Məhkəmə qərarları › İş №2-1(104)-268/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-268/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-268/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Azadəli qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-752/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 752/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-752/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 02 iyul 2024-cü il tarixli, 2- 1(104)-466/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-155/2025 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(104)-466/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda edən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli, xx.xx.2013-cü il tarixdən səhiyyə müəssisəsinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün nüdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə səhhətində olan ağırlaşmalarla bağlı ona tibbi göndəriş əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Onun 2013-cü ildən müddətsiz əlil olmağını cavabdeh xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edərkən nəzərə almadan müddətli əlillik təyin etmişdir və təkrar əlillik təyinatı ilə bağlı tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə ona əlillik təyinatından imtina etmişdir. Bütün bunları qeyd etməklə cavabdehin hərəkətini qanunsuz hesab edir. 2023-cü may ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq imtina edilib kimi göstərilmişdir. Bu, ona qarşı çox haqsız mövqedir, çünki o, 2013-cü ildən müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi onun xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o sonuncu dəfə 2003-cü ildə qiymətləndirilmiş və 2013-cü ildən 3-cü qrup müddətsiz əlildir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş 2013-cü il imtina mübahisə predmetidir. Qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddia mümkünsüz iddiadır. İddiaçı hansı səbəbə 10 il ərzində bu iddia ilə razılaşıb yalnız 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdiyindən iddia mümkünsüz hesab olunmalıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın alilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bərdə rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 195 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldıraşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlibkeçən güllə yaralanmasından sonakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın orta 1/3-də, sol baldırın yuxarı 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst və tam həcmdə olmuş, nisbi qısalıq qeyd edilməmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı. Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixi, ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç və dış səthlərində dartıcı-çapıq toxuması, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq-baldır oynağının açıcıbükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), daimi ağrı sindromu ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixi Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. (LVEF=62%), Aortal və Mitral qapaqlar fibrotikdir. Min MR, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli, xx.xx.2013-cü il tarixdən səhiyyə müəssisəsinin göndərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə səhhətində olan ağırlaşmalarla bağlı ona tibbi göndəriş əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2023-cü ilədək əlillik təyin edilmişdir. Onun 2013-cü ildən müddətsiz əlil olmağını cavabdeh xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edərkən nəzərə almadan müddətli əlillik təyin etmişdir və təkrar əlillik təyinatı ilə bağlı tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə ona əlillik təyinatından imtina etmişdir. Bütün bunları qeyd etməklə cavabdehin hərəkətini qanunsuz hesab edir. 2023-cü may ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsassız olaraq imtina edilib kimi göstərilib. Bu, ona qarşı çox haqsız mövqedir, çünki o, 2013-cü ildən müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi onun xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o sonuncu dəfə 2003-cü ildə qiymətləndirilmiş və 2013-cü ildən 3-cü qrup müddətsiz əlildir. Hesab edir ki, inzibati məhkəmə tərəfindən onun işi tam araşdırılmamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin izah etdi ki, xx.xx.2018-ci il tarixdə müayinə zamanı ona beş il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsinə əsas “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlibkeçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi xəstəliklərlə yanaşı həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” kimi xəstəliliklər olsa da, o, hazırda ümumi xəstəliklə bağlı əlilliyin təyin edilməsini yox, dövlətin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı almış olduğu xəsarətlərlə bağlı üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edən hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə uyğun araşdırma apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-752/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 195 nömrəli qərarı ilə iddiaçının “Hər iki baldır sümüklərinin sınığı ilə sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün düzgün bitişməmiş sınığı, incik sümüyünün 3 sm defekti, baldır-aşıq oynağının osteoartrozu və kontrakturası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2-3855 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı N nömrəli hərbi hissənin xx.xx.1992-xx.xx.1993-cü il tarixli dövrü əhatə edən adlı siyahılar qovluğunda xx.xx.1993cü il tarixdə Bərdə RHK-dan səfərbərliklə ehtiyatdan çağırılmış əsgər və çavuşların adlı siyahısında 1970-ci il təvəllüdlü sıravi İddiaçı adı aşkar edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli əmrində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat qeyd olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvarfevral 1993-cü il tarixli və N a nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu səbəbdən də xidməti və yaralanmağı barədə araşdırma aparılması mümkün deyildir. - TSEK-də müayinə aktından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2003-cü il, xx.xx.2004-cü il, xx.xx.2005-ci il və xx.xx.2006-cı il, xx.xx.2007- ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il tarixlərdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. - 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli, 256 nömrəli müayinə aktına əsasən həmin tarixdən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. - TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi qeyd edilmişdir. - TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbindən imtina edilmişdir. - Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, G00099721VİN nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə onun əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – S82.2 – Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, sağ aşıq baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100, bükmə 90 dərəcə) Daimi ağrı sindromu ilə; Ağırlaşma – R52.2 – Digər daimi ağrı sindromu ilə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17456/2023 nömrəli qərar qəbul etmişdir. - Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışında İddiaçı diaqnozu “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə zədələnmələr, hər iki baldır sümüklərinin sınığı. Sol baldırın aşağı 1/3-nin dəlib-keçən odlu güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” kimi qeyd edilmişdir. - Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2023xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlarında İddiaçı diaqnozu “Hər iki baldırın dəlib-keçən silah yarası, sağ qamış sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, Sağ baldır oynağının kontrakturası, yerişin pozulması, daimi ağrı sindromu” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışında İddiaçı diaqnozu “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin arxa və iç, sağ baldırın orta-aşağı 1/3-nin iç-dış səthlərində dartıcı çapıq toxumaları, sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta aşağı 1/3-nin (2 sm) sümük defekti, sağ aşıq baldır oynağının açıcıbükücü kontrakturası (açma 100%, bükmə 90%) daimi ağrı sindromu ilə” kimi qeyd edilmişdir. - Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Şüa-Diaqnostika şöbəsinin İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 2194 nömrəli rentgenoqramma nəticəsində qeyd edilir ki, sağ baldır nahiyəsi 2 proyeksiyada rentgenoqrammada qamış sümüyünün orta 1/3-də köhnə qeyri-düzgün bitişən sınıqdan sonrakı döyənəkləşmə, incik sümüyünün aşağı 1/3-də köhnə bitişməyən sınıq və defekt sahəsi izlənilir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-17-7/2-D- 39032/2023 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması Meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur. Eyni zamanda, iddiaçıya xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin hansı diaqnoz (XBT kodu) əsasında təyin olunduğu iş materialları ilə müəyyən edilmir. İddiaçıya “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilməsinin əsası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.2.1-ci bəndi (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33)) olmuşdur. Yəni, iddiaçıya əvvəlki dövr üzrə ikinci dərəcə əlilliyin təyini zamanı onun göndərişində həm hazırkı göndərişdə qeyd edilmiş diaqnoz - “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki baldır sümüklərinin sınığı, Sağ baldırın aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonra qamış sümüyünün qeyridüzgün bitişmiş sınığı, Sol baldırın yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, həm də qan dövranı sisteminin xəstəlikləri – “Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİİ fs. Eksrasistolik aritmiya. Qan dövranı çatmamazlığı İİ dərəcə” olmuş və həmin xəstəliklərdən əlillik təyinatına əsas verən xəstəliyi qan dövranı sisteminin xəstəlikləri (ürəklə bağlı) ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”-nin 1.2-ci bəndinə əsasən TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsaəsn TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən . Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də İddiaçı xəstəliyi - Qamış sümüyü cisminin (diafizinin) sınığı, Odlu silahla yaralanmdan sonra sol baldırın yuxarı 1/3- nin arxa və iç sağ baldırın orta aşağı 1/3-nin iç-tış səthlərində dartıcı çapıq toxumaları, Sağ qamış sümüyünün orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı, incik sümüyünün orta-aşağı 1/3-nin (2 sm) sümük defekti (ona tibb müəssisəsinin göndərişində qoyulmuş əsas diaqnoz) və ağırlaşmaları “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-752/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar