Məhkəmə qərarları › İş №2-1(104)-27/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-27/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-27/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və vəkili X3 iştirakları ilə, “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-543/2022 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 219 nömrəli sərəncamı ilə Quşçu kəndinə məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 15 (on beş) ha torpaq sahəsində aparılmış tikintilərə dair vətəndaşların çoxsaylı ərizələrinin nəzərə alınması və müraciət edən vətəndaşların hər birinə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2006-cı il tarixli TŞ-6-316a nömrəli məktubundan görünür ki, Daşkəsən rayonundan ayrılıb Gəncə Avtomobil zavodunun inşası üçün verilmiş 56,26 ha torpaq sahəsinin 15.0 ha hissəsi Daşkəsən rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən bağ evi kimi paylanmış, İddiaçı və qeyrilərinə bunun əsasında «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışa əsasən Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 hs torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına qeydə alınmışdır.

4. 2005-ci il tarixli smetada Gəncə şəhəri Gülüstan qəsəbəsində İddiaçı məxsus olan bağ evi layihələndirilmişdir. Rayonlararası Çoxsahəli Təsərrüfat Hesablı Təmir İstehsalat və Layihələşdirmə Müəssisəsinin Daşkəsən rayon nümayəndəliyinin xx.xx.2005-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsində İddiaçı məxsus olan bağ evinin balans dəyəri tərtib edilmiş layihə-smeta sənədlərinə əsasən 23776200 manat təşkil edir.

5. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2007-ci il tarixli qərara əsasən aparılmış araşdırma zamanı İddiaçı və qeyrilərinin özbaşına torpaq sahələrini tutmaları və torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alınması təsdiq olunmamışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və qey. Əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

6. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-212/2007 saylı qərardadı ilə İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadova, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayevə və Gəncə şəhər Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Fədail Səlimova qarşı «fərdiy aşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədiyininə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

7. 11 aprel 2014-cü il tarixli bəxşeyiş müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2014cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ona məxsus olan Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 ha torpaq sahəsini X2 bağışlamışdır.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gənxə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yeoləşən 0,04 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

9. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının S-37-152 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 040/Mİ/22 nömrəli qiymətləndirmə rəyinə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş fərdi yaşayış evinin lahiyə-smeta sənədlərinə əsasən bərpa edilməsi üçün tələb olunan vəsait məbləği 33800 (otuz üç min səkkiz yüz) manat müəyyən olunmuşdur.

11. "xxxx" MMC-nin 6-06/23-073 nömrəli, 01 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş iki mərtəbəli fərdi yaşayış evinin 2006-cı il bazar qiyməti 32 000 manat müəyyən olunmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 10/4330 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən İddiaçı sahibliyində və istifadəsində olmuş fərdi yaşayış evinin bərpa edilməsi üçün aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 26 577,9 manat məbləğində müəyyən olunmuşdur. Lakin 2006-cı il üzrə qiymətlərinə dair məlumat bazası olmadığından eləcə də tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, tikilinin inşasına dair 2006-cı il üzrə qiymətlər nəzərə alınmaqla tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən 2006-cı il üzrə qiymətlər əsas götürülməklə həmin fərdi yaşayış evinin bərpa edilməsi üçün nə qədər vəsait təşkil etməsini müəyyən etmək mümkün olmadı.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 15.000 ABŞ dolları və ya onun ekvivalenti olan 25.000 manat məbləğində maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25000 (iyirmi beş min) manat kompensasiyanın cavabdehdən alınması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısı xx.xx.1996-cı il tarixli, 219 nömrəli sərəncamla ona və başqa bir neçə şəxsə həmin ərazidən bağ evi tikdirmək üçün 0.06 ha ölçülü torpaq sahəsi vermiş və o, onun əsasında həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2006-cı il tarixli, JN-24A saylı şəhadətnamə almışdır. Bundan sonra o, həmin sahədə smeta dəyəri 23.776.200 AZN olan bağ evi inşa edib, tikintini tam başa çatdırmışdır. Şəhəri abadlaşdırmaq şüarı altında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının işlədiyi müdddətdə onun müavininin başçılığı ilə xx.xx.2006-cı il tarixdə evi dağıdılmışdır. Bu hərəkətlə iddiaçıya 25.000 manat miqdarında maddi zərər vurulmuşdur. İddiaçı onun bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25.500 (iyirmi beş min beş yüz) manat kompensasiyanın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1167/2021 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin əmlakın Gəncə Şəhər İcra Hakimiyyəti göstərişi və ya qərarı ilə sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1167/2021 nömrəli qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, o, qanuni mülkiyyətində olan 0,6 ha torpaq sahəsində smeta dəyərinin 23.776.200 manat olması sənədlərlə təsdiq edilən bağ evi inşa edib, tikintini tam başa çatdırmışdır. Şəhəri abadlaşdırmaq şüarı altında Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadovun başçılığı ilə tərkibində Nizami rayon İcra Hakimiyyəti başçısı Paşa Paşayev, Gəncə şəhər Torpaq Şöbəsinin rəisi Fədail Səlimov və onun müavini İlqar və qeyrilər olan bir dəstə xx.xx.2006cı il tarixdə səhər saat 08 radələrində onun həyətinə gələrək, həmin ərazidə olan tikililərin uçurulmalı olmasın bildirib, xüsusi mülkiyyətində olan torpağına ekskavator salıb, evini dağıdıb, ona 15.000 ABŞ dolları, yaxud 25.000 manat miqdarında maddi zərər vurmuşlar. Həmin gün qonşuluğunda olan başqa evlər də dağıdılmış, kvartal düzənə çevrilmişdir. Evi uçurularkən o evdə olmamışdır. Sonradan ona kompensasiya təklif etmişlər, qane etmədiyi üçün razılaşmamışdır, çünki evinin tikintisinə çəkdiyi xərc smeta ilə müəyyən edildiyi halda o təklif edilən kiçik məbləğ ilə razılaşa bilməz. O, 2007-ci ildə bu tələblə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir (hadisə baş verən ərazi o zaman Daşkəsən rayonuuna aid idi) Daşkəsən Rayon Məhkəməsinin hakimi o zaman onun işinə baxmamışdır. Bir də ki, Gəncə şəhərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə və ya belə qərar olmadan minlərlə ev və qeyri yaşayış sahələri uçurulmuşdur. Uçurtduran Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş, onun əmrini isə rayon icra hakimiyyəti başçıları və digər vəzifəli şəxslər icra etmişlər. Ona görə susmuşdur ki. bıı hadisəni dövlət tədbiri hesab etmişdir. Ona görə də, verilmiş şikayətin təmin edilməklə, Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(114)-1167/2021 saylı qərarının ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(104)716/2021 saylı qərardadı ilə (hakim sədrlik edən A.Bayramov, hakimlər R.Mamedov, Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(114)-1167/2021 saylı qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı deyildir. Belə ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırma, yenidənqurma tədbirləri müvafiq şəhər və ya rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılması sübuta ehtiyacı olmayan haldır. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Belə olan halda konstitusion prinsiplər əsasən Gəncə şəhər İcra Hakimiyyəti müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyəti orqanıdır. Digər tərəfdən əgər birinci instansiya məhkəməsi əmlakın cavabdeh inzibati orqan tərəfindən sökülməməsi qənaətinə gəlirsə, onda qeyd edilən əmlakın üçüncü şəxslər tərəfindən sökülməsini və işin bu halının cavabdehə aidiyyətinin olmamasını əsaslandırmalı idi.

22. Qərardadda həmçinin hazırki tələbin dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən araşdırmanın nəticəsinə uyğun olaraq İddiaçı Hüseyqulu oğluna məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən bağ evinin sökülməsinə görə iddiaçıya dəymiş maddi ziyanın dəyərinin müəyyən edilməli olmasının, bununla bağlı məhkəmə tərəfindən müvafiq mütəxəssis və ya ekspertiza tədqiqatının keçirilməsi məsələsi müzakirəsinin edilməsinin zərurəti də qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində ikinci icraat:

23. Gəncə İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı ilə Maliyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixli qərardad ləğv edilmişdir.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-543/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının fərdi yaşayış evinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. İddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

26. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Məhkəmə qərarında söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini vurğulansa da, buna dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına və təqdim etdiyi sənədlərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin iddiaçı tərəfə münasibətdə hər hansı bir təqsirli hərəkəti olmamışdır. Belə olan halda Gəncə şəhər İcra Hakimiyyəti iddiaçının tələbinə görə cavab verməli tərəf olaraq hüquqi məsuliyyət daşımır. Bundan başqa məhkəmə qərarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını iddia üzrə tərəflərdən heç biri qeyd etməmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeydə etdi ki, torpaq sahəsinə dair ona şəhadətnamə verilmiş və təqdim etdiyi smetaya uyğun olaraq bağ evini tam inşa etdirmişdir. 2006-cı ildə cavabdeh inzibati orqanın işçiləri tərəfindən həmin ərazidə yerləşən bir sıra evlər, o cümlədən ona məxsus bağ evi tamamilə uçurulmuşdur. Hətta onun barəsində cinayət işi də açılmış, lakin icraata xitam verilmişdir. O, həmin söküntü ilə bağlı müxtəlif orqanlara, həmçinin məhkəməyə müraciət etmiş, lakin ona vədlər verildiyindən məhkəməyə getməmşdir. Sonradan həmin boş torpaq sahəsini qızına bağışlamış, qızı həmin torpaq sahəsinə dair çıxarış almış və üzərində fərdi-yaşayış evi inşa etdirmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

30. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi.

Tətbiq olunan hüquq:

31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: Maddə 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; Maddə 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

36. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İşin halları ilə müəyyən olunur ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 219 nömrəli sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında əvəzi ödənilmədən sökülmüşdür. İddiaçı ona vurulmuş maddi ziyanı 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir.

40. Belə ki, iddiaçı 2006-cı ildə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus evin sökülməsi nəticəsində hər hansı kompensasiya məbləğinin ödənilmədiyini bildirmiş və bu əsasla 25 000 manat maddi ziyan tələb etmiş, cavabdeh inzibati orqan isə iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə bağlı tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək müraciətin təmin olunmasından imtina etmişdir.

41. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, qərar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir.

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsindən sonra yerləşdiyi torpaq sahəsinin digər şəxsə, yəni qızına bağışlaması və sonuncunun həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir.

43. İş materiallarında olan RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına qeydə alınmış, 11 aprel 2014-cü il tarixli bəxşeyiş müqaviləsinə əsasən İddiaçı torpaq sahəsini X2 bağışlamışdır.

44. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gənxə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yeoləşən 0,04 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

45. Göründüyü kimi 11 aprel 2014-cü il tarixli bəxşeyiş müqaviləsində İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 ha torpaq sahəsini X2 bağışlamış, müqavilənin predmeti yalnız torpaq sahəsi olmuşdur. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilən sənədlərlə öz təsdiqini tapır.

46. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, fərdi yaşayış evi söküldükdən sonra bağışlanmışdır və iddiaçı mülkiyyətində olan əmlakın cavabdeh tərəfindən sökülməsinə dair kompensasiya tələb etmək hüququna malikdir.

47. Digər tərəfdən Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 212/2007 saylı qərardadı ilə İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadova, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayevə və Gəncə şəhər Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Fədail Səlimova qarşı «fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədiyininə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

48. Qeyd olunan iş üzrə iddia ərizəsində İddiaçı 22 iyul 1996-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 219 saylı sərəncamına müvafiq olaraq ona Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən 0,06 ha torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün ayrılıb verdiyini, bu haqda "torpaq sahəsinin mülkiyyətə verilməsinə dair" Daşkəsən Rayon Torpaq Şöbəsindən JN-245A (kod ********) saylı şəhadətnamə aldığını, bundan sonra həmin ərazidə tikinti aparmaq üçün lahiyə-smeta sənədləri hazırlatdığını, tikintinin smeta dəyərinin 23.776.200 manat məbləğində olduğunu, bütün sənədlər hazır olandan sonra orada lahiyə-smeta sənədlərində göstərilən evi tikdırməyə başladığını, ev tikiltb üstü örtülən zaman 06 dekabr 2006-cı il tarixdə səhər 8:00-da cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev, Gəncə şəhər Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri Fədail Səlimov və müavini İlqarın göstərişi ilə gətirdikləri ekskovatorla heç bir sənəd tələb etmədən və yoxlamadan tikdirdiyi evi uçurtduqlarını, evin uçurulması nəticəsində ona tikinti materiallanın, fəhlələrin əmək haqqını və digər xidmətləri hesablamaqla 15.000 ABŞ dollan miqdarında maddi ziyan dəydiyini, bu tədbir keçirilərkən yüksək vəzifəli məmurların evin uçurulmasına icazə verən heç bir sənəd göstərmədiklərini və ona heç bir xəbərdarlıq etmədiklərini, bu uçurulma tədrbirinin onunla o ərazidə yaşayan bütün qonşuların gözləri qarşısında baş verdiyini və hadisədən fotoşəkillər çəkildiyini, bu tədbirdən sonra yerli və Respublika tabeliyində olan dövlət orqanlarına və vəzifəli şəxslərə yazılı şikayət ərizələri ilə müraciət etdiyini, yuxarı instansiyalara gedən şikayətlərin və onlara gələn cavabların məhkəməyə təqdim ediləcəyini bildirərək, Daşkəsən rayon İcra Hakimiyyəti və Torpaq Şöbəsi tərəfindən məcburi köçkün kimi ona Gülüstan qəsəbəsi ərazisində ayrılan torpaq sahəsində yeni tikilmiş evinin qanunsuz olaraq uçurulması nəticəsində dəyən 15.000 ABŞ dollar məbləğində ziyan göstərilən cavabdehlər tərəfindən ödənilməsi, fərdi yaşayış evi (içün ayrılmış əraziyə mülkiyyət hüququnun tanınnması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Göründüyü kimi iddiaçının torpaq sahəsində aparılmış söküntü ilə bağlı vurulmuş ziyanın ödənilməsinə dair hüquq mühafizə orqanlarına və məhkəməyə rəsmi müraciətləri olmuş, həmin müraciətlərdə də məhz hazırki cavabdeh tərəfindən söküntü işlərinin apırlması qeyd edilmişdir.

50. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, tələb üzrə mübahisə predmeti olan əmlakın-yaşayış evinin iddiaçıya məxsus olması və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.

51. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:

52. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

53. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.

54. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.

55. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

56. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

57. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

58. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

59. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

60. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

61. Mülkiyyətin dəyərini artıran müxtəlif hallar varsa, misal üçün, müsadirə olunan əmlak yalnız torpaq sahəsindən ibarət deyilsə, onun ərazisində həm də kommersiya fəaliyyəti həyata keçirilibsə, məsələn, daş karxanası işlədilibsə, belə halları nəzərə almadan kompensasiya ödənildikdə kompensasiyanın adekvatlılığına xələl gətirilmiş olur (Azas Yunanıstana qarşı iş, Afanasiu və başqaları Yunanıstana qarşı iş).

62. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

63. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 040/Mİ/22 nömrəli qiymətləndirmə rəyinə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş fərdi yaşayış evinin lahiyə-smeta sənədlərinə əsasən bərpa edilməsi üçün tələb olunan vəsait məbləği 33800 (otuz üç min səkkiz yüz) manat müəyyən olunmuşdur.

64. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə qiymətləndirilmə ilə bağlı mütəxəssis təyin edilmiş, lakin rəy verilməsində imtina olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 12 avqust 2023-cü il tarixli, **********65 nömrəli və xx.xx.2023-cü il tarixli, **********39 nömrəli məktubları).

65. "xxxx" MMC-nin 6-06/23-073 nömrəli, 01 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İsrafil bəy Yadigarzadə küçəsində sökülmüş iki mərtəbəli fərdi yaşayış evinin 2006-cı il bazar qiyməti 32 000 manat müəyyən olunmuşdur.

66. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 10/4330 nömrəli məktubu ilə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən İddiaçı sahibliyində və istifadəsində olmuş fərdi yaşayış evinin bərpa edilməsi üçün aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 26 577,9 manat məbləğində müəyyən olunmuşdur. Lakin 2006-cı il üzrə qiymətlərinə dair məlumat bazası olmadığından eləcə də tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin, tikilinin inşasına dair 2006-cı il üzrə qiymətlər nəzərə alınmaqla tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən 2006-cı il üzrə qiymətlər əsas götürülməklə həmin fərdi yaşayış evinin bərpa edilməsi üçün nə qədər vəsait təşkil etməsini müəyyən etmək mümkün olmadı.

67. Bundan başqa, məhkəmə tərəfindən notariat kontorlarına da müvafiq sorğular göndərilmişdir.

68. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcmi 25000 manat olunduğunudan və birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən məhz qeyd edilən məbləğ üzrə qiymətin müəyyən olunması məqsədəmüvafiqdir.

69. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.

70. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt olan qiymət götürülməlidir.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 10/4330 nömrəli məktubu ilə təqdim edilmiş rəydə materialların alınmasına dair qaimə sənədləri təqdim edilmədiyindən 2006-cı il üzrə qiymətlər əsas götürülməklə həmin fərdi yaşayış evinin bərpa edilməsi üçün nə qədər vəsait təşkil etməsini müəyyən etmək mümkün olmadığı, "xxxx" MMC-nin 6-06/23-073 nömrəli, 01 iyun 2023-cü il tarixli məktubuna əsasən fərdi yaşayış evinin 2006-cı il bazar qiymətinin 32 000 manat müəyyən olunduğu qeyd edilmişdir.

72. Birinci instansiya məhkəməsi tərəfindən məhz "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 040/Mİ/22 nömrəli qiymətləndirmə rəyi ilə fərdi yaşayış evinin lahiyə-smeta sənədlərinə əsasən bərpa edilməsi üçün tələb olunan vəsait məbləği 33800 (otuz üç min səkkiz yüz) manat müəyyən olunması qeyd edilmişdir.

73. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin olunması üçün heç bir qanuni əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-543/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Afiq Hüseynzadə, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar