Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-27/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-645/2023 nömrəli qərarından iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2023-cü il tarixli, e-2- 1(114)- 645/2023 saylı qərarı ilə iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)- 645/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2- 1(104)- 355/2023 nömrəli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X2) Gəncə İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır İddiaçı həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2274/2023 saylı qərarı ilə (hakimlər R.S.Nəbizadə (məruzəçi), Z.M.Quliyev və S.Ə.Kərimov) iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(104)-355/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. İşin halları: İddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və hesablanmış 22.236 (iyirmi iki min iki yüz otuz altı) manat 10 (on) qəpik vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2020-ci il tarixdən 2021-ci ilin iyun ayı da daxil olmaqla olan dövr ərzində səhmdar cəmiyyət tərəfindən malların (iş və xidmətlərin), yəni enerji satışından gəliri təqdim edilmiş e-Qaimə fakturaları üzrə ƏDV-siz 745203.44 manat olmuşdur. ƏDV-i məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. 01 yanvar 2020-ci il tarixdən etibarən təqdim edilən mallara (işlər və xidmətlərə) görə ƏDV-i tutulan əməliyyatların vaxtı həmin malların (iş və xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən edilir. Eləcə də təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, ƏDV-nə cəlb olunan dövriyyə depozit hesaba daxil olmuş vəsaitlə müəyyən edilmir, faktiki hesablaşma hesabına daxil olmuş vəsaitlə müəyyən edilir. Belə ki, 01 yanvar 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək cəmiyyətin hesablaşma hesabına 688938.18 manat vəsait daxil olmuşdur, yəni bu dövr üzrə ümumilikdə ƏDV hesabatlarında əks etdirilməli olan ƏDV-nə cəlb olunan dövriyyənin ümumi məbləği 688938,18 manat, ƏDV tutulan əməliyyatlar üzrə ƏDV-nin ümumi məbləği isə 124008.88 manat olmalıdır. Lakin həmin dövrə səhmdar cəmiyyətin ƏDV depozit hesabına 166577.3 manat vəsait daxil olmuşdur. Bu vəsaitin 124008.88 manatı yuxarıda qeyd edildiyi kimi, ƏDV-nə cəlb edilən 688938.18 manat dövriyyənin (688938.18*18%=124008.88) ƏDV-si, qalan 42568.42 manat isə depozit hesabına daxil olmuşdur. Depozit hesabına daxil olan 42568.42 manat ƏDV-nin (5 noyabr 2020-ci il tarixda 7200 manat, 23 dekabr 2020-ci il tarixdə 2880 manat) cəmi 10080.0 manatı "xxxx" ASC-yə verilmiş avans məbləğinin qaytarılmasından daxil olan ƏDV-i, 32488.42 manatı isə əsas məbləği ödənilmədən ƏDV-i üzrə depozit hesabına ödənilmiş avans ƏDV-dir. Avans olaraq daxil olan ƏDV-nin 10200.0 manatı (Azenco ASC-yə 21 oktyabr 2020-ci il tarixdə 3200.0 manat, "xxxx" Group MMC-yə 07 noyabr 2020-ci il tarixdə 7000.0 manat) qaytarılmış, 22288.42 manat avans məbləğlərini ödəyən cəmiyyətlər əsas məbləği ödəyə bilmədiyi üçün əməliyyat başa çatmamış alqı-satqı aparılmamış, e-Qaimə faktura təqdim edilməmişdir. Nəticədə əməliyyat yarımçıq qaldığı (başa çatmadığı) yəni, hesablaşma hesabına və digər hesablara, o cümlədən kassaya vəsait daxil olmadığı, həmçinin qarşılıqlı hesablaşma yolu ilə də vəsait daxil olmadığı üçün ƏDV-i üzrə depozit daxil olan ƏDV-i məbləğinə görə Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən büdcəyə hesablama verilməmişdir. Qeyd edilən dövrlər üzrə ƏDV-i bəyannamələri təqdim edilən zaman yuxarıda qeyd etdikləri əsas götürərək əsas məbləğ daxil olmayan ƏDV-nə görə büdcəyə hesablamalar verilməmiş və ƏDV-i 22288.42 manat azaldılmamışdır. Ona görə də 2021-ci ilin iyun ayı üzrə təqdim edimiş ƏDV-i bəyannaməsində qeyd edilən uyğunsuluq nəzərə alınmamalıdır. Cavabdeh inzibati orqan məhkəməyə ünvanlandığı etirazında göstərmişdir ki, vergi ödəyicisinin 2021-ci il iyun ayı dəqiqləşmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilən zaman qarşılıqlı əlaqələrin təhlil nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək (2021-ci ilin iyun ayı da daxil olmaqla) olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 166577.3 manat olduğu və həmin məbləğdən 10200 manat ƏDV məbləğinin geri qaytarıldığı, habelə təqdim edilmiş 2021-ci ilin iyun ayı ƏDV bəyannaməsində cari ayın sonuna cari debitor məbləğinin 10132,32 manat ƏDV məbləği yekunda qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 124008,88 manat olmağı, təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə - 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********402900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin iyun ayı üçün 22236.10 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********659600 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. 01 yanvar 2020-ci il tarixdən etibarən təqdim edilən mallara (işlər və xidmətlərə) görə ƏDV-i tutulan əməliyyatların vaxtı həmin malların (iş və xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən edilir. Eləcə də təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, ƏDV-nə cəlb olunan dövriyyə depozit hesaba daxil olmuş vəsaitlə müəyyən edilmir, faktiki hesablaşma hesabına daxil olmuş vəsaitlə müəyyən edilir. İstinad edilən bu hüquqi əsas qanuni və əsaslıdır. Məhkəmə tərəfindən istinad etdikləri vergi qanunvericiliyinin norması nəzərə alınmadan qeyri-obyektiv olaraq qərarda irəli sürdükləri hüquqi əsasla bağlı qeyd edilmişdir ki, tərəflərindən qanunvericilik bir tərəfli qaydada şərh edilməklə ziyanlarına olan halları göstərməkdən yayınmışlar. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazda göstərilmişdir ki, Vergi Məcəlləsində və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabına uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçülürməsi” Qaydalarında malların dəyəri ödənilərkən yalnız ƏDV məbləğinin ayrı dövrlərdə ödənilməsi və ya malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyərinin əsas məbləği ödənilmədən ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda da alıcı tərəfindən aldığı malların ƏDV-nin iddiaçının depozit hesabına köçürlüməsi üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən hesablama aparılarkən geri qaytarılmış məbləğ nəzərə alınmış və vergitutma obyektindən kənar edilmişdir. İddiaçı apellyasiya şikayətində depozit ödənişinin avans ödənişi olduğunu iddia etmişdir. Bununla bağlı qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1-ci hissəsində qeyd olunanlardan da göründüyü kimi ƏDV sub-uçot hesabına yalnız ƏDV məbləği ödənilməlidir. Belə ki, həmin Qaydaların 1.4-cü bəndində qeyd olunur ki, malları alan şəxs tərəfindən elektron qaimə-faklturalarda göstərilən malların ƏDV-siz dəyəri həmin malları təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Buna görə də, avans ödənişləri təqdim edilmiş malların ƏDV-siz dəyərinin hissə-hissə ödənişi olduğu ƏDV depozit hesabına ödənilən məbləğ avans sayıla bilməz. Vergi ödəyicisinin 2021-ci il iyun ayı dəqiqləşmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilən zaman qarşılıqlı əlaqələrin təhlil nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək (2021ci ilin iyun ayı da daxil olmaqla) olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 166577.3 manat olduğu və həmin məbləğdən 10200 manat ƏDV məbləğinin geri qaytarıldığı, habelə təqdim edilmiş 2021-ci ilin iyun ayı ƏDV bəyannaməsində cari ayın sonuna cari debitor məbləğinin 10132,32 manat ƏDV məbləği yekunda qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 124008,88 manat olmağı, təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə - 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər İş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş olsa da, məhkəmənin xx.xx.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdiur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-645/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün hesab edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, kassasiya instansiyası məhkəməsinin göstərişlərini araşdıraraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********659600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surətindən görünür ki, ümumilikdə 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********402900 nömrəli məktubundan görünür ki, “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətindən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün beş gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim olunması tələb edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 04/GR nömərli məktubundan görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Səhmdar cəmiyyətə məxsus bir ədəd "xxxx" adlı mal cəmiyyətə satılmalı olmuş və müqavilənin şərtinə görə malın dəyərinin 100 faizini əvvəlcədən "xxxx" MMC ödəməli idi. Ona görə də, 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV ödənilmişdir. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli, 07-10/Ç-2020 saylı alğı-satqı müqaviləsindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də müəyyən olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159783.0 manat, ƏDV 28752.84 manat, ümumi dəyəri 188490.84 manat razılaşdırılmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin verdiyi xx.xx.2024-cü il tarixli **********083200 saylı məktubunda göstərilir ki, xx.xx.2024-cü il tarixə vergi orqanının baza uçot məlumatlarına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində “X9 Stansiyası” MMC-yə ödənilmiş 28 753 manat ƏDV məbləği əvəzləşdirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli, 07-10/Ç-2020 saylı alğı-satqı müqaviləsinə əsasən ASC-yə məxsus bir ədəd "xxxx" adlı mal MMC-yə satılmalı olmuş və müqavilənin şərtinə görə malın dəyərinin 100 faizini əvvəlcədən "xxxx" MMC ödəməli idi. Alğı-satqı müqaviləsinə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159.783.0 manat, ƏDV 28.752.84 manat, ümumi dəyəri 188.490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyərinin 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28.753.0 manat avans olaraq ƏDV ödənilmişdir. Lakin cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmış, müqavilənin bağlandığı dövrdə və sonrakı vaxtlarda iddiaçı “X9 Stansiyası” ASC ilə "xxxx" MMC arasında maliyyə əməliyyatlarının olduğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsalandırmışdır ki, iddiaçı ərizəsində təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanmasının qanunvericiliklə nəzərdə tutulmamasını göstərmişdir. Bununla da iddiaçı tərəf qanunvericiliyi birtərəfli qaydada şərh edərək ziyanına olan halları göstərməkdən yayınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli 07-10/Ç- 2020 saylı alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də təsdiq olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159783.0 manat, ƏDV-i 28752.84 manat, ümumi dəyəri 188490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyəri 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabrnoyabr aylarında ƏDV üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV ödənilmişdir. Lakin Cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmışdır. Əməliyyat başa çatmadığı üçün avans olaraq ödənilmiş məbləğ Səhmdar cəmiyyət tərəfindən hissə-hissə qaytarılmış, hazırda isə 11753.0 manat qalmışdır. Yəni iddiaçı ƏDVnin depozit hesabına edilmiş ödəməni qaytarmalı olduğunu bilmiş, buna uyğun olaraq da həmin məbləğin bir qismini hissə-hissə qaytarmışdır, lakin bu halla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli quruma məlumat verməmiş, əksinə həmin məbləği hesabında saxlamaqla əməliyyatlar həyata keçirmişdir. İddiaçının alqı-satqı müqaviləsi əsasında ƏDV sub-uçot hesabına edilən ödəmənin avans olmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə birmənalı olaraq məbləğin birdəfəlik ödənilməsi qeyd edilmişdir. Digər bir tərəfdən qeyd olunan normaların məzmunundan da görünür ki, avans malın ƏDV-siz dəyərinin hissə-hissə ödənişi olduğundan ödənilmiş məbləğ avans hesab edilə bilməz. İddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən . Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən vergilərin müəyyən edilməsinin əsas şərtləri aşağıdakılardır: 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 62-1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara Həmin Məcəllənin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatların aparıldığı vaxt aşağıdakılardır: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır. Həmin Məcəllənin 166.4-cü maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir: 166.4.1. mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt; 166.4.2. mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt. 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən 15 oktyabr 2020-ci il tarixli, 07-10/Ç-2020 saylı alqı-satqı müqaviləsi üzrə malın ƏDV-siz dəyərinin ödənilibödənilməməsi barədə bank əməliyyatları üzrə araşdırma aparılmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əməliyyatların aparılıb aparılmaması barədə iddiaçının hesabları olan "xxxx" ASC-yə sorğu verilmiş və "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə sorğu olunan bank hesabl üzrə verilən tarix aralığında maliyyə əməliyyatının aşkar olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, мəhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli 07-10/Ç-2020 saylı alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də təsdiq olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159783.0 manat, ƏDV-i 28752.84 manat, ümumi dəyəri 188490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyəri 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV ödənilmişdir. Lakin Cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmışdır. Əməliyyat başa çatmadığı üçün avans olaraq ödənilmiş məbləğ Səhmdar cəmiyyət tərəfindən hissə-hissə qaytarılmış, hazırda isə 11753.0 manat qalmışdır. Məhkəmə tərəfidən alqı-satqı müqaviləsi üzrə malın ƏDV-siz dəyərinin ödənilibödənilməməsi barədə bank əməliyyatları üzrə araşdırma aparılmış və iddiaçı tərəfindən müqavilə üzrə ödənişin həyata keçirilməsi müəyyən olunmamışdır. Nəticədə əməliyyat yarımçıq qaldığı (başa çatmadığı) yəni, hesablaşma hesabına və digər hesablara, o cümlədən kassaya vəsait daxil olmadığı müəyyən edildiyindən, həmçinin qarşılıqlı hesablaşma yolu ilə də vəsait daxil olmadığı üçün iddaçı ƏDV üzrə depozit daxil olan ƏDV məbləğinə görə Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən büdcəyə hesablama verilmədiyindən, bunları nəzərə almayan vergi orqanı haqsız olaraq xx.xx.2022-ci il tarixli, **********659600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-645/2023 saylı qərarı ləğv edilsin və yeni qərar çıxarılsın. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin və iddiaçı “X9 Stansiyası” Açıq Səhmdar Cəmiyyətina hesablanmış 22.236 (iyirmi iki min iki yüz otuz altı) manat 10 (on) qəpik vergi borcu onun şəxsi hesab vərəqindən silinsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-27/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-27/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver