Məhkəmə qərarları › İş №2-1(104)-270/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-270/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-270/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, «qərarın qismən ləğv edilməsi və əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3631/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə «Ürəyin kombinə olunmuş ürək qusuru.izdə olunmuş mitral stenoz aorta aypara qapaqların çat. 2cili anemiya.Q,D,C, 2 dər.» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə « Revmatizm q/f/.Mitral qapaq stenozu üç taylı qapaq stenozu.Q,D,C, 2 dər.» 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə «Ürəyin kombinə olunmuş ürək qusuru.izdə olunmuş mitral stenoz aorta aypara qapaqların çat. 2cili anemiya. Q,D,C, 2 dər.» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022ci il tarixdə « Ürəyin digər dəqiqləşdirilmiş revmatik xəstəlikləri, Revmatizm q\a mərhələ. Ürəyin digər dəqiqləşdirilməmiş revmatik xəstəlikləri. Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Mitral qapagın revmatik mənşəli çatmamazlıgı. Mitral qapaqların kritik stenozu Ağırlaşma 150.9 Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Dəqiqləşdirilməmiş ürək çatmamazlığı İl f.s. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya » diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir.

2. Alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində «Ürəyin digər dəqiqləşdirilmiş revmatik xəstəlikləri, Revmatizm q\a mərhələ. Ürəyin digər dəqiqləşdirilməmiş revmatik xəstəliyi Ağırlaşma 148 Qulaqcıqların fibrilyasiyası və titrəməsi, Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ dərəcə. Ağırlaşma 105.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Mitral qapaqların kritik stenozu Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya» diaqnoz qoyulsa da “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının may 2023-cü il tarixli qərarına əsasən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı 3-17-4/2-Q-9073/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-29111/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan təhlil zamanı İddiaçı dair əlillik təyinatına əsas verən müayinə-müalicə sənədlərinin digər şəxsə aid olması müəyyən edilmişdir. Bundan irəli gələrək, Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-9073/2023 nömrəli məktubu əsasında İddiaçı xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Bununla əlaqədar mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində vətəndaşa dair tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və X5 3-17-4/3-3- 3687/2023 nömrəli qərarı ilə İddiaçı barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildən bu günə kimi "Ürəkdə dəlik xəstəliyi. Sol mədəciyin diastolik funkusiyası relaksativ tipdə pozulması, sol qulaqcıqda 68mm genişlənməsi" diaqnozu ilə Gəncə şəhəri Kardioloji Dispanserdə müayinə və müalicə olunur. Tibbi Komissiya tərəfindən 2007-ci il tarixdə 2-ci qrup əlili kimi təqaüdə çıxarılmışdır. Bu günə kimi davamlı ambulator müayinə və müalicə olunur və davamlı olaraq müvafiq dərman pereparatlarından istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı 2-ci qrup əlili kimi pensiya təqaüdü almış, lakin ona pensiya verilişi 2021-ci ilin aprel ayından dayandırılmışdır. İddiaçı yenidən 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Tibbi-Sosial Ekspert Kommisiyasında müayinədən keçən zaman xx.xx.2022-ci il tarixdən ona müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, 2-ci dərəcəli əlil olaraq pensiyasının verilməsi bərpa olunsada 2023-cü ilin iyul ayından yenidən dəyandırılmışdır. Göründüyü kimi iddiaçının cavabdehə müraciətindən əsassız olaraq imtina edilmişdir.

7. İddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının may 2023-cü il tarixli qərarının qismən ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3631/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehə iddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsaslarının təqdim edilməsi barədə sərəncam göndərilmiş, cavabdeh orqanın cavab məktubunda əsas kimi İddiaçı dair əlillik təyinatına əsas verən müayinə-müalicə sənədlərinin digər şəxsə aid olmasının müəyyən edilməsi göstərilsə də, lakin bununla bağlı müvafiq sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hal cavabdehin istinad etdiyi əsası sübut edə bilməməsi kimi qiymətləndirilir. Cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmiş və barəsində əlillik təyinatının ləğvi ilə bağlı qərar qəbul etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədi ilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və məhkəmə ekspertizası təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibbi ekspertlərin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyinin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpsertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazrkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyil. Şəxsin əyani müayinədən yayınması halı da buna sübutdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin hallarından məlum olur ki, İddiaçı xəstəliyi ilə əlaqədar ona qoyulmuş xx.xx.2007-ci il tarixdə «Ürəyin kombinə olunmuş ürək qusuru.izdə olunmuş mitral stenoz aorta aypara qapaqların cat. 2 cili anemiya.Q,D,C, 2 dər.» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə Revmatizm q/f/.Mitral qapaq stenozu üç taylı qapaq stenozu.Q,D,C, 2 dər.» 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə « Ürəyin kombinə olunmuş ürək qusuru.izdə olunmuş mitral stenoz aorta aypara qapaqların cat. 2 cili anemiya.Q,D,C, 2 dər.» diaqnozuna əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdə « Ürəyin digər dəqiqləşdirilmiş revmatik xəstəlikləri, Revmatizm q\a mərhələ. Ürəyin digər dəqiqləşdirilməmiş revmatik xəstəlikləri. Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Mitral qapagın revmatik mənşəli çatmamazlıgı. Mitral qapaqların kritik stenozu Ağırlaşma 150.9 Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Dəqiqləşdirilməmiş ürək çatmamazlığı İl f.s. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya» diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmiş, lakin vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsi ilə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən İddiaçı barəsində diaqnozun öz təsdiqini tapmaması əsası ilə "Əlillik" altsistemində vətəndaşa dair tibbisosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.

21. İddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsinin səbəbi- cavabdeh orqan tərəfindən belə izah edilmişdir ki, İddiaçı dair əlillik təyinatına əsas verən müayinə-müalicə sənədləri digər şəxsə aid olmuşdur.

22. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh orqan istinad etdiyi dəlili sübut edəcək hər hansı bir sənədi istər birinci instansiya məhkəməsinə, istərsə də hazırki məhkəmə icraatına təqdim etməmiş, inzibati icraat materiallarında da belə bir sübut aşkarlanmamışdır.

23. Halbuki inzibati orqan iddiaçı üçün əlverişsiz inzibati akt qəbul edən zaman onu əsaslandırmalı, gəldiyi nəticə qanunamüvafiq sübutlarla təsdiqlənməli, hazırki işdə olduğu kimi fərziyələrə söykənməməlidir.

24. Belə ki, hazırki apellyasiya şikayətinin dəlillərində inzibati orqan qeyd edir ki, əlilliyin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazrkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyil. Şəxsin əyani müayinədən yayınması halı da buna sübutdur.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati aktıqərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısada, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir.

27. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

28. Bununla yanaşı hazırki halda cavabdeh orqan TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadan onu təkrar əyani müayinəyə cəlb etmişdir.

29. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi həmçinin şəxsin müayinəsinin onun diskresion səlahiyyətlərində olması ilə əsaslandırmış, məhkəmə qərarını müdaxilə kimi qiymətləndirmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

31. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

32. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

33. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən dəyişdirilmədən qüvvədə salanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3631/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar