Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-270/2025 15.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyanın yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1036/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 17-1752 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli, 8/3 nömrəli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ədliyyə stajının hesablanması barədə qrafikdən görünür ki, 41 il 5 ay 28 gün ədliyyə stajı olan İddiaçı ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə 286.70 manat, mükafatlar 221.38 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək pensiyasından hal-hazırda tutulma həyata keçirilmir. xx.xx.2025-ci il tarixli İddiaçı məxsus olan balansa 2024-cü ilin yanvar ayından 2025-ci il yanvar ayınadək tarixləri arasındakı dövrdə mədaxil-məxaric əməliyyatlarına dair “Kapital bankın” ödəniş kartı üzrə çıxarışından görünür ki, həmin hesaba 2024-cü ilin fevral ayında heç bir məbləğdə mədaxil olmamış, digər aylarda isə yalnız bir aylıq pensiya məbləğində mədaxil olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona orta aylıq əmək haqqının müəyyən olunması zamanı qulluq illərinə görə əlavə hissəsində vəzifə maaşı (805.00 manat) və xüsusi rütbəyə görə haqqın (130.00 manat) 50%-nin (935x50%) hesablanması və 2024-cü ilin fevral ayı üçün pensiyadan qanunsuz tutulan vəsaitin qaytarılması vəzifələrinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Ədliyyə sistemində 41 il 05 ay 28 gün iş stajı var və xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası alır. Onun pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən ayda 1640.34 manat məbləğində olmaqla ödənilirdi. İddiaçının fevral 2024-cü il tarixdə şəxsiyyət vəsiqəsi deaktiv olduğundan pensiyasının ödənişində problem olmuşdur. Şəxsiyyət vəsiqəsini aktivləşdirdikdən sonra pensiyasının ödənişinin davam etdirilməsi barədə cavabdehə müraciət etmişdir. Bundan sonra onun pensiyasının ödənişində əksilmələr başlanmışdır. O, dəfələrlə müraciət edərək pensiyasının hesablanmasına açıqlama gətirilməsini xahiş etsə də, cavabdeh şablon formada yazdığı eyni məzmunlu cavablarla pensiyasının təyin olunması və ödənilməsi barədə açıq məlumat verməkdən hər dəfə yayınmışdır. İddiaçının 2024-cü il fevral ayı üçün aylıq pensiyası heç bir razılığı olmadan bütünlüklə ödənilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1036/2025 nömrəli qərardadı ilə iddia tələbi “qulluq illərinə görə əlavənin 50% olmaqla pensiyanın yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə iddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında məktuba əsasən bildirilmişdir ki, M. X4 şəhəri Kəpəz rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 19 fevral 2021-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 805,00 manat, rütbəyə görə əlavə 130,00 manat, qulluq illərinə görə əlavə 286,70 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 221,38 manat olmaqla orta aylıq əməkhaqqı 1443,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 20.19.2-ci maddəsinə əsasən, 41 il 5 ay 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (1443,08 manat) 80 faizi - 1154,46 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1300,10 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 3256,08 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçının əmək pensiyası 1456,58 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1640,34 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 2205,12 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 1619,72 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 8098,60 manat əmək pensiyası ödənilməli olduğu halda, 6385,38 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya ödənilməli olan 1713,22 manat pul vəsaiti müəyyən edilmişdir. Maddi yardım üzrə 2022-ci il üçün İddiaçı ödənilməli olan 32,52 manat pul vəsaiti müəyyən edilmişdir. Son üç il üzrə İddiaçı ümumilikdə 3715,46 (3256,08+2205,12-1713,22-32,52) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1036/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, İddiaçı ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50 faiz olmaqla pensiyasının yenidən hesablanması və 2024-cü ilin fevral ayında tutularaq ödənilməyən pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə tələbin iddiaçının ədliyyə orqanlarında qulluq illərinə görə əlavənin 50% hesablanması hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndində əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz məbləğdə ödənilir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının ədliyyə stajı hesablankən onun 41 il 5 ay 28 gün ədliyyə stajının olması əsası ilə ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması qeyd olunmasına baxmayaraq, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə isə 286.70 manat təşkil etmişdir. Qeyd olunan hesablamadan açıq şəkildə görünür ki, iddiaçının qulluq stajına görə hesablanan əlavə (286.70 manat), vəzifə maaşı və ixtisas dərəcəsinə görə əlavənin cəminin (805.00 manat+130.00 manat) 50 faizi etmir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmişdir. İddia tələbinin 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması hissəsində gəldikdə isə məhkəmə öz mövqeyində qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının əmək pensiyasının 2024-cü ilin fevral ayında ödənib-ödənilməməsi barədə məlumatın verilməsi haqqında cavabdehə sorğu verilməsinə baxmayaraq, bununla bağlı məhkəməyə məlumat verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Kapital bankın” ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçının hesabına 2024-cü ilin fevral ayında heç bir məbləğdə mədaxil olmamış, digər aylarda isə yalnız bir aylıq pensiya məbləğində mədaxil olmuşdur. Odur ki, bu hissəsə də məhkəmə iddianı əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus 17-1752 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı məxsus xx.xx.2024-cü il tarixli ədliyyə stajının hesablanması barədə qrafikdən görünür ki, 41 il 5 ay 28 gün ədliyyə stajı olan İddiaçı ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə 286.70 manat, mükafatlar 221.38 manat təşkil etmişdir. Məhkəmə öz qərarında iddiaçının əmək pensiyasının hesablanması məsələsinə qiymət verərkən qulluq stajına görə əlavənin hesablanma qaydası kimi qeyd etmişdir ki, qulluq stajına görə hesablanan əlavə (286.70 manat), vəzifə maaşı və ixtisas dərəcəsinə görə əlavənin cəminin (805.00 manat+130.00 manat) 50 faizi etmir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndində əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq, 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz məbləğdə ödənilir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının ədliyyə stajı hesablankən onun 41 il 5 ay 28 gün ədliyyə stajının olması əsası ilə ədliyyə stajına görə əlavənin 50% həcmində hesablanması qeyd olunmasına baxmayaraq, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifə maaşı 805.00 manat, ixtisas dərəcəsinə görə əlavə 130.00 manat, qulluq stajına görə əlavə isə 286.70 manat təşkil etmişdir. Məhkəmə bu faktları qeyd edərkən işin hallarına düzgün qiymət verməmiş, bütün halları ətraflı araşdırmamışdır. Həmçinin pensiyanın hesablanması zamanı qulluq stajına görə əlavənin hesablanma qaydasını düzgün müəyyən etməmiş, hər hansı əsaslandırma aparmamışdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X3 bildirimişdir ki, hazırkı mübahisə qulluq stajına görə yaranmışdır. Belə ki, dövlət qulluqçularına pensiya hesablanarkən ardıcıl 60 ayın və son 24 ayın əmək haqqı arayışı əsasında dövlət məvacibi hesablanır və qulluq stajına uyğun müəyyən olunmuş faizə uyğun hesablanır. Vətəndaşın əmək pensiyası 60 ayın, yəni 2003-2007-ci illərin əmək haqqı arayışına baxarkən müəyyən olunur ki, 48 ay 30 faizlə ödənilmişdir, 12 ay isə 50 faizlə ödənilib. Bizdə ona münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavəni hesablamışıq. Əmək haqqı arayışına əsasən əlavəni necə alıbsa bizdə elə hesablamışıq. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ... Maddə 25. Ədliyyə orqanları işçilərinin maddi təminatı 25.1. Ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasınıntəyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavəninməbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əməkpensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onlarınnümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarında olan pensiyaçının 17-1752 nömrəli pensiyaçının uçot vərəqinə əsasən iddiaçıya xx.xx.2009-cu il tarixli, 8/3 nömrəli qərarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyanın yenidən araşdırılması nəticəsində iddiaçıya münasibətdə artıq ödəmə 19 fevral 2024-cü il tarixdə daxil olmuş müraciətdən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Cavabdeh orqanın bildirdiyinə əsasən son 3 il üzrə iddiaçıya ümumilikdə 3715,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və 2024-cü ilin fevral ayında pensiyası tam məbləğdə tutulmuşdur. Cavabdeh “Əmək pensiyasının yenidən hesablanmasına haqqında” xx.xx.2024-cü il tarilxi qərar qəbul etmiş və iddiaçıya 1619.72 manat pensiya təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının hüquqi marağı pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilməzdən əvvəl onun aldığı pensiya məbləğinin bərpa edilməsindən və 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılmasından ibarətdir. Əvvəla bildirilir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qərar qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla icraat aparmışdır. Belə ki, qeyd olunan Qanununun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əgər inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması barədə əsaslı məlumat əldə edirsə bu zaman inzibati icraat haqqında qanunvericiliyin tələblərinə görə, xidməti mövqeyinə əsasən şəxsin həmin akta münasibətdə etimad hüququnun mövcudluğu, onun etimadının qanunla qorunub-qorunmadığını “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlamaqla həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların müəyyən etməyə borcludur. Şəxsin etimadının qorunması prinsipi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqana verilmiş bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə məruz qalmışdır və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Belə ki, cavabdeh iddiaçıya münasibətdə əlverişli inzibati aktı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin normaya görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh ilk dəfə iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrlərdə ayrı-ayrı qərarlarla pensiyanı yenidən hesablamış və bununla bağlı sonuncu qərar xx.xx.2024-cü ildə qəbul edilmişdir. Bu zaman inzibati orqan həmin qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə əməl etməmiş, onun tərəfindən məhkəmələrə təqdim edilən mülahizələrdə, etirazda, şikayətdə hansı hallara görə iddiaçıya pensiyanın təyin edilməsi barədə əvvəlki qərarın qanunsuz olmasını və həmin hallların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 il müddətinə ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişməsinin səbəblərin bildirməmişdir. İş materiallarında inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilmir. Lakin cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Cavabdeh tərəfindən mövqeyinə əsasən iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əmək pensiyasına əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. Lakin cavabdeh həmin yanlış hesablamanın nə zaman ona məlum olması barədə vaxt barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, inzibati icraat haqqında qanunvericiliyə əsasən əlverişli inzibati aktın qanunsuzluğunun inzibati orqana məlum olduğu vaxtdan “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 illik müddətlə məhdudlaşdırlmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçı barədə pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilən zaman inzibati icraat haqqında qanunvericiliyin normalarına əməl edilməmişdir. İddia tələbinin 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, cavabdeh həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın 2024-cü ilin fevral ayında tutulan pensiya məbləğinin geri qaytarılması hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onun gəldiyi nəticəni doğru hesab edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1036/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-270/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-270/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver