Məhkəmə qərarları › İş №2-1(104)-271/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-271/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-271/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X3 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2473/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X2 şəhəri, Gülüstan qəsəbəsi, ev 15, mənzil 19 ünvanında qeydiyyatdadır.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-57/2-A-92xx/xx/2023 nömrəli məktubun məzmunundan görünür ki, X5 ünvan 1 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.

4. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 2024-cü il tarixli, 5-1/2- 03/8297/2024 nömrəli məktubunda qeyd olunur ki, ünvan 3 ünvanda faktiki olaraq heç kimin yaşamadığı müəyyən olunmuşdur.

5. Gəncə Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(125)-608/2024 nömrəli məktubunda qeyd olunur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər X13, X14, X10 və X4) iddiası qismən təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi, ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil, ünvan 6 13 saylı mənzil, **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2103“ Tarkalı nəqliyyat vasitəsi; **-CD-*** dövlət qeydiyyat nişanlı «Tofash Shahin" markalı nəqliyyat vasitəsi üzərində X5 1/32. X7 1/32, X8 1/32, X6 4/32, X1 4/32, İddiaçı 21/32 hissədə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxs qeydiyyatdadır. Həmin şəxsin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının əlavə komunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxsin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2473/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçıların mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs birinci instansiya məhkəsinə icraatın dayandırılması ilə bağlı ərizə təqdim etmiş, miras əmlakla bağlı iddia qaldırdığını bildirmiş, lakin birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi.

15. İş üzrə cavabdehə və məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlməmişdir.

22. İşin halları ilə müəyyən olunur ki, ünvan 1-da qeydiyyatda olan üçüncü şəxs X5 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan bundan imtina etmişdir.

23. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını qanuni hesab etmiş, üçüncü şəxs tərəfindən məhkəmənin qərarı mübahisələndirilmişdir.

24. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırımasının predmeti üçüncü şəxsin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasının mümkünlüyüdür.

25. İşdə olan ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

26. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X2 şəhəri, Gülüstan qəsəbəsi, ev 15, mənzil 19 ünvanında qeydiyyatdadır.

27. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 2024-cü il tarixli, 5-1/2- 03/8297/2024 nömrəli məktubunda qeyd olunur ki, ünvan 3 ünvanda faktiki olaraq heç kimin yaşamadığı müəyyən olunmuşdur.

28. Gəncə Şəhər Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(125)-608/2024 nömrəli məktubunda qeyd olunur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər X13, X14, X10 və X4) iddiası qismən təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi, ünvan 5 ünvanında yerləşən 19 saylı mənzil, ünvan 6 13 saylı mənzil, **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2103“ Tarkalı nəqliyyat vasitəsi; **-CD-*** dövlət qeydiyyat nişanlı «Tofash Shahin" markalı nəqliyyat vasitəsi üzərində X5 1/32. X7 1/32, X8 1/32, X6 4/32, X1 4/32, İddiaçı 21/32 hissədə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

29. Göründüyü kimi Gəncə şəhəri, Gülüstan massivi, ev 15, mənzil 19 üzərinə üçüncü şəxs Xanım Abbasovanın da miras pay kütləsi mövcuddur.

30. Belə olduqda üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hər hansı hüquqi və faktiki əsas mövcud deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunanlara əsasən ləğv edilərək iddia tələbi rədd edilməklə iş üzrə yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2473/2023 nömrəli ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar