Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-272/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X3 və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1696/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AO ******* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Tərtər və Naftalan rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N aprel 2022ci il tarixli, 1629 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 08 iyul 2014-cü il tarixdən 16 noyabr 2017-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü vəzifəsində hərbi xidmət keçmişdir. Goranboy və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmək məqsədi ilə 03 aprel 2016-cı il tarixdən (əmr 99) 09 aprel 2016-cı il tarixədək (əmr 105) N nömrəli hərbi hissəyə ezam olunmuş, Tapqaraqoyunlu və Talış kəndləri uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində iştirak etmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 16 iyun 2023-cü tarixli, 3.43.32/2.528/23 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı xidməti dəftərçəsindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/Ş-6664 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin və əlilliyinin döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3 2587 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsi verilməsi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə görə mümkün deyildir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N iyun 2023cü il tarixli, 1297 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı 2016-cı ilin aprel ayında Tərtər və Naftalan rayonları ərazisində gedən döyüşlərlə əlaqədar olaraq döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə Naftalan rayonuna ezam olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1979-ci il tarixdə Azərbaycan Kəlbəcər rayonu Yuxarı Ayrım kəndində doğulmuşdur. xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək döyüş bölgəsində N saylı hərbi hissə tərkibində düşmən erməni hərbi birləşmələrinə qarşı döyüşmüş, Tərtər, Naftalan, Goranboy, Tap Qaraqoyunlu və Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlərdə, erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş və bu barədə hərbi biletində müvafiq qeyd mövcuddur. Döyüşlərdə aktiv, qabaqcıl və fəal iştirak etdiyi üçün hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Lakin, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə ünvanladığı məktuba imtina cavabı verilmişdir. Bu səbəbdən də bu günədək veteran vəsiqəsini ala bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1696/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olarkən onun xx.xx.2016-cı il tarixdən-xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasını ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunsa da, o həmin döyüş əməliyyatları ilə əlaqədar hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) almamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1696/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Aprel döyüşləri Azərbaycanın şanlı hərb tarixinə daxil olan döyüşlərdən biridir. Həmin döyüşlər zamanı əldə edilən stateji yüksəkliklər 2-ci Qarabağ müharibəsi zamanı əvəzsiz üstünlüklər vermişdir. 2-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyatlarında iştirak edən istənilən hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsi verilir. Əgər əsasnamə müəyyən şərtlə 10 may 1994-cü ildən sonraya tətbiq edilərsə onda 2-ci Qarabağ müharibəsi istirakçılarına da şamil olunmamalı idi. Bu bərabərlik prinsipinin pozulmasıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, 2016-cı il tarixdə olan «Aprel döyüşlərində» iştirak etmişdir, lakin həmin döyüşlərdə yaralanmamış və ya hər hansı xəsarət almamışdır.
15. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
18. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İş matariellarından göründüyü kimi iddiaçı tələbində 2016-cı ilin 01-05 aprel tarixlərini əhatə edən “Aprel” döyüşlərində iştirak etməsini bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/Ş-6664 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin və əlilliyinin döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
23. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olarkən onun xx.xx.2016-cı il tarixdən-xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasını ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunsa da, o həmin döyüş əməliyyatları ilə əlaqədar hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) almamışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan AO ******* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-xx.xx.1999-ci il tarixlərdə N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Tərtər və Naftalan rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
25. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N aprel 2022-ci il tarixli, 1629 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 08 iyul 2014-cü il tarixdən 16 noyabr 2017-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü vəzifəsində hərbi xidmət keçmişdir. Goranboy və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmək məqsədi ilə 03 aprel 2016-cı il tarixdən (əmr 99) 09 aprel 2016-cı il tarixədək (əmr 105) N nömrəli hərbi hissəyə ezam olunmuş, Tapqaraqoyunlu və Talış kəndləri uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində sürücü vəzifəsində iştirak etmişdir.
26. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 16 iyun 2023-cü tarixli, 3.43.32/2.528/23 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı xidməti dəftərçəsindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxılmışdır.
27. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin müddəalarına görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
28. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
29. Göründüyü kimi qeyd olunan əsasnamənin müddəalarına görə «Müharibə veteranı adı»nın verilməsi 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.
30. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hərbi qulluqçu kimi qeyd edilən zaman kəsiyində hərbi xidmət vəzifələrini yerinə yetirməsi, aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması və iştirakı işin mübahisəsiz halıdır. Lakin iş üzrə İddiaçı döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən edilməmişdir.
31. Bununla yanaşı adıçəkilən əsasnamənin 1-ci bəndinə edilmiş əlavə müddəa - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərədə tutulsa da, hazırki iş üzrə iddiaçının Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi də müəyyən olunmamışdır.
32. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsi imperaativ şəkildə “müharibə veteranı” adının verilməsi labüd olan subyektlərinin dairəsinin müəyyən edilməsi şərtlərini tənzimləyir. Əsasnamədə qeyd edilən hər hansı normanın işin hallarına uyğun olaraq tövsif edilməsi konstitusion prinsip olan hüquqi müəyyənlik prinsipinin tətbiqinə xəlil gətirir.
33. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı).
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1696/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov