Məhkəmə qərarları › İş №2-1(104)-273/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-273/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-273/2025 08.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin kirayəsi üçün təyin olunmuş kompensasiya ödənişinin xx.xx.2024-cü il tarixindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1455/2025 saylı qərarından cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayır. O, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətli, xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, baş çavuş rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçının təqvim ili üzrə 21 il 09 ay 05 gün, güzəştli 10 il 01 ay 11 gün, ümumi 31 il 10 ay 16 gün xidmət müddəti olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli arayışlarına əsasən iddiaçının və onun həyat yoldaşının adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Bayan küçəsi, ev 115A ünvanında qeydiyyatda olsa da, kirayə müqaviləsinə əsasən ünvan 2şayır. Mənzil məsələləri üzrə İctimai komissiyanın təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 50-ci və 51-ci maddələrini və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsini rəhbər tutaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə ehtiyata buraxılan hərbi qulluqçu iddiaçı 5 nəfər ailə tərkibi (özü, arvadı - X5, qızı - X3, oğlu - X7, qızı - X6) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Daha sonra iddiaçı mənzil kirayə haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-ci il tarixli, 5-1/2-M-24- 333/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, mənzillə təmin olunanadək ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı ilə tənzimlənir. İddiaçı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxıldığı üçün ona kirayə pulunun verilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin kirayəsi üçün hər ay kirayə haqqı alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin kirayəsi üçün təyin olunmuş kompensasiya ödənişinin xx.xx.2024-cü il tarixindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 5-1/3-220/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Müraciət müəllifi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd etmək istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının tələblərinə görə hər il aprel ayının 1-nə kimi mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında məlumat həmin qərarın əlavəsinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami və Kəpəz şöbələri ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Məlumat üçün bildiririk ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının şamil olub- olmaması barədə məlumat verilməsi üçün məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinənin xx.xx.2025-ci il tarixli 3-43-20 /2- 36/2025 nömrəli məktuna əsasən ehtiyatda olan baş çavuş İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycar Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, "Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) əsasən ehtiyata buraxıldığı üçün yuxarıda qeyd olunan qanunvericiliyin müddəaları ona şamil olunmadığı bildirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1455/2025 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixindən mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin müvəqqəti kirayə xərcinin ödənilməsi öhdəliyinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı da məhz xidmət müddəti başa çatdığı əsası ilə ehtiyata buraxıldığından, bununla da iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılmış hərbi qulluqçular dairəsinə aid olduğundan o iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malikdir. Bu hüququn həyata keçirilməsi qaydası isə “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir. Hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili xidmət etmiş və qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxılmış iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının şamil olub-olmaması barədə məlumat verilməsi üçün məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 3-43-20/2-36/2025 nömrəli məktubuna əsasən ehtiyatda olan baş çavuş İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, "Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) əsasən ehtiyata buraxıldığı üçün yuxarıda qeyd olunan qanunvericiliyin müddəaları ona şamil olunmadığı bildirilmişdir. İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün ona kirayə haqqının verilməsi qanunauyğun hesab edilməmişdir. b) apellyasiya şikayətinə əlavənin dəlilləri Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti apellyasiya şikayətinə əlavə təqdim etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1455/2025 nömrəli qərarını tam ləğv edərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. d) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 147 hissə 8. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarı: 1-ci hissə. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi o, xx.xx.2024-cü il tarixindən mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinin müvəqqəti kirayə xərcinin ödənilməsi öhdəliyinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasından ibarətdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı kirayə xərcinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin müsbət həllindən imtina edərək onunla əsaslandırmışdır ki, iddiaçı xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən ehtiyata buraxılmışdır, lakin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müddətli, xx.xx.2004-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, baş çavuş rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İddiaçının təqvim ili üzrə 21 il 09 ay 05 gün, güzəştli 10 il 01 ay 11 gün, ümumi 31 il 10 ay 16 gün xidmət müddəti olmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 242 nömrəli sərəncamı ilə iddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Cavabdehin imtinasına münasibətdə isə onun yeganə əsası qismində iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılması çıxış edir. Belə ki, cavabdeh orqan hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılma “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində təsbit edilmiş “yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər” dairəsinə aid edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin bu yanaşmasını əsaslı və düzgün hesab etmir. Belə ki, həmin mübahisəyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konkret mövqeyi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci tarixli qərardadında qeyd edilmişdir ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Göstərilən halları nəzərə alan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadının təsviriəsaslandırıcı hissəsində göstərilən hallardan göründüyü kimi iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılması hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılmasına aid edildiyindən həmin əsasa görə cavabdeh tərəfindən imtina edilməsi də haqlı sayıla bilməz. Bundan başqa həmçinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə Gəncə şəhəri, Bayan küçəsi, ev 115A ünvanında qeydiyyatda olan, ehtiyata buraxılmış İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Cavabdeh orqanın sərəncamından da göründüyü kimi, iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi (yaşayış sahəsi verilənədək kirayə haqqı ilə təmin olunma daxil olmaqla) üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlar mövcuddur və həmin meyarlara uyğunluğu müvafiq sərəncamla təsdiq edilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır ki, bu da onun aidiyyəti üzrə təmin olunması üçün hüquqi əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1455/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar