Məhkəmə qərarları › İş №2-1(104)-275/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-275/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-275/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi ilə, “qərarın qanunsuz inzibati akt sayılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-83/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Qazax rayon Daş Salahlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayon Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs kimi icraatda iştirakına xitam verilmiş, həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarı ilə Daş Salahlı bələdiyyəsinə məxsus daşlı örüş sahəsindən 70 hektar torpaq sahəsi "X2 Birliyi"nin uzunmüddətli istifadəsinə verilmiş, Bentonit gil istehsalı üçün icarəyə verilmiş torpaq sahəsi barədə Daş Salahlı bələdiyyəsi ilə "X2 Birliyi" arasında torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında nümunədə göstərilən müqavilə bağlanılmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)1786/2022 saylı sərəncamında İPM-in 13-cü maddəsinə əsasən qeyd edilmişdir ki, hazırki mübahisə üzrə bələdiyyə qərarının etibarsız hesab edilməsini tələb etmisiniz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində inzibati aktların etibarsız sayılmasının əsasları göstərilmişdir. Qanunda qeyd edilmiş əsasları nəzərə alaraq iddianın daha perspektivli iddia növünə dəyişmək hüququnuzun olması sizə izah edilir. Bundan sonra, İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qazax rayon Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İş üzrə üçüncü şəxs "xxxx" MMC-nin nümayədəsi tərəfindən iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, “X2 Birliyi” MMC xx.xx.2005-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışa əsasən Cəmiyyət xx.xx.2002-ci il tarixdə 0902-A1-06 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Təkcə bu hal iddianın əsassız olduğunu sübut edir. Bundan başqa, eyni tərəflər arasında eyni məsələ ilə bağlı əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş və bununla bağlı qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmçinin, "xxxx" MMC-nin mübahisəli torpaq sahəsinə olan hüququ Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(102)-1621/2020 saylı qərarı və Ali Məhkəmənin Kommersiya kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(102)-236/2021 nömrəli qərarı ilə tanınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-83/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə Qazax rayon Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılması tələb edilsə də, iddiaçının hüquqi niyyəti həmin aktın ləğvinə nail olmaqdır, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı isə artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq mülkiyyəti bələdiyyə mülkiyyətində olan torpaq olsa da, həmin torpaq sahəsi müvafiq olaraq dövlət balansında saxlanılmış və bələdiyyəyə təhvil verilməmişdir. Belə olan halda bələdiyyənin ona təhvil verilməyən torpaq sahəsini müvafiq sərəncam hüququ olmadan satması qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması ilə nəticələnmişdir. Əgər vaxtında təhvil verilmə prosesi həyata keçirilsə idi, o zaman bu torpaq sahəsinin örüş torpağı deyil də, istehsal təyinatlı bentonit gil istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu aşkara çıxarılacaqdı. Belə olan halda torpaq sahəsinin bələdiyyə torpağı sayılması mümkün olmazdı, çünki bu torpaq sahəsi örüş üçün deyil, “Bentonit Gil” firmasının istifadəsində olan torpaq sahəsidir. Belə olan halda məhkəmənin hazırki iddianın mümkünlüyünün mübahisələndirilməsi və bu əsasla qəbul etdiyi qərardad tamamilə yolverilməzdir. Belə ki, məhkəmə tərəfindən tətbiq edilən “1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz” mövqeyi hazırki işə münasibətdə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən müddəa mübahisələndirmə haqqında iddia növünə aid olmaqla İPM-nin 38-ci maddəsində nəzərdə tutulan müddəti nəzərdə tutur. Lakin hazırki iddianın isə müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olmaqla özlüyündə hər hansı bir müddətlə məhdudlaşdırılması qanunda nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri iştirak etməmişlər, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilməli, iş materialları araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşin hallarından görünür ki, iddiaçı ilkin olaraq iddia tələbində Qazax rayonu Daş Salahlı bələdiyyəsinin 19 noyabr 2003-cü il tarixli, 17 saylı qərarının etibarsızlığını məhkəmə qaydasında irəli sürmüşdür. Daha sonra, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım edilərək iddianın daha perspektivli iddia növünə dəyişmək hüququ izah olunmuş, iddiaçı 21 noyabr 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qazax rayonu Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 saylı qərarının İPM-nin 36.2-ci maddəsinin tələbinə uyğun olaraq qanunsuz inzibati akt sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1786/2022 saylı qərardadı ilə ərizə icraata qəbul edilmiş, eyni tarixli qərardadla iddia tələbi mümkün sayılmamışdır. İş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadda qeyd olunur ki, iddiaçının Qazax rayonu Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılmasını tələb etməkdə hüquqi niyyəti, sonda həmin qərarın ləğvinə nail olmaqdır. Baxılan iş üzrə Qazax rayon Daş Salahlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 17 nömrəli qərarının qanunsuz inzibati akt sayılması tələb edilsə də, iddiaçının hüquqi niyyəti həmin aktın ləğvinə nail olmaqdır, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı isə artıq aradan qalxmışdır. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya İPM-in 13 maddəsinə əsasən məhkəmə tərəfindən edilmiş yardım real olmamış, iddianın perspektivli iddia növünə dəyişdirilməsi təklif edilsə də, məhz hansı iddianın irəli sürülməsi, mümkünlük şərtləri və hüquqi nəticələri izah edilməmişdir. Bundan sonra, iddiaçı tərəfindən İPM 36.2-ci maddəsinə əsasən inzibati aktın qanunsuz hesab edilməsi tələb olunmuş, məhkəmə iddiaçının hüquqi marağını dəqiqləşdirmədən iddiaçı tərəfindən inzibati aktın ləğv edilməsi tələbinin irəli sürülməsinə dair hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hüquqi yardım real olmalı və onun hüquqi marağına uyğun dəqiqləşdirilməli, hüquqi nəticələri izah olunmalı idi. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1. maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2. maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü- 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. Normalardan göründüyü kimi, mübahisələndirilmə haqqında iddia hələ mövcud olan əlverişsiz inzibati akta qarşı yönəldiyi halda, İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə haqqında iddia ümumi xarakterli müəyyən etmə haqqında iddianın bir növü qismində, artıq icra olunmuş inzibati aktın, yəni heç bir hüquqi nəticə yaratmayan bir inzibati aktın qanunsuz sayılmasına yönəlir. Başqa sözlə, İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş iddia mübahisələndirilməsi artıq mümkün olmayan inzibati aktlara qarşı qaldırıla bilər. İnzibati akt isə o zaman icra edilmiş sayılır ki, akt artıq aradan qalxmış olsun. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 72. maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir. Qeyd olunan normada təsbit edilmiş iddia isə texniki baxımdan mübahisə doğuran inzibati aktın aradan qalxması səbəbindən əhəmiyyətini itirmiş mübahisələndirilmə haqqında iddianın davamı sayılır. Başqa sözlə, İPM-in 36.2-ci maddəsi inzibati aktların qanunazidd olmasının müəyyənləşdirilməsinə aiddir ki, həmin inzibati aktlar artıq inzibati iddianın qaldırılmasından əvvəl „hər hansı bir əsasla qüvvəsini itirmişdir“ (bu o deməkdir ki, iddiaçı üçün daha heç bir hüquqi nəticə yaratmır). İPM-in 72-ci maddəsi bunun əksinə olaraq nəzərdə tutur ki, mübahisələndirilən inzibati akt məhkəmə icraatı gedişində inzibati aktın geriyə çağrılması (İİQ-ın 67-ci maddəsi), müddətin keçməsi ilə və ya başqa cür (hüquqi baxımdan) hüquqi qüvvəsini itirmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3. maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə irəli sürülən iddia tələbi məhkəmə tərəfindən dəqiqləşdirilməli, mübahisələndirilən aktın qüvvədə olub-olmaması araşdırılmalı və tərəfə buna uyğun yardım edilməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi iddia tələbini mahiyyət etibarı ilə “inzibati aktın ləğvi”- mübahisələndirilmə haqqında iddia növü kimi qiymətləndirilsə də, bundan irəli gələrək iddiaçıya inzibati aktın mübahisələndirilməsinə dair ötürülmüş prossesual müddətin bərpasına dair hər hansı yardım göstərilməmişdir. Başqa sözlə, məhkəmə iddia tələbinə mübahisələndirilmə haqqında iddia növü kimi yanaşsa da, həmin aktın mübahisələndirilməsinə dair müddət tətbiq etməklə nəticəyə gəlmiş, aktın tərəfə təqdim (elan) edilmə anını araşdırmamışdır. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir («Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarın 3.2. bəndi). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibatiiqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPMin 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən plenum qərarında əksini tapan tərəfə yardım etmək vəzifəsinin geniş mənada birinci instansiya məhkəməsinin üzərinə vəzifə kimi qoyulması hazırki halda əsas verir ki, birinci instansiya məhkəməsinin yalnış cavabdehi əvəz etməsinin aradan qaldırılması apellyasiya icraatı zamanı deyil, iş üzrə yenidən birinci instansiya məhkəməsində işə baxılması zamanı mümkün olsun. Bundan başqa, məhkəmə tərəfindən iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları da diqqətlə araşdırılmalı, hazırki qərardadda göstərilən xüsusatlara əsasən İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya lazımi hüquqi yardım edilməli, hüquqi marağı müəyyən edilməklə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmalı, bundan sonra iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 2.3-cü bəndi). Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1 və 13-cü maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-83/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar