Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-276/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Tağızadə Pərviz Vaqif oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-337/2023 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Goranboy rayon X6nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi”ni xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1990-cı ilin yanvar ayının 13-də Goranboy rayonunun Ballıqaya kəndi erməni faşizmləri tərəfindən yandırıldıqdan sonra iddiaçıya dövlət tərəfindən indiki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində (keçmiş Şaumyan rayonunun Ballıqaya kənd) yerləşən fərdi yaşayış evi verdilər. İddiaçının atası X9 polis orqanında işləmişdir. Sonuncu 1993-cü ildə Qarabağ müharibəsi zamanı vətənimizin müdafiəsi zamanı gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına Şəhid olmuşdur. Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində iddiaçının atasına verilən ev yaşamaq üçün yararsız olduğundan uzun illər kirayələrdə yaşamışlar. Dövlətin Şəhid ailələrinə verdiyi imtiyazlardan yaralanaraq Şəhidin yeganə övladı kimi iddiaçıya Goranboy rayon Aşağı Ağcakəndində ümumi sahəsi 0.60 ha torpaq sahəsi verilmişdir. Uzun illərdiki həmin torpaq sahəsində yaşamaq üçün fərdi yaşayış evi tikdirmiş və həmin torpaq sahəsində yüzə yaxın meyvə ağacları əkmişdir. Cənab Prezidentimiz tərəfindən Şəhid ailəsinə verilən həmin torpaq sahəsi Goranboy rayon X2 19 iyun 2006-cı il tarixli 19 nömrəli qərarı ilə Goranboy rayon Balakürd kənd sakini X5 0.30 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Cənab Ali Baş Komandan tərəfindən Şəhidin adına verilmiş ümumi sahəsi 0.60 ha torpaq səhəsindən 0.30 ha torpaq sahəsi satan bələdiyyə sədri alqı-satqı ilə bağlı iddiaçıgilə heç bir məlumat verməmişdir. Goranboy rayon X6 torpaq sahəsini satarkən hərrac keçirilməsi haqqında bütün qaydaları pozmuşdur. Belə ki, hərracın keçirilməsi barədə yerli mətbuatda xəbər yayılmamışdır. Hərrac formal olaraq keçirilmişdir. Bu zaman iddiaçıgilin uzun illər həmin torpaq sahəsində istifadəsi nəzərə alınmamış və Şəhid ailəsinə verilən torpaq sahəsində qanunla müəyyən olunmuş hüquqları pozulmuşdur. İddiaçı hesab edir ki, uzun illər həmin torpaq sahəsində məskunlaşmaqla yanaşı böyük bağ saldığı üçün qanunla müəyyən olunmuş qaydada ilk növbədə bələdiyyə həmin torpaq sahəsini hərraca çıxarmalı və iddiaçıya təklif etməli idi. Baxmayaraq ki, həmin torpaq sahəsi Cənab Prezidentimiz tərəfindən Şəhid ailəsi olaraq ona verilmişdir. Ona görə hesab edir ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Ballıqaya kəndində yerləşən ümumi sahəsi 0.30 ha torpaq sahəsinə dair Goranboy Rayon X2 25 iyul 2006cı il tarixli, 78 nömrəli alqısatqı müqaviləsi əsasında maraqlı şəxsin X3 adına keçirilməsi tam qanunsuzdur və Şəhid ailəsinə təcavüz kimi dəyərləndirir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi alqı-satqı yolu ilə qanuna zidd formada X1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-337/2023 saylı qərardadı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Goranboy rayon X6nə qarşı “xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində qeyd etdiyi xüsusatlara uyğun əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə müdafiə edərək təmin edilməsinin xahiş etdi. Üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Kollegiya ilk növbədə hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə Goranboy rayon Balakürd kənd sakini X5 0.30 ha torpaq sahəsinin alqı-satqı yolu satılmasına dair Goranboy rayon X2 19 iyun 2006-cı il tarixli 19 nömrəli qərarını mübahisələndirmişdir. Göründüyü kimi hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, bu zaman, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürsün. Başqa sözlə, inzibati orqanın qəbul etdiyi inzibati aktla (mübahisələndirmə haqqında iddialarda) hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Lakin iddiaçı mübahisələndirdiyi bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış 0.30 ha həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu və ya ona verildiyini müəyyənləşdirməyə imkan verən hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçının özü də bildirdi ki, həmin topraq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Həmçinin iş materiallarından da göründüyü kimi xx.xx.2006-cı il tarixdə üçüncü şəxs X8 həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və daha sonra həmin çıxarış əsasında xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-337/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-276/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-276/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver